Bu gün Yel çərşənbəsidir

Bu gün Boz ayın üçüncü çərşənbəsi - Yel çərşənbəsidir. Yel çərşənbəsinə el arasında “küləkli çərşənbə”, “külək oyadan çərşənbə”, “yelli çərşənbə” də deyilir
Bu çərşənbə yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Əgər torpaq və su insan yaradılışının maddi əsasını təşkil edirsə, od və yel kənar vasitəçi statusunda çıxış edir.
Qədim etiqadlarda qeyd edilib ki, torpağın altında - “qara nəhrdə” yatmış dörd cür külək Yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda ağ yel - ağ, qara yel qara, xəzri - göy, gilavar - qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yel bu dörd oxşar elementlə birləşib dünyanı dolaşır, gəzib oyanmış suyu, odu hərəkətə gətirir. Tədqiqatlara görə, Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. İnanclara görə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edilir...
Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu yerinə yetirir. İnanclara görə, çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır. Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları sürtülüb təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Bu gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.
Ümumiyyətlə, çərşənbələrin dörd ünsürlə adlandırılmasının müasir dövrün ənənəsi olması, yəni, bu adların sonradan qoyulması barədə fikirlər də var. Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.
Yel çərşənbəniz mübarək!
228 dəfə oxundu