ABŞ Rusiyanı parçalayaraq dağıtmağa start verib - TƏHLİL

ABŞ Rusiyanı parçalayaraq dağıtmağa start verib -


Ukrayna savaşı - ABŞ-ın tələyə taxdığı pendir idi...

1997-ci ildə Zbiqnev Bjezinski ”Böyük şahmat taxtası: Amerika hegemonluğu və onun geostrateji imperativləri” ktabında qeyd edirdi ki, ABŞ geosiyasi gücün təzahürü olaraq XXI əsrdə bu gücün hesabına həyata keçirəcəyi strateji planları haqqında düşünür. Bjezinski əsas diqqəti ABŞ-ın geosiyasi strategiyasını Avrasiyaya münasibətdə cəmləşdirirdi. Bjezinski əmin idi ki, Avrasiya qitəsi üzərində hökmranlıq, faktiki olaraq dünyaya hökmranlıq etmək deməkdir və hesab edirdi ki, ABŞ-ın əsas vacib strateji hədəflərindən biri də öz təsirini Mərkəzi Asiya və postsovet məkanında (birinci növbədə bu ərazinin böyük sahəsini tutan Rusiyada) yaymaqdır. Bjezinski müasir anqlo-saks geosiyasətinin əsasını qoyan Makkinderin ardıcıllarından olmaqla, siyasətə dəniz sivilizasiyası (ABŞ və Böyük Britaniya) və quru sivilizasiyası (Hartlend nəzəriyyəsi) arasında olan qarşıdurma kimi baxışları ilə də məşhurdur.

2001-ci il 11 sentyabr teraktından sonra ABŞ-ın xarici siyasətinin istiqamətləri bir qədər dəyişdi. Bu barədə Bjezinski özünün “Seçim. Dünya ağalığı və qlobal liderlik” kitabında ətraflı yazır. Müasir politologiyanın tanınmış klassiki, “Böyük şahmat taxtası”nın müəllifi özünün yeni kitabında belə bir fikri inkişaf etdirərək ABŞ-ın yeganə supergüc olaraq bütün dünyanın sabitlik və təhlükəsizlik qarantı rolunu oynamağa qadir olduğunu iddia edir. Hər halda, bu başqa bir Bjezinski idi ki, 11 sentyabrdan sonra daha uzağa gedən nəticələrə gəlmişdi.

Onun diqqətini cəlb edən əsas məqam Amerika hegemonluğunun alternativləri: gücə əsaslanmış hökmranlıq və yaxud razılaşdırılan liderlik paradiqmaları idi. Və müəllif israrla liderliyi seçir, paradoksal olaraq hegemoniya və demokratiyanı birləşdirərək, onları dünyanı idarə etmək üçün iki əsas rıçaq sayır. Dünya arenasında bütün əsas oyunçuların imkanlarını analiz edən Bjezinski belə bir nəticəyə gəlir ki, ABŞ bu gün dünyanı xaosdan qoruya bilən yeganə qüdrətdir.

Hesab edirəm ki, dünyada gedən proseslərə Bjezinskinin fikirləri konteksindən yanaşsaq prosesləri daha aydın görə bilərik.

İlk baxışda dünyada baş verən geopolitik qarşıdurmaların səbəbini izah etmək asan görünə bilər. Reallıqda bunu etmək isə o qədər də asan deyil. Siyasi ekspertlərin bir çoxu bunun görünən tərəfini izah etməyə çalışır. Amma hadisələrin görünməyən tərəflərini aydınlaşdırmaq üçün bu sahədə daha informasiyalı olmaq çox vacibdir.

Son dövrdə Ukraynada Rusiya tərəfindən qızışdırılan konflikt, Ukrayna-Rusiya savaşı ilk baxışda təsadüf kimi (fors-major) görünə bilər. Amma bu böyük bir siyasi ssenarinin tərkib hissəsidir desək, yanılmarıq. Heç şübhəsisz ki, ssenarinin əsas müəllifi ABŞ və o cümlədən onun Avropadakı müttəfiqləridir. Yəni qısaca, Qərbdir.

Yaxın keçmişdəki SSRİ-nin dağılma prosesini yada salaq. Müxtəsər olsaq, o vaxt ABŞ başda olmaqla Qərb “SSRİ-nin dağılma planı”nı həyata keçirmək üçün bir neçə addım atdı. İqtisadi metodlar, milli münasibətlərin gərginləşməsi, sosial narazılıqlar və Əfqanıstan müharibəsinə SSRİ-nin cəlb olunması. Bunun üstündə uzun-uzadı dayanmaq istəmirəm. SSRİ-nin dağılması nəticəsində Rusiya və 14 respublika ayrılaraq, müstəqil oldu. Rusiya və Baltikyanı respublikalar istisna olmaqla, digər 11 respublika müstəmləkə tipli müstəqillik əldə etdi. Sürətlə Rusiyaya və digər respublikalara qərb investisiyaları yatırıldı. Ölkələr dirçəlməyə başladı.

Əslində ABŞ Rusiyanın da dağılmasını arzulayırdı. Amma nüvə ölkəsi olduğundan ABŞ ehtiyatlı davranmaqla yanaşı, Rusiyanın dağılması üçün əlavə ssenari işləyib hazırlamalı idi və yaxud artıq bu ssenari işlənmişdi. Sadəcə bunun üçün bir müddət, bir neçə onillik lazım gəlməli idi. İndi demək olar ki, Rusiyanın dağılmasına artıq start verilib, desək yanılmarıq. ABŞ və onun müttəfiqləri çox yaxşı anlayırdılar ki, gec-tez Rusiya dirçələn kimi öz ampluasına qayıdacaq. Necə deyərlər son illər dünya siyasətində Rusiyanın özünü necə apardığı göz qabağındadır. Rusiya özünü həm aqressiv və həm də təhlükəli oyunlar oynamaqla diskreditasiya edir. Putin Medvedyev rotasiyası, Gürcüstana hücum, Ukrayna hadisələri və illərdir ki, qonşuları-keçmiş SSRİ respublikalarını siyasi və iqtisadi təsir dairəsində saxlaması, Suriyaya müdaxilə, Türkiyə ilə münasibətlər və sair.

Başlayaq ondan ki, nədən Rusiyanın dağılmasını istəyən ABŞ və Qərb bu ölkəyə milyardlarla dollar investisiya yatırdı? Əlbəttə ki, bu yatırımlar Rusiyanı Qərbdən tamamilə iqtisadi asılılığa salmaq üçün idi. Gələcəkdə ABŞ, o cümlədən Avropa Rusiyanın özünü pis aparacağı təqdirdə iqtisadi təzyiq rıçaqlarından məharətlə istifadə edəcəkdi. Təəccüblü deyil ki, məhz ABŞ manipulyasiyası sayəsində Rusiya iqtisadiyyatı tamamilə neft və qazdan asılı vəziyyətə salındı. Məlum olan odur ki, sanki Rusiyanı indiyə qədər Putin və ondan əvvəlkilər yox, məhz ABŞ idarə edib, dolayısı ilə desək iqtisadi rıçaqlar vasitəsilə. Baxın, həqiqətənmi ABŞ Rusiyanın dağılmasını istəyir? Əlbəttə ABŞ Rusiyanın parçalanması və zəifləməsini məhz aşağıdakı amillərə görə istəyir. Əvvəla Rusiya atom silahına sahib olmaqla, dünya üçün təhlükə mənbəyidir. İkincisi Rusiya böyük əraziyə malik olmaqla bu ərazilərdən səmərəsiz, qeyri-rasional istifadə edərək, dünya əhalisi üçün lazım olan maddi nemətləri məhv edir, gələcəkdə Çin kimi dövlətin əhalisinin sayı dünya üçün problem yarada biləcəyi halda Rusiyanın boşalan və yaxud boş qalan məhsuldar əraziləri məhv olub getməklə tədricən aşınmaya məruz qalır. İstifadə olunmayan bəzi təbii sərvətlər korlanaraq məhv edilir. Gəlin müqayisələr etməklə analogiyalar gətirək. Təxminən Rusiyanın əhalisi Yaponiyanın əhalisi qədərdir, bir az çox. Ərazisi isə Yaponiyanın ərazisindən 45 dəfə böyükdür. Amma demək olar ki, heç bir təbii sərvəti olmayan Yaponiya 5,4 trilyon ABŞ dolları həcmində UDM istehsal edir. Bu Rusiyanın UDM-dən təxminən 4-5 dəfə çoxdur. Belə analogiyalar çox gətirmək olar. Hətta xırda Avropa dövlətlərinin büdcəsini Rusiyanın dövlət büdcəsi ilə müqayisə etsək görərik ki, Rusiya dünyanın ən böyük ərazisini zəbt etməklə bütün dünyanın payını səmərəsiz şəkildə istifadə edir və yaxud dağıdır. Buna baxmayaraq qeyd etmək yerinə düşər ki, Rusiya əhalisi rifah içində yaşamır. Digər tərəfdən Rusiya ətrafında olan keçmiş sovet respublikalarını özünün iqtisadi və siyasi təsir dairəsində saxlamaqla demokratik islahatların aparılmasına, iqtisadi inkişafına mane olur. Lokal xarakterli müharibələri provokasiya edir. Gürcüstan və Ukraynaya təcavüzünü, aqressiv davranışlarını nümunə kimi göstərmək olar. Vaxtaşırı Baltikyanı respublikalara qarşı qorxuducu bəyanatların verilməsi, siyasi qətllər, ölkədə qorxu siyasətinin yürüdülməsi bütün bunlara sübutdur. Yalnız hərbi qüdrətə malik olan Rusiya, iqtisadi və maliyyə imkanlarına malik deyil. Ronald Reyqan deyirdi: “SSRİ şər imperiyasıdır”, bu sözü SSRİ-nin varisi Rusiyaya da aid etmək olar.

Bu səbəbdən bir çox amillər var ki, ABŞ Rusiyanın zəifləməsi və parçalanması üçün çalışır. Rusiyanın Ukraynaya hücumu və Krımın işğalı ABŞ-ın planlarını həyata keçirmək üçün çox vacib başlanğıc idi. Bundan sonra baş verəcək bütün ssenari zəncirvari reaksiya kimi davam edəcək. ABŞ dünyaya sübut edəcək ki, Rusiya dünya üçün təhlükə mənbəyidir və hər an özünün qeyri-adekvat hərəkətləri ilə dünyaya ciddi təhlükə yarada bilər. Hətta Avropaya hücum edə bilər. Əvvəlcə Gürcüstan, sonra Ukrayna hadisələri (Krımın işğalı) ABŞ üçün dünyanı inandırmaqdan ötrü əlverişli məqam yaradırdı, yaratdı da. Kiyevdəki “Maydan” hadisələrindən başlayan proses asanlıqla müharibəyə çevrildi və Krımın işğalı ilə sonuclandı. Stereotiplərdə Rusiyanın SSRİ-ni yeni formatda (Avrasiya İttifaqı) bərpası Ukraynanın Rusiyadan ayrı düşməsi bu formatın mənəvi dayaqlarını sarsıtdı. Məhz Ukraynanın Rusiyadan uzaqlaşması üçün “müharibə və işğal”dan yaxşı bəhanə ola bilməzdi. Digər tərəfdən, baş verənlər Rusiyaya qarşı sanksiyalara qoşulmaq üçün Avropanın aparıcı dövlətlərini konsolidasiya etdi. Bu da ssenaridə nəzərdə tutulurdu. Qalır xırda məsələlər. Bütün nəfəs alına biləcək dəliklərin bağlanması. Sanksiyalara bu və ya digər səbəblərdən qoşula bilməyənlər üçün də ssenarilər cızıldı. Rusiya-Türkiyə iqtisadi münasibətlərini sarsıtmaq. Bu da məlum təyyarə olayı ilə çözüldü. Digər bir addım Rusiyanın qazından neftindən tam imtina üçün İran üzərindən sanksiyaların götürülməsi idi; bu da baş verdi. Digər bir müharibə ocağının - Suriyada Rusiya ordusunun münaqişəyə cəlb olunması, hərbi xərclər və ərəb dünyası ilə gərginləşmə, - buna da nail olundu...

Beləliklə, tamamilə küncə sıxışdırılan Rusiya üzünü məcbur olaraq Asiya istiqamətinə tutur. Burada isə nəhəng Çinlə Rusiya yaxınlaşması baş verir. Son zamanlar əl-qol açan Çin özünü sərbəst aparmaqla, ABŞ-ın təsiri altında olan Dünya Bankı (DB) və (Beynəlxalq Valyuta Fondu) BVF kimi maliyyə institutlarının alternativi kimi “Asiya infrastruktur investisiyaları bankı”nı (Asian Infrastructure Investment Bank, AIIB) yaratmaqla ABŞ-a meydan oxudu. Bu, Çinin DB və BVF maliyyə sistemlərində dominant rol oynayan ABŞ-a qarşı bir diplomatik triumfu idi.

Lakin ABŞ-ın apardığı dünya iqtisadi siyasətinin nəticəsi olaraq Çin valyutası olan yuanın devalvasiyası ABŞ-ın Çinə cavabı oldu. ABŞ sanki demək istədi ki, sizin münasibətlərinizi mən tənzimləyəcəm, mən “icazə verdiyim” qədər yaxınlaşacaqsınız. Hesab edirəm ki, ssenaridə Rusiyanın Çindən və Çin iqtisadiyyatından asılılığını yaratmaq planı da durur. Çinin Rusiyanın daxilinə demoqrafik inteqrasiyası (demoqrafik yolla Rusiya ərazilərinin işğalı və Rusiyanın kütləvi çinliləşdirilməsi) burada əsas məsələdir. Beləcə, ABŞ tərəfindən Rusiyanın parçalanması və dağılmasına dair yeni “soyuq müharibə” planına start verilib.

Uinston Çerçilin “dəmir pərdəsi” yenidən enir. Planlar sırasında NATO-nun şərqə doğru genişlənməsi də durur. Dağılma prosesinin finişinə nə qədər vaxt qalıb sualının cavabı isə sadədir. İqtisadi tənəzzüldən sonra yaranan sosial etirazlar, ölkənin maliyyə vəsaitlərinin tükənməsi, Kremldaxili savaşlar və sair səbəblər ola bilər. Gec-tez böyük, çox böyük imperiyalar da dağılır. Çünki nəhəng imperiyalar idarəolunmazdır....

Rusiya-Ukrayna münaqişəsi ABŞ üçün “soyuq müharibə”ni başlamaq üçün “kazus-belli” oldu ... tələdə pendir.


Əlibəy Zeynallı, xüsusi olaraq musavat.com üçün



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
470 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...