“Mən Goranboydayam, ermənilər Talış kəndindən meşələrə qaçıblar”

“Goranboy ərazisindəki Talış yüksəklikləri İncə çayı istiqamətində Tapqaraqoyunlu kəndinin müdafiəsi və təhlükəsizliyi üçün strateji məntəqələrdir. Bu yüksəkliklər hələ 1992-1993-cü illərdəki Qarabağ savaşında da taktiki baxımdan əhəmiyyətli hesab olunurdu. Ona görə də o vaxt o məntəqələri əldən verməklə mövqelərimiz zəifləmişdi”.
Bu barədə Modern.az saytına açıqlamasında Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan Maşallah Abdullayev Azərbaycan Silahlı Qüvvələrinin son günlər apardığı hərbi əməliyyatlardan danışarkən deyib.
Hazırda Goranboyda olan Milli Qəhrəman bildirib ki, Talış yüksəklikləri ordumuzun əlindədir: “Bu gün həmin Talış yüksəkliklərini bütünlüklə ordumuz işğaldan azad edib. Artıq ermənilər geriyə, meşəyə çəkiliblər, meşələrə qaçıblar. Hazırda burada da ermənilər atəşkəsi pozurlar”. Maşallah Abdullayev ordumuzun 22 illik fasilədən sonra yenidən hərbi əməliyyatlara başlamasına görə çox sevinir.
Milli Qəhrəman deyib ki, indi əsl qisas günüdür və kaş ki, hərbi əməliyyatlar dayandırılmazdı: “22 ildən sonra çox uğurlu və effektli hərbi əməliyyatlara başlamağımız məni bir Milli Qəhrəman kimi çox sevindirir. Çünki bu gün qeyrət günüdür, bu gün şəhidlərimizin qisasını almağın günüdür. Çox yaxşı hərbi əməliyyatlar başlamışdı. Biz ən azı Sərsəngə qədər hücuma keçib oranı götürə bilərdik. Mənim indiki müdafiə nazirimiz, general-polkovnik Zakir Həsənova çox böyük hörmətim var.
Amma gərək hücum əməliyyatlarını saxlamazdıq. Çünki artıq bizim işğal edilmiş torpaqlarımızı azad etmək şansı yetişmişdi.
Mən və digər Milli Qəhrəmanlar, cəbhə və döyüşçü yoldaşlarım bu gün də döyüşə atılıb vətən uğrunda əlimizdən gələni etməyə hazırıq. Ali Baş Komandanın əmrini gözləyirik.”.
259 dəfə oxundu