TQDK əvəzində yaranan DİM-in rəhbəri kim olacaq?

TQDK əvəzində yaranan DİM-in rəhbəri kim olacaq?


Xəbər verdiyimiz kimi, dünən prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Yeni yaradılan bu mərkəz artıq həm təhsil müəssisələrinə tələbə, həm də dövlət qulluğuna işçi qəbulu həyata keçirəcək. “Qafqazinfo” xəbər verir ki, bu qərar müəyyən anlaşılmazlıqlara səbəb olub. Bəziləri artıq test sisteminin ləğv edildiyini düşünür, qəbulda korrupsiya hallarının baş verəcəyini proqnozlaşdırırdılar. Ancaq DİM-in nizamnaməsində də qeyd olunub ki, hərzamanki kimi qəbul ali təhsil müəssisələrinə test, dövlət qulluğuna isə müsabiqə əsasında həyata keçiriləcək.

Təhsil eksperti Kamran Əsədov da qərarın valideyn və abituriyentlər arasında çaşqınlıq yaratdığını bildirib. Məsələni qısa şərh edən ekspert dəyişikliyin sadəcə qurumun adında olduğunu vurğulayıb: “TQDK təkcə tələbə qəbulu aparmırdı, magistr, rezidentura və hüquq-mühafizə orqanlarına qəbul üçün test imtahanları, buraxılış imtahanları həyata keçirirdi. Heç kimin TQDK-nın fəaliyyətindəki obyektivlik, şəffaflıq, rüşvətsizliyə şübhəsi yoxdur.

Dəyişikliklər sadəcə olaraq, qurumun adında və idarəetmə sistemində olacaq. Yenə də orta ixtisas, ali təhsil müəssisələrinin bütün pillələrinə qəbul bu qurum tərəfindən həyata keçiriləcək. Prezidentin sərəncamına diqqətlə baxanda bu qurumun səlahiyyətlərinin daha da genişləndirildiyini görmək olar”. Ekspert yaranan əsas sualın yeni mərkəzə kimin rəhbərlik edəcəyi haqda olduğunu bildirir. Onun fikrincə, idarəçilik üçün namizəd kimi Məleykə Abbaszadədən daha uğurlu variant ola bilməz. Çünki, bir aydan sonra ali məktəblərə qəbul imtahanları keçiriləcək və yalnız o, bu işdə təcrübəli və hazırdır.

İdarəetmənin təkmilləşdirilməsi, xərclərinin azaldılması baxımından alınan qərarı müsbət qiymətləndirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hazırda böyük kadr dəyişikliyinin də gözlənilmədiyini bildirib. Onun fikrincə, bunun bir neçə səbəbi var:

“Bildiyimiz kimi, bununla bağlı prezidentin ayrıca sərəncamı olmalıdır. Güman ki, bu təyinatlar indiki qəbul imtahanlarından sonra mümkün ola bilər. Çünki artıq imtahan kampaniyası başlanıb və indiki məqamda prezidentin ciddi kadr dəyişiklikləri edəcəyi o qədər də inandırıcı görsənmir. Əslində, indiyədək yetərincə müsbət imic qazanan, korrupsiyaya uğramayan, yetərincə şəffaf və texnoloji bir qurumda, fikrimcə elə ciddi kadr dəyişiklərinin də olacağı gözlənilən deyil”.

Məsələ ilə bağlı TQDK-nın sabiq sədri Vurğun Əyyubdan da münasibət öyrəndik. Eks-sədr də belə düşünür ki, yeni fərmanla qurumun sadəcə adı dəyişdirilib və funksiyaları genişlənib: “Adından da göründüyü kimi komissiya tələbə qəbulu ilə məşğul olmalı idi. Sonrakı illərdə komissiyanın gördüyü işlərin sırasına dövlət qulluğuna qəbul məsələləri də daxil oldu. Əslində, qurum 1992-ci ildə yaradılanda əsasnamədə bu da nəzərdə tutulmuşdu. O vaxt biz sadəcə tələbə qəbulu ilə məşğul olduğumuz üçün qurumun adına hər hansı bir etiraz etməmişdik. İndi onun gördüyü işlər həcmcə də çoxalıb, qurumun adı ilə işin məzmunu arasında uyğunluq yaradılıb”.

V. Əyyub yaradılan yeni qurumun da sədrinin Məleykə Abbaszadə olacağını güman edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
401 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...