Deputatdan şikayətilə gündəmə gələn qaziyə torpaq və iş verildi

“Sabahdan Lənkəran Rayon Mədəniyyət Şöbəsində işləyəcəyəm. Lənkəran Rayon İH başçısı Taleh Qaraşov zəng edib bildirdi ki, məni işə götürürlər”. Bu sözləri Korrespondent.Az-a açıqlamasında 2014-cü ilin yayında Ermənistan Silahlı Qüvvələrinin Ağdam rayonuna hücumu zamanı ağır yaralanaraq 2 ayağını itirən qazi Sərxan Tahirzadə deyib.
Yada salaq ki, ötən gün Korrespondent.Az saytında Ankarada yaşayan azərbaycanlı jurnalist İlhamə Qasımlının MM-də Lənkəranı təmsil edən Rüfət Quliyevin qaziyə biganə münasibəti haqqında yazısı dərc olunub. Məqalə qısa müddətdə bir neçə media orqanında da dərc edilib. Qazi bildirir ki, medianın diqqətindən sonra bir neçə ay cavabsız qalan müraciətlərinə də cavab gəllib:”İcra hakimiyyətinə mənə torpaq sahəsi ayrılması üçün müraciət etmişdim. Düşünürdüm ki, orada özümə iş yeri açaram, həm ailmizi təmin edərəm, həm də iş yerim olar. Dəfələrlə maraqlansam da nəticə yox idi, deyirdilər ki, gözləyim, münasib yer olan kimi torpaq ayrılacaq. Məqalə dərc ediləndən bir neçə saat sonra Lənkəran İH-da zəng edib dedilər ki, şəhərin mərkəzi hissəsinə mənə 5 sot torpaq verilib. Artıq sənədləri mənə təqdim ediblər”.
Sərxan Tahirzadə 2014-cü ilin yayında Ağdama hücum zamanı ağır yaralanıb. TİKA-nın dəstəyi ilə Türkiyədə müalicə olunub.

316 dəfə oxundu