Bakıda onminlərlə tələbə cəbhədəki hadisələrə görə ayağa qalxdı - Fotolar - Video

Hazırda Bakı Dövlət Universitetinin qarşısında Qarabağda döyüşlərdə iştirak edən hərbçilərə dəstək aksiyası keçirilib. BDU-nun mətbuat xidmətindən GUNDEMİNFO.AZ-a verilən məlumata görə,aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatınəticəsində həlak olmuş hərbiçilərimizin və mülki şəxslərin ruhunu yad etmək və ordumuza dəstək məqsədi ilə tədbir keçirilib. Universitet qarşısında toplaşan 6 minə yaxın tələbə qarşısında BDU-nun rektoru Abel Məhərrəmovçıxış edərək şəhidlərimizin doğmalarına səbr diləyib.
Rektor bildirib ki, Ermənistan hərbi qüvvələri artıq bir neçə gündür Azərbaycan kəndlərini, yaşayış məntəqələrini böyük miqyaslı silahlar – top və pulemyotlardan atəşə tutur, hərbi mövqelərimizə ardıcıl zərbələr endirir: “Azərbaycan Ordusu vətəndaşların təhlükəsizliyini və öz mövqelərini qorumaq üçün Ermənistan silahlı qüvvələrinə lazımi cavabı verib. ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının və digər beynəlxalq təşkilatların atəşkəsin yenidən təmin edilməsi çağırışlarına cavab olaraq Azərbaycan hücumları birtərəfli qaydada dayandırıb.
Lakin Ermənistan atəşkəs çağırışlarına məhəl qoymur və ağır silahlarla Azərbaycanın mövqelərinə atəş açmağa davam edir. Rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır. Azərbaycan münaqişənin həlli ilə bağlı məsələnin reallaşdırılması üçün üzərinə düşənləri yerinə yetirsə də, növbəti təxribat törədilib və qarşısı qətiyyətlə alınıb”.
Abel Məhərrəmov sözlərinə əlavə edib ki, Prezident İlham Əliyevin dediyi kimi, bizə qarşı yenə təxribat törədilərsə onlar yenə də öz cəzalarını alacaqlar.
BDU-nun kafedra müdiri, akademik Vasim Məmmədəliyev şəhidliyin ən uca zirvə olduğunu, onların əziz xatirəsinin hər zaman qəlbimizdə yaşayacağını bildirib.
Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasını əks etdirən film-rolikin nümayişindən sonra tələbələr prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiklərini, vətənimizi yad tapdağından azad etməyə hər an hazır olduqlarını bildirib, Azərbaycan əsgərinə müraciət qəbul ediblər.
Əsgərlərimizin böyük bir məsuliyyət üzərinə götürdüyünü bildirən tələbələr Ali Baş Komandan əmr verərsə hər birinin ön cəbhəyə gedib doğma torpaqlarımızı azad edənədək vuruşmaq əzmində olduqlarını ifadə ediblər. Tədbir iştirakçıların Azərbaycan himnini səsləndirməsi və “Qarabağ bizimdir, bizim olacaq” şüarları ilə başa çatıb.
516 dəfə oxundu