Peşə məktəbində qarşıdurma... - DİREKTORU DÖYDÜLƏR

Peşə məktəbində qarşıdurma... -


Gəncədə məktəb direktoru ilə müavininin pul üstündə əlbəyaxa davaya çıxdığı bldirilir

“Hürriyyət”in ötən sayında “Gəncədə Əliyevlərin özəl qaydaları problemlər yaradır. Ata-oğul direktorlar şəhərin peşə təhsilinə qənim kəsilib” başlıqlı məqalədə şəhərin peşə təhsilində baş verən özbaşınalıqlar barədə geniş bəhs etmişdik. Xatırladaq ki, yazıda Gəncənin 2 saylı Peşə Məktəbinin direktoru Atin Alı oğlu Əliyevin qanunsuz fəaliyyətindən bəhs olunmaqla, məktəbdə direktor müavini ilə şillə-təpik davasına çıxdığı bəhs olunurdu. Və bu hadisə ilə bağlı əlavə məlumat verəcəyimizi qeyd etmişdik.

Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Atin Əliyev heç bir təcrübəyə malik olmadan atasının dəstəyi ilə bir neçə il öncə 2 saylı peşə məktəbinə direktor təyin olunub. Bundan sonra məktəbdə “özəl qaydaları”nın tətbiqinə başlayan Atin Əliyev, çox keçmədən yeni müavini ilə toqquşmalı olur.
Belə ki, A.Əliyev direktor təyin olunandan sonra rəhbəri olduğu məktəbə Təhsil Nazirliyi tərəfindən yeni müavin təyin olunur. Şəhərin 1 saylı peşə liseyinin direktoru vəzifəsindən kənarlaşdırılan Vaqif Göyüşovun 2 saylı peşə məktəbinə tədris işləri üzrə direktor müavini təyin olunması Əliyevin planlarını alt-üst edir. Xatırladaq ki, Vaqif Göyüşov 1 saylı peşə liseyində direktor işlədiyi müddətdə kollektivdə ciddi narazılıq formalaşdırmış və bu şəxsin qanunsuz əməlləri barədə “Hürriyyət” qəzetində geniş bəhs olunmuşdu. Məhz həmin məqalələrdən sonra vəzifəsindən kənarlaşdırılan Vaqif Göyüşov çox keçmədi ki, o vaxt Təhsil naziri olan Misir Mərdanovun qardaşı İlham Mərdanov tərəfindən dəstəklənərək şəhərin 2 saylı peşə məktəbinə direktor müavini təyin olundu.

Bu təyinatdan sonra şəhərdə məktəbin direktoru ilə tez-tez yaranan mübahisələr haqda məlumtlar yayılmaqda idi. Və bir müddət öncə məktəbin direktoru Atin Əliyevlə, müavini Vaqif Göyüşov arasında mübahisə böyüyür. Sözlə istəklərini bir-birinə çatdıra bilməyən rəhbər işçilər şillə-təpik davasına çıxıblar. Beş dəqiqəyə yaxın davam edən davada hər iki şəxs ciddi xəsarət alır. Məktəb müəllimlərinin bildirdiyinə görə, direktor Atin Əliyev daha ciddi xəsarətlər alıb. Müəllimlərin müdaxiləsindən sonra aralanan iki şəxsin hansı səbəbə görə bu vəziyyətə çatan mübahisələrinə aydınlıq gətirə bildik.

Ötən sayımızda qeyd etdiyimiz kimi, Gəncənin 2 saylı peşə məktəbində direktor şagirdlərin təqaüd kartlarını əlindən alaraq onları dərslərdən azad edir. Bu mənada 100-ə yaxın kartı cibində gəzdirən direktor Atin Əliyev hər ay, hər bir şagirdə görə 30 manatdan artıq təqaüd alır. Bu da təbii ki, ayda 5-10 min manat deməkdir ki, bu fakt vaxtilə direktor işləyən Vaqif Göyüşov üçün də sirr deyil.

Bu prosesləri yaxşı bilən Vaqif Göyüşov direktordan ona da 10 nəfər şagirdin təqaüd kartının verilməsini tələb edir. Lakin Atin Əliyev direktor müavininə 3 kart verə biləcəyini ifadə etdikdə əsəblər dözmür və nəticədə təhsil ocağında yumruq davası başlayır. Bu mübahisənin bu cür vəziyyətə çatması, Atin Əliyevin atası şəhərin 3 saylı Peşə Liseyinin direktoru Alı Əliyevin müdaxiləsinə səbəb olur. Alı müəllimin ağsaqqallığı ilə tərəflər arasında nisbi sakitlik yaradılır və “müqavilə” bağlanır. “Müqavilə”yə əsasən, Atin Əliyev şagirdlərdən zorla, “min əziyyətlə” yığdığı kartlardan 8 ədədini direktor müavini Vaqif Göyüşova verməli olur. Bundan sonra sakitləşən direktor müavini öz işinin başına qayıdır.

Hazırda 2 saylı Peşə məktəbində bir neçə nəfər var ki, onların adı işçi cədvəlində qeyd olunur. Lakin həmin şəxsləri məktəbin müəllimləri ildə bir dəfə olsun belə görmürlər. Direktorun yaxınları sayılan bu “ölü canların” da əmək haqqısı Atin Əliyev tərəfindən mənimsənilir. Bundan başqa direktor tez-tez müəllim və ustalardan müxtəlif adlarla pul yığır ki, bu da narazılığa səbəb olmaqdadır. Direktorun qanunsuz əməlləri ilə bağlı yaranmış narazılıqlara isə Təhsil Nazirliyi hələ ki, göz yumur.
2 saylı peşə məktəbində dərs saatlarında şagirdlərin dərslərdə iştirak etməməsi adi hala çevrilib. Təqaüd kartları direktor tərəfindən alınan şagirdlər imtahanlarda da direktora “hörmət” etməklə diplom sahibi ola bilirlər.

Gəncənin 2 saylı peşə məktəbinə qəbul olunmaq istəyənlər isə 300 manat rüşvət verməklə istəklərinə nail olurlar. Qəribə də olsa bütün bu baş verənlər Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin Qərb nümayəndəliyinin gözü qarşısında baş verir. Lakin Atin Əliyevin də öz dediyi kimi “hörmət” etdiyi yerlər az deyil.
Apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, direktor Atin Əliyev özünə də qanunsuz olaraq dərs saatları yazıb. Amma həmin dərs saatlarında ümumiyyətlə iştirak etməyən direktor, çəkmədiyi əməyə görə dövlətdən maaş alır. Hətta məktəbdə “direktorun qənimi” adlandırılan müavini Vaqif Göyüşov da eyni qayda ilə mükafatlandırılıb.

Gəncənin 2 saylı peşə məktəbində baş verən qanun pozuntuları təkcə bunlarla yekunlaşmır. Məktəbin şagirdlərindən bəzilərinin ölkədən kənarda olduğu halda redaksiyamıza məlumatlar daxil olub. Həmin məlumatlarda qeyd olunur ki, adı dərslərdə gedən şagirdlərin ölkədən kənarda olmasına göz yuman direktor bu əməli ilə qanunlardan qorxmadığını göstərməkdədir. Nəzərə alsaq ki, şagirdlərə hər gün dərs jurnallarında qiymətlər yazılır və ya dərslərdə iştirak etdikləri qeyd olunur, onda Atin Əliyevin hansı qanunsuzluqla fəaliyyətini qurduğuna tam aydınlıq gəlir.

Hazırda adı məktəbin dərs jurnallarında gedən və hər gün dərslərdə iştirak etdiyi qed olunan şagirdlərin kimliyi məlum olsa da harda olduqlarını araşdırırıq. Həmin şagirdlərin yerinə hər ay təqaüd alan direktor Atin Əliyevin məsələyə münasibətini öyrənməyə çalışdıq.
Peşə məktəbinin direktoru bizə qəzet oxumadığını bildirərək yazılanlara münasibət bildirməyəcəyini söylədi. Atin Əliyev “yazılanlar məni maraqlandırmır” – deməklə sorğumuzu cavabsız qoydu.

Umid edirik ki, aidiyyatı qurumlar yazıda qeyd olunan faktlara biganə qalmayacaq və cəmiyyət üçün önəm daşıyan peşə təhsili sahəsində baş verən özbaşınalıqlara hüquqi qiymət verəcəklər.

Mövzuya qayıdacağıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
528 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...