“Döyüşə getməyə hazıram” - Siyavuş Novruzov

“Azərbaycan xalqını və ordumuzu qələbə münasibətilə təbrik edirəm. Ali baş komandanın rəhbərliyi altında atılan addımlar sübut etdi ki, bütün Azərbaycan xalqı bu məsələdə prezident və ordu ətrafında birləşərək öz mövqeyini ortaya qoyur”. AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.
O, bildirib ki, artıq səfərbərlik idarələrində könüllü şəkildə cəbhəyə döyüşə getmək üçün növbələr düzülüb: “Yaşından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Silahlı Qüvvələrimizin sırasında döyüşməyə hazır olduğunu bəyan etdi. Artıq beynəlxalq təşkilatlar başa düşdü ki, dondurulmuş münaqişə sülh demək deyil. Münaqişə hər an başlayar və çox ağır nəticələri ola bilər. Onlara bir daha sübut olundu ki, uzun müddət ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti nəticəsində bu münaqişənin məqsədli şəkildə uzadılması Ermənistanı arxayınlaşdırmışdı.
Ancaq, münaqişə nə qədər uzanacaqsa, Azərbaycanda yeni nəsil yetişəcək və Dağlıq Qarabağ eləcə də digər işğal olunmuş torpaqlar onların yadından çıxacaq, onların döyüş səviyyəsi aşağı düşəcək. Lakin başverənlərdə onlar bunun tam əskini gördülər”.
S.Novruzov qeyd edib ki, Azərbaycan gəncləri əlində Azərbaycan bayrağı tutub və hər biri döyüşə atılmağa hazırdır:
“Ermənistan beynəlxalq hüquq normalarını kənara qoyub Kollektiv Təhlükəsizlik Müqaviləsi ilə əhalisinin başını qatmağa çalışırdı ki, bizə qarşı hər hansı addım atılacaqsa, digər dövlətlər də bu məsələyə qarışacaq. Həmin dövlətlərin səlahiyyətliləri onlara çox gözəl cavab verərək bildirdilər ki, döyüş Ermənistanın deyil, Azərbaycan ərazisində gedir. Bu, erməni əhali arasında yaranan mifi birdəfəlik sındırdı və erməni qorxaqlığı fəaliyyətə başladı. Onlar anladı ki, Azərbaycanla üz-üzə gəlmək üçün heç bir qüvətə malik deyillər. Bu baxımdan bu məsələləri bütün ictimaiyyətə çatdırmalıyıq.
Ölkə başçısı hər zaman bildirirdi ki, ordumuz post-sovet məkanında, eləcə də Cənubi Qafqazda ən güclü ordulardan biridir. Bu bir daha sübut edildi. Ordumuzu və Azərbaycan xalqını təbrik edirəm. Hər birimiz döyüşlərdə əsgərik və Ali baş komandanın əmri ilə döyüşə getməyə hazırıq”.
278 dəfə oxundu