Azərbaycanda xarici mal qıtlığı yaranıb - “Sahibkarlar sıxışdırılır!”

“Bu gün Azərbaycanda sahibkar xaricdən məhsulu dollarla alır və manata çevirəndə isə bu heç bir halda sərf etmir. Buna görə də sahibkar təbii ki, məhsulun qiymətini əvvəlki aylarla müqayisədə indi artırmalıdır”.
Bu sözləri Modern. az saytına açıqlamasında maliyyə sahəsi üzrə ekspert Əkrəm Həsənov deyib.
O, bu gün ölkədə xaricdən gətirilən mal qıtlığının artıq çoxdan başladığını deyib:
“Artıq 1 ildən çoxdur ki, manatın devalvasiyalarından sonra ölkədə xaricdən gələn mal və əmtəələrin qıtlığı yaşanmaqdadır. Dövlət orqanları nədənsə sahibkarların məcbur olaraq atdığı bu addımı süni qiymət artımı kimi qiymətləndirir. Bu süni qiymət artımı deyil. Dövlət sahibkarlara süni qiymət artımı adı ilə təzyiq edir, bazar iqtisadiyyatına yersiz müdaxilə göstərir. Bunlar yolverilməzdir. Əgər belə davam etsə, sahibkarlar dollarla xaricdən mal alıb gətirməyəcək, nəticədə isə bu günkündən də arıq xarici mal qıtlığı yaranacaq.
Hesab edirəm ki, buna imkan vermək olmaz. Belə davam etsə, ölkə iqtisadiyyatına zərbə vurulacaq. Sahibkarlara qayğı göstərmək məsələsi sözdə yox, əməldə olmalıdır. Qiymət artımı təbii ki, bir problemdir. Bunun qarşısını sahibkarları sıxışdırmaqla almaq olmaz. Bunun üçün hökumət və Mərkəzi Bank daha optimal alətlərdən istifadə etməlidir. Öncə əhalinin gəlirlərinin artırılmasını təmin etmək lazımdır ki, onların alıcılıq qabiliyyəti yüksələ bilsin”.
Əkrəm Həsənov hesab edir ki, Azərbaycanda “üzən məzənnə” rejimi tətbiq edilməyib və yavaş-yavaş devalvasiya prosesi getməkdədir :
“Biz tez-tez deyirik ki, “2-ci devalvasiyadan sonra”... Azərbaycanda artıq bu gün 3-cü devalvasiya çoxdan baş verib. Mərkəzi Bank əslində “üzən məzənnə”yə keçid adı altında bu hər gün, hər ay növbəti devalvasiya dalğasını yumşaq, sakit formada həyata keçirir.
Yəni dekabrda dollar 1.56 manat idisə, indi isə artıq 1.63 manatdır. Bu, əslində “üzən məzənnə” deyil. Azərbaycanda “üzən məzənnə” yoxdur , bu sistem tətbiq olunmayıb. Sadəcə olaraq bu ad altında devalvasiya yavaş-yavaş baş verir. İlk 2 devalvasiya birdən oldu, amma indiki devalvasiyalar yavaş-yavaş gedir.
Sahibkarlarda Mərkəzi Banka əminlik qalmayıb. Ona görə də sahibkar dollarla xaricdən məhsul gətirməyə qorxur. Çünki bilir ki, yenə də dollarla məhsul gətirsə, dollar qalxacaq və gətirdiyi məhsulu da sata bilməyəcək, batacaq, əlində qalacaq. Bu gün hökumət tərəfindən qiymətlərə müdaxilə bazar iqtisadiyyatı üçün çox təhlükəlidir. Neftin qiymətindən asılı olmayaraq, yəni neft qalxıb-düşsə də, manat ucuzlaşmaqda davam edir. Bu, iqtisadiyyatda anlaşılmaz məsələdir.
Mərkəzi Bank istəyir ki, ölkədə həm devalvasiya və həm də inflyasiya olmasın. Bu isə mümkün deyil. Yəni devalvasiya, inflyasiya, qiymət artımı baş verməlidir. Məhsulların azalması sənayeni, kənd təsərrüfatını və iqtisadiyyatın digər qollarını sındıracaq”.
351 dəfə oxundu