Qəzaların sayı azalır, bəs cərimələr niyə çoxalır?
Qərbdə cərimələr xeyli yüksəkdir, amma polisin işləməsi üçün motivasiyaya ehtiyacı yoxdur
2015-ci ildə ölkənin avtomobil yollarında 2220 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, nəticədə 3159 nəfər zərər çəkib. Onlardan 2265-i xəsarət alıb, 894 nəfər həlak olub. 2014-cü illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 415 fakt (15,7 %), həlak olanlar 230 nəfər (20,5 %), yaralananların sayı 411 nəfər (15,4 %) azalıb. Bütün yol-nəqliyyat hadisələrinin 41,6 faizi nəqliyyat vasitələri və piyadaların iştirakı ilə, 22,5 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə, 35,9 faizi bir neçə nəqliyyatın iştirakı ilə baş verib. İl ərzində sərxoş sürücülər tərəfindən ölümlə və ya bədən xəsarətinin alınması ilə nəticələnən 55 hadisə olub, nəticədə 97 nəfər zərər çəkib. Yol-hərəkəti qaydaları əleyhinə 2,5 milyon və ya 2014-cü illə müqayisədə 7,5 faiz çox inzibati xəta aşkarlanıb. Xətaların 32,3 faizi yolda müəyyən edilən hərəkət sürətinin aşılması, 17,4 faizi dayanma, durma və ya parklanma qaydalarının pozulması, 8,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 6 faizi yol ayrıcını keçmə, 5,4 faizi piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması, 4,5 faizi yol nişanları və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, qalanı da digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 88,5 milyon manat məbləğində cərimə ödənilib.
"Bahalı" məcəllə və i-patrul sistemi eyni vaxtda işə düşdü
Nazirlər Kabinetinin 2013-cü ildə təsdiqlədiyi ""Yol hərəkəti haqqında" Qanunun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizinin Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə Qaydaları"na əsasən; yol patrul xidmətini həyata keçirən hər bir əməkdaşın aylıq vəzifə maaşına xidmət zamanı bilavasitə aşkarladığı yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara, habelə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə tərtib etdiyi protokollardan daxil olan cərimələrin məbləğinin 25 faizi miqdarında əlavə edilir. O hesabla keçən il tətbiq olunan cərimələrin 22 125 000 manatı həqiqətən yol-patrul xidməti əməkdaşlarına çatıbsa, gözəl motivasiyadır. Statistikada yol-nəqliyyat hadisələrinin əvvəlki illə müqayisədə 15,4% azalması, inzibati xətaların 7,5% artması subyektiv yanaşmanı istisna etmir. Axı cərimənin dörddə biri onu yazanın maaşına əlavə olunur. Birdə ki, sürücülərimiz ilbəil savadlanırlar, bunu yol iştirakçısı olaraq hiss edə bilirik. Amma nəyə görəsə cərimələr buna adekvat azalmır. Güman etmək olar ki, bu ildən yığım daha da artacaq. Artıq Dövlət Yol Polisinin istifadəsində olan avtomobillərə quraşdırılmış i-patrul sistemi tam işə düşüb. Sistem 100 metr məsafədəki avtomobilin dövlət nömrə nişanını qeydə ala bildiyindən həmin radiusdakı inzibati xətalara uyğun elektron protokol tərtib edir. Martın 1-də verilən xəbərlərdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov fins-az-ın müxbirinə deyib ki, bir gün ərzində i-patrul sistemi tərəfindən sürücülərə 800 inzibati protokol tərtib olunub.
Sistemin tətbiq olunduğu gündən qüvvəyə minən İnzibati Xətalar Məcəlləsinə edilən əlavə və dəyişikliklər də yol polisinin gəlirini artıracaq. Dəyişikliklər nəticəsində yol hərəkəti qaydalarının pozulmasına görə nəzərdə tutulan bir sıra cərimələr sərtləşdirilib. Qayda pozan sürücülər 15 000 manata qədər cərimələnə bilərlər. Nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsinə görə (qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olması zamanı) 400 manat və 500 bal və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Xətanın təkrar törədilməsinə görə 400-500 manat (idarəetmə hüququ iki il müddətinə məhdudlaşdırılır və ya on beş günədək inzibati həbs tətbiq olunur). Zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya ona maddi zərər vurulmasına görə cərimə 700 manatdır (idarəetmə hüququ iki il müddətinə məhdudlaşdırılır və ya on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur). Nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan və sərxoş şəxsə verilməsinə görə 200-4000 manat cərimə ödənir. Xətanın təkrar törədilməsinə görə cərimə 300-6000 manat arasında dəyişir. Zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya ona maddi zərər vurulmasına görə fiziki şəxs 1000, vəzifəli şəxs 2500, hüquqi şəxs 15000 manat, yaxud bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
Avropada qayda pozan vətəndaş gəlirinə adekvat ödəniş edir
Başqa ölkələrdə yol polisinin rüşvət almaması üçün onun işini stimullaşdıran 25 faizlik əlavə ödəmə yoxdur. Çünki onlarda polis rüşvət almır. Əvəzində yüz faizi də büdcəyə daxil olan sərt cərimələr tətbiq olunur. Britaniyada sürət həddini saatda 60 km.-dən çox aşmağa görə 1000- 2500 funt sterlinq cərimə tətbiq olunur. Bu ölkədə avtomobili sərxoş vəziyyətdə idarə etməyə (0,8 promillidən çox) görə 3000 funt sterlinq, parklama qaydasını pozanlara cərimə 40 funt sterlinqdən başlayır. Təhlükəsizlik kəmərini istifadə etməyənlərə cərimə 500 funt sterlinqə qədər, işıqforun qadağan olmuş siqnalında keçməyə görə 1800 funt sterlinqdir.
Almaniyada sürət həddini aşan sürücülərə 400-480 avro cərimə tətbiq olunur. Avtomobili sərxoş vəziyyətdə idarə edən (0,5 promillidən çox) 500 avro, xəta təkrarlandıqda və ya qanında alkoqolun həcmi 1,6 promillidən çox olan sürücülərə 3000 avroya qədər cərimə nəzərdə tutulur. Parklama qaydasını pozmağa 10-25 avro, təhlükəsizlik kəmərini istifadə etməmək 30 avro, işıqforun qadağan olmuş siqnalında keçənlərə 90-360 avro cərimədir.
Finlandiyada cərimələri əhalinin gəlirləri nəzərə alınaraq tətbiq edirlər. Sürət həddinin saatda 60 km.-dən çox aşılmasına görə sürücülər minimum 115 avro cərimə olunurlar. Məbləğ qaydanı pozanın aylıq gəlirinə uyğun dəyişə bilər. Təcrübədə bu qayda pozuntusuna görə 170 min avro cərimə də olub. Bir sıra Avropa ölkələri - İtaliya, Norveç, İsveç, Avstriya, Kipr, İslandiya, Danimarka kimi burada da minimum əməkhaqqı anlayışı yoxdur, insanlar işlə təmin olunub və ya normal müavinət alır, hökumət bilir ki, adam qaydanı pozubsa 115 avronu da ödəmək gücündədir. Sərxoş halda avtomobil idarə etməyə görə cərimə qəbul olunan alkoqolun dərəcəsinə uyğun (0,5 promillidən artıq, 1,2 promillidən az) 90 avrodan başlayır. Qanda spirtin həcmi 1,2 promillidən çoxdursa, cərimə məbləği 360 avrodan start götürür və yuxarı həd yenə aylıq gəlirdən asılıdır. Bu qayda pozuntusuna görə 1-3 aylıq sürücülük hüququ və ya azadlıqdan məhrumetmə cəzası da istisna deyil. Parklama qaydasının pozulması 10-40 avro, təhlükəsizlik kəməri istifadə etməmək 35 avro, işıqforun qadağan olunmuş siqnalında keçid 64 avrodan başlayan cərimə nəzərdə tutur. Yuxarı həd yenə qaydanı pozanın əməkhaqqı miqdarına görə dəyişir.
Sərxoş sürücü 2,5 milyon dollar cərimələndi
Fransada sürət həddini aşmağa 1500 avro, sərxoş vəziyyətdə sükan arxasına oturmağa görə 135 avro (alkoqolun həcmi 0,5 promillidən yuxarı, 0,8 promillidən aşağı), 0,8 promillidən yuxarı 4 500 avro və sürücülük hüququndan 3 ilədək məhrumetmə cəzası gözləyir. Parklama qaydasının pozulması 10 avro, təhlükəsizlik kəmərini istifadə etməmək 135 avro, qırmızı işıqda keçid 90 avro cərimə nəzərdə tutur.
İtaliyada da yol-hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələr yüksəkdir. Sürət həddinin saatda 60 km.-dən çox aşılması 779-3119 avro, sərxoş vəziyyətdə idarəetmə (0,5 promillidən yuxarı) 500-2000 avro, alkoqolun səviyyəsi 0,8 promillini aşdığı halda 800-3200 avro, 1,5 promillidən yuxarı olduqda 1500-6000 avro cərimə tətbiq olunur və 1-2 il müddətinə sürücülük hüququndan məhrum edilir. Parklama qaydasını pozduqda sürücü 19-75 avro cərimə ödəyir, təhlükəsizlik kəmərindən istifadə etməməyə görə 75-300 avro, işıqforun qadağan olunmuş siqnalında keçid üçün 150-599 avro cərimə nəzərdə tutulur.
Yol-hərəkəti üzrə qayda pozuntusuna görə Yaponiya da sərt cəzalar tətbiq edir. Misal üçün, sürət həddini aşan sürücü 800 dollar cərimə ödəməlidir. Sərxoş vəziyyətdə idarəetməyə görə qanında 0,5 promillidən çox spirt aşkarlanan sürücüyə 8700 dollar cərimə kəsilir. Amma Yaponiyada təkcə sərxoş sürücü cəzalandırılmır, içkili adamın maşınında gedən sərnişinlərə də cərimə var. Təcrübədə sərxoş vəziyyətdə idarəetmə zamanı ölümlə nəticələnən hadisədə sürücüyə ən yüksək - 2,5 milyon dollar cərimə tətbiq olunub. Bu ölkədə sıxlığa görə parklama qaydaları da sərtdir, avtomobil üçün təyin olunmayan yerdə maşınını saxlayan 835 dollarından keçməyi gözə almalıdır. Təhlükəsizlik kəmərindən istifadə etməməyə görə cərimə ondan təxminən iki dəfə azdır - 450 dollar. Görünür, yaponlar üçün sürücünün təhlükəsizliyi çevrədəkilərə narahatlıq yaratmağından daha az əhəmiyyətlidir. İşıqforun qadağan olunmuş siqnalında keçid 417 dollar cərimə nəzərdə tutur.
Başqasını öldürən sürücüyə ölüm cəzası
Çində əsasən bal sistemi tətbiq olunur. Sürət həddinin aşılmasına görə cərimə 2 000 yuana qədər (1 yuan 0.2509 AZN), sərxoş vəziyyətdə idarəetməyə görə (0,5 promillidən çox) 500-2000 yuan, 15 sutka azadlıqdan, 3-6 ay da sürücülük hüququndan məhrumetmə cəzası tətbiq olunur. Çin praktikasında yol qaydasını pozmağa görə ölüm hökmü də var. Yaponiyada olduğu kimi sərxoş halda sükana oturan adamın törətdiyi qəza ölümə səbəb olduğundan ona maksimal cəza - ölüm hökmü verilib. Yaxşı motivasiya spirtli içki qəbul etdikdən sonra taksi çağırmaqdır, avtomobilin sükanı arxasına oturmaq yox. Parklama qaydasının pozuntusuna görə cərimə burada 100 yuandan başlayır. Təhlükəsizlik kəməri istifadə etməmək sürücüyə 50 yuana başa gəlir. Qırmızı işıqda keçənlərə 200 yuan və 6 cərimə balı tətbiq olunur.
Amerikada yaşayış səviyyəsi yüksək olsa da, cərimə məbləği o qədər də çox deyil. Maksimum cərimə burada 1000 dollar təşkil edir. Bu da sərxoş vəziyyətdə idarəetməyə görə tətbiq olunan cərimədir. Məbləğ, məhkəmə xərcləri nəzərə alınmazsa, 3 dəfə də artıq bilər və sürücülük hüququndan məhrumetmə də tətbiq edilər. İçkili vəziyyətdə sükan arxasına oturmaq (0,8 promillidən yuxarı) amerikalıya 390-1000 dollara başa gəlir. Sürət həddini keçməyə görə cərimə 500 dollardan başlayır, parklama qaydası pozulduqda cərimə minimum 35 dollardan hesablanır, təhlükəsizlik kəməri taxmamaq 50 dollar, işıqforun qadağan olunmuş siqnalında keçməyə görə cərimə yenə bu qədərdir.
Kanadada sürət həddini saatda 60 km.-dən çox aşmağa görə 10000 dollara qədər cərimə var. Ayıq vəziyyətdə olmadan (0,8 promillidən çox) avtomobil idarə edənlər 600 dollardan başlayan məbləğlə cərimə ödəyirlər. Parklama qaydasını pozmaq 100 dollar, təhlükəsizlik kəmərindən istifadə etməmək 1000 dollara qədər, qırmızı işıqda keçmək 144 dollar cərimə məsuliyyəti yaradır. Qərbdə, cərimələr vətəndaşın gəlirinə uyğun nəzərdə tutulur və həqiqətən də insanların təhlükəsizliyinə, qəzaların lokallaşdırılmasına hesablanır, dövlətin və bu işi həyata keçirənlərin qazanc götürməsinə yox.
443 dəfə oxundu