Akif Çovdarovun məşhur obyektini dağıtdılar

Akif Çovdarovun məşhur obyektini dağıtdılar


Jurnalist Aqil Xəlilin qanı üzərində tikilən 4 mərtəbəli binanı Bakı Şəhər İcra Hakimiyyəti sökür
Ləğv olunmuş MTN-in sabiq idarə rəisi, həbsdə olan general Akif Çovdarovun Bakdakı məşhur obyekti buldozerlə dağıdılıb. İş prosesinin gedişində yaxınlıqdan keçən yolu da bağlayıblar. Akif Çovdarov həmin obyektin tikintisinə 2011-ci ildə başlayıb.

İnşaatçılar obyektin tikintisini bu il - 2016-cı ilin yayında yekunlaşdırmalı idilər. İşin bu tərəfi də var ki, Zərifə Əliyeva adına göz klinikasınının arxasındakı “Zeytun bağı”nda yerləşən 4 mərtəbəli obyektin tikintisi sona çatmaq üzrə olduğu bir vaxtda qanunsuz tikili elan olunub və sökülür. Sökənlər Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələridir. Ağır texnika 5 ildir tikilən obyektin beton-dəmir konstruksiyalarını dağıtmağa çətinlik çəkib. Obyekti çox keyfiyyətli materiallardan tikiblər.

Ərazidəki lövhədən məlum olur ki, Akif Çovdarov orada idman-sağlamlıq kompleksi inşa etdirirmiş. Ötən 5 il ərzində Akif Çovdarovun qorxusundan obyektə rəsmilərdən kimsə yaxınlaşmağa cürət etməyib. Söküntü-dağıntı ilə əlaqədar əraziyə gələn məmurlar mətbuat nümayəndələrindən Akif Çovdarov vəzifədə olanda ora gəlib ağacların kəsilməsini dayandırmaqdan çəkindiklərini gizlətməyiblər. Məmurların çəkinmək üçün real əsasları olub. Axı Akif Çovdarovun jurnalistlərə qarşı özbaşınalıqlarından məmurlar da xəbərdar olublar. Düşünüblər ki, yaxınlaşıb ağacların kəsilməsi ilə maraqlansalar, özlərinin “nəfəsini kəsərlər”...

Bu həmin məşhur ərazidir ki, Akif Çovdarov 2008-ci ildə orada jurnalisti boğub öldürmək istəmişdi. Aqil Xəlil onun əlindən sivişib çıxmasaydı, bu gün jurnalistin o dünyada olması ehtimalı da böyük idi. Bu gün biz Aqil Xəlilin xəbərini Fransadan almazdıq...

Məsələ belə olmuşdu ki, jurnalist Aqil Xəlil ərazidə zeytun ağaclarının kəsilməsi haqda xəbər aldıqdan sonra oradan reportaj hazırlamağa getmişdi. Jurnalist peşə borcu yerinə yetirərkən özünü ərazinin ağası hesab edən bir zat jurnalistin kimliyi ilə maraqlanmış, əlindən fotoaparatını almağa cəhd etmişdi. Aqil Xəlilin barmağını burub sındıran, fotoaparatın ipi ilə onu boğmağa cəhd edən şəxsin kimliyi çox keçmədən bəlli oldu. Mətbuatda jurnalisti öldürmək istəyən şəxsin fotoları yayılandan sonra aydın oldu ki, bu Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Akif Çovdarovdur. Mətbuat nümayəndələri bu zatın adını 2005-ci ildə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən sonra eşitmişdi. Onun qətlin təşkilatçılığında iştirakı haqda məlumatlar vardı. Akif Çovdarov hazırda Bakı İstintaq Təcridxanasındadır. Çeşidli cinayətləri törətməkdə ittiham olunur. Sahibkarlara qan uddurmaqda, onlardan xərac almaqda ad çıxarıb. Bu gün sökülən həmin 4 mərtəbəli obyektdə A.Çovdarovun şəxsi vəsaiti nə qədər olub, bunu özü bilir. Amma şübhə də yoxdur ki, həmin obyekt var olmasında Akif Çovdarovun idarəsindən keçən yüzlərlə sahibkarlın cibinin pulu hesabına ucaldılırdı. Bu gün tar-mar olunan həmin obyektin altında qalan təkcə ərazidə kəsilən yüzlərlə zeytun ağacı deyil. Jurnalist Aqil Xəlilin tökülən qanı üzərində həmin obyektin özülü qoyulmuşdu...

Bu gün 4 mərtəbəli obyektin dağdılmasında ilahi ədalət axtaranlar da var, “sökmək lazım deyildi” deyənlər də. İndi kimin haqlı olmasının elə də ciddi əhəmiyyəti yoxdur... (musavat.com)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
457 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...