200-dən çox azərbaycanlı kriminal həbs olunub - Rusiyada
Rusiyanın Sverdlovsk vilayətinin xüsusi təyinatlı polis qüvvələri Yekatrinburq şəhərindəki restoranlardan birində keçirilən “kriminal sxodka”ya basqın edərək bütün iştirakçıları saxlayıb.
Ağayarın “yubiley”inə basqın
Virtualaz.org xəbər verir ki, “sxodka”nı Ağayar adlı azərbaycanlı kriminal avtoritet təşkil edibmiş. Lakin toplantının iştirakçıları restorana sadəcə olaraq “ad günü keçirməyə” yığışdıqlarını deyirlər.
Hüquq-mühafizə orqanlarındakı mənbə də “sxodka”nın ad günü ad altında keçirldiyini təsdiq edib. “Ağayar öz yubileyini qeyd etmək adı altında həmyerlilərini Yekatrinburqa dəvət edib. Orada o, özünü azərbaycanlı diasporunun “smotryaşisi” elan etməyə hazırlaşırdı. Dəvəti Pervouralskdan Əli, Xantı-Mansiyskdən Cavanşir, Kamışlovadan Vaqif qəbul ediblər. Habelə Permdən avtoritetlər gəliblər. Məqsədləri “obşak” formalaşdırmaq olub”-mənbə URA.ru-ya bildirib.
Restorana basqın OMON-çuların, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının və polisin iştirakı ilə keçirilib. Saxlanılanların hamısını Sverdlovsk vilayəti üzrə mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə aparıblar. Saxlanılarkən azərbaycanlılardan silah, narkotik maddə aşkar edilib. Hazırda araşdırma gedir, saxlanılanların barmaq izləri götürülür.
Şahidlərin bildirdiyinə görə, restoranda yığışanlar qayda-qanun pozmurdular və dinc şəkildə yeyi-içirdilər. “Birdən polis gəldi, heç nə izah etmədən hamını “PAZ-iklərə” doldurub apardı”-Aleksey adlı şahid deyib.
Hadisə yerinə Azərbaycanın Yekatrinburqdakı konsulu da gedib. Lakin o, açıqlama verməyib və daha sonra rəsmi şərh verəcəklərini deyib.
Virtualaz.org dəqiqləşdirib ki, “sxodka”nı keçirən Ağayar adlı şəxs özünü Yekatrinburq üzrə “smotryaşiy” elan edən Ağayar Ağayevdir. O, əslən Azərbaycanın cənub bölgəsindəndir. Sosial şəbəkələrdə Ağayar özünü çox yaxında “vor zakon” titulu almağa namizəd və “smotryaşiy” kimi təqdim edir. “Bütün talışları birləşməyə, hakimiyyəti götürməyə (görünür kriminal aləmdə hakimiyyəti ələ almaqdan söhbət gedir)” çağırır. Həmçinin bəlli olur ki, Ağayar “Taro” ləqəbli Tariel Onianinin qruplaşmasına daxildir.
Azərbaycanın Yekatrinburqdakı baş konsulu Sultan Qasımov xüsusi əməliyyat nəticəsində 200-ə yaxın azərbaycanlı kriminal elementin saxlanılmasına münasibət bildirib.
Virtualaz.org xəbər verir ki, diplomat hadisə yerinə baş çəksə də məsələni şərh etmək istəməyib: “Onlar azərbaycanlılardır, ancaq Rusiya vətəndaşlarıdır. Ona görə də diplomatik nümayəndəliyin deyə biləcəyi nəsə yoxdur. Hər şey Rusiya qanunlarına görə olmalıdır”.
URA.ru xəbər verir ki, saxlanılanların arasında Yekatrinburqdakı 4 nömrəli meyvə-tərəvəz bazasının “briqadirlərindən” Zaur Həsənov da var. O, topdansatış bazasının satıcılarından LDPR-in Sverdlovsk vilayəti üzrə koordinatoru İvan Obuxov üçün pul toplaması ilə tanınırdı.
492 dəfə oxundu