Polad Bülbüloğlu talış separatçılarının tədbirində - FOTOLAR
Polad Bülbüloğlunun talış separatçılarıyla şəkil çəkdirdiyi, səfirlikdəki restorana ermənilər buraxılsa da, azərbaycanlılara qadağan edildiyi deyilir
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə bağlı yeni ittiham irəli sürülüb. Daha doğrusu, səfirimizin Moskvada talış separatçıları ilə şəkil çəkdirdiyi iddia edilir.
Bu barədə JAM.AZ-a yazan Hüseyn Hüseynov adlı şəxs bildirir ki, Novruz Bayramı ilə əlaqədar Mokvada keçirilən şənlik çərçivəsində bu ölkədə yaşayan talış xalqının bir qrup nümayəndəsi öz sərgi paviliyonlarını təşkil ediblər. Onun sözlərinə görə, Azərbaycan paviliyonunun fəaliyyət göstərməsinə baxmayaraq, bu ölkədə fəaliyyət göstərən Talış Mədəni-Muxtariyyəti ayrıca sərgilərini təşkil etməklə yanaşı, həm də «TMR»in bayrağını və simvollarını da nümayiş etdiriblər.
Hüseyn Hüseynov JAM.AZ-a göndərdiyi məktubunda vurğulayır ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu buna nəinki reaksiya verməyib, hətta tədbirə gələn təşkilatçıları salamlamaqla yanaşı, onlarla şəkil də çəkdirib. «Bu fotolar yayıldıqdan sonra sosial şəbəkələrdə bəzi talışlar Azərbaycan səfirinin onları ayrıca dövlət olaraq tanıdığı iddiasını irəli sürüb, şüarlar yazıblar».
Amma ittihamlar bununla bitmir. Hüseyn Hüseynov yazır ki, Azərbaycanırn Rusiyadakı səfirliyi önündə ölkəyə qayıtmaq üçün sənəd almaq istəyən onlarla həmvətənimiz günlərlə növbələrdə dayanmaq məcburiyyətində qalırlar. «Dövlət rüsumundan əlavə rüşvət verə bilməyən vətəndaşlar isə körpə uşaqları ilə birgə Moskva vağzallarında gecələyirlər. Bununla vətəndaşlarımıza verilən əziyyət qurtarmır. Səfirliyin önündə yerləşən Nizami Gəncəvi adına park artıq həmvətənlərimiz tərəfindən ictimai tualetə çevrilib. Çünki azərbaycanlılar üçün tualetlər nəzərdə tutulmayıb. Səfirliyin Qonaq Evində yerlələn tualetlər isə orada qanunsuz fəaliyyət göstərən restoran müştəriləri üçün nəzərdə tutulub».
Mənbə iddia edir ki, həmin restoranda hər millətə, hətta ermənilərə də rast gəlmək olar. Bircə, Azərbaycanlılara o restorana daxil olmaq yasaq edilib. «Yeri gəlmişkən, ermənilərin Moskvada Azərbaycana qarşı apardıqları çirkin təbliğatına səfirlik heç bir reaksiya vermir. Moskva Dövlət Tarix Muzeyində ermənilər hal hazırda keçirdikləri sərgidə Azərbaycanın işğal olunmuş ərazilərindən gətirilmiş eksponatlar «erməni irsi» adı ilə nümayiş olunur. Lakin səfirlik buna heç bir raksiya vermir».
Hüseyn Hüseynov sonda qeyd edir ki, Polad Bülbüloğlunun Azərbaycan xalqı qarşısında bir çox mədəni xidmətləri olub və bunu danmaq mümkün deyil. Lakin o, JAM.AZ-a bildirib ki, səfir olaraq Bülbüloğlu işinin öhdəsindən gələ bilmir. «Səfirin Azərbaycanın və xalqımızın maraqlarına və mövqelərinə göstərdiyi biganəlik, məsuliyyətsizlik yolverilməzdir və dərin təəssüf hissi yaradır».
Qarşı tərəfi də dinləməyə hazırıq.
446 dəfə oxundu