Azərbaycan Türkiyə ordusunu köməyə çağıra bilərmi?

Azərbaycan Türkiyə ordusunu köməyə çağıra bilərmi?


Aprelin 2-də Qarabağ cəbhəsində başlayan şiddətli döyüşlər arxada qaldı. Artıq atəşkəs sazişi imzalanıb. Bununla belə, heç kəs atəşkəsin uzunömürlü olacağına inanmır, müharibənin yenidən alovlanacağını gözləyir. Rusiyanın hərbi dəstəyinə güvənən Ermənistanın qarşısında öz hərbi gücü ilə savaşan Azərbaycanın II Qarabağ savaşında xarici hərbi qüvvənin köməyinə nə dərəcədə ehtiyacı var? Konkret olaraq, əgər genişmiqyaslı müharibə başlayarsa, Azərbaycan tarixən olduğu kimi Türkiyə ordusunu köməyə çağıra bilərmi?

Məsələ ilə bağlı musavat.com- a danışan hərbi ekspert Azad İsazadə bildirib ki, Azərbaycanın hazırda öz ordusunun gücü işğal altında olan torpaqlarımızı azad etməyimiz üçün kifayət edir:

“Hazırda kiminsə köməyindən istifadə etməmizə ehtiyac yoxdur. İkincisi isə əgər Ermənistana hansısa dövlət yardım edərsə və araya üçüncü bir dövlət girərsə, o zaman Azərbaycan tərəfi də bu məsələni müzakirə edə bilər. Ötən günlərdə müxtəlif gülməli fikirlər səsləndirilirdi ki, guya hazırda bizim tərəfimizdən vuruşan İŞİD-çılardır, yaxud da Türkiyə ordusudur. Bu artıq təxribat deyil. Çünki təxribat ağıllı fikrə deyilir. Bu sadəcə olaraq gülməli və reallıqdan uzaq olan cığallıqdır. Türkiyə NATO-nun üzvüdür və onun ixtiyarı yoxdur ki, özbaşına harasa qoşun göndərsin. Biz hər zaman qeyd etmişik ki, sırf texniki və hərbi baxımından üçüncü bir dövlət ortaya girmədən, Azərbaycan ordusu qarşısına qoyduğu tapşırığı yerinə yetirə bilər”.

ADA universitetinin professoru Elnur Sultanov isə musavat.com-a məsələnin siyasi tərəfindən danışıb. O bildirib ki, əgər üçüncü bir dövlət Azərbaycanda yardım etmək istəyirsə, buyursun etsin:
“Ancaq bunun təbliğatını aparmaq, bu haqda geniş açıqlamalar vermək diplomatik baxımdan Azərbaycanın xeyrinə olan hal deyil. Ümumiyyətlə, kömək istəyinin ifadəsi bizim ziyanımızadır. Bu qəbuledilməz bir faktdır. Onu da qeyd edək ki, Türkiyənin Azərbaycana hətta siyasi dəstək mövzusunda belə, çox səs-küylü davranmaması müsbət haldır. Çünki əksi olardısa bu, bizim informasiya müharibəsində əleyhimizə çevrilən faktor olardı. Vaxtilə Ermənistana açıq şəkildə heç kim dəstəyini ifadə etməsə də kömək edənlər çox oldu. Nəticəsi də göz qabağındadır. İkincisi isə hələ hərbi baxımdan biz elə bir mərhələdə deyilik ki, hansısa dövlətdən yardım istəyək. Cəbhədə vəziyyət nəzarətimizdədir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
448 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...