Azərbaycan Universitetində sular nədən bulanıqdır... - İTTİHAM VAR

Qəzetimizdə Azərbaycan Universiteti ilə bağlı gedən yazıdan sonra redaksiyamıza daxil olan yeni məlumatları araşdırmaq və bəzi məqamlara aydınlıq gətirmək məqsədilə əməkdaşımız universitetin keçmiş Həmkarlar İttifaqı Komitəsinin Sədri Fəxrəddin Məhərrəmovla görüşüb. Qeyd edək ki, Fəxrəddin müəllim Azərbaycan Universitetinin əməkdaşlarının və tələbələrinin hüquqlarının pozulması hallarına qarşı çıxıb, onları müdafiə etdiyinə görə işdən uzaqlaşdırılıb. Əməkdaşımızla olan söhbə əsnasında Fəxrəddin Məhərrəmov da universitetin fəaliyyətilə, eləcə də şəxsən rektor Fərid Əhmədovla bağlı bir çox ciddi qanun pozuntuları barədə maraqlı açıqlamalar təqdim edib.
İlk növbədə Fəxrəddin müəllim Azərbaycan Universitetinin ali təhsil müəssisəsi kimi fəaliyyət göstərməsi üçün tələb olunan lisenziya məsələsinə toxunub. Bu barədə açıqlama verən müsahibimiz deyib: “Azərbaycan Universiteti özünün əsas tədris korpusunu bu yaxınlarda itirdi. Qanunvericiliyə əsasən ali təhsil müəssisəsinin yerləşdiyi binanın ümumi sahəsi orada təhsil alan hər bir tələbəyə 8-10 kvadrat metr nəzərdə tutulmaqla seçilməlidir. Lakin universitet yerləşdiyi 1-ci tədris binasını kirayə haqqını ödəyə bilmədiyi və hazırki dövrdə də icarədara aylarla ödəmədiyi böyük məbləğdə kirayə borcu ola-ola tərk etmək məcburiyyətində qaldı. Artıq Azərbaycan Universiteti iki tədris binasında fəaliyyət göstərir və bu da hər tələbə başına düşən sahənin 3-4 kvadrat metrə düşməsi deməkdir. Universitetin bu iki tədris binasından birinin- Tbilisi Prospektində yerləşən 2-ci tədris binasının isə, ümumiyyətlə qeydiyyat sənədi və təhlükəsizlik normalarına uyğun olması haqda sənədləri yoxdur. Belə olduğu halda universitetdə tələbə başına düşən rəsmi qeydiyyata düşən sahə 3-4 kvadrat metrdən də aşağı düşür. Azərbaycan Universitetinə 2 il lisenziyasız fəaliyyət göstərdikdən sonra 2015-ci ilin dekabrında əvvəl yerləşdiyi 1-ci tədris binasının qeydiyyat sənədlərinə əsasən lisenziya verilmişdir.
Lakin indiki dövrdə universitet bu binadan artıq köçmüşdürsə, bu lisenziya geri çağrılaraq ləğv edilməlidir. Tələbələrin verdikləri məlumatlara əsasən, hazırki dövrdə otaqlarda yerləşdirmə ilə bağlı tələbələr və müəllimlər universitetdə çox əziyyət çəkirlər. Azərbaycan Universitetində digər ali məktəblərlə müqayisədə daha çox təhsil haqqı ödəyən tələbələrə otaq çatışmadığı üçün zirzəmilərdə bərbad şəraitdə dərs keçilir. Maddi çətinliklər bəhanəsi ilə müəllimlərin əmək haqqlarını kəsən və öz müsahibəsində müəllimlərin tələbələrlə auditor dərslərdən kənar əlavə məşğul olması üçün xüsusi otaqlar ayrılacağını vəd edən rektor Fərid Əhmədov isə, bu vədinə əməl etmək əvəzinə tələbələrin ödədikləri təhsil haqqı hesabına universitetin binasının daxilində özü üçün ayrica çox bahalı xərclərlə başa gələn aksessuarlarla ayaqyolu tikdirir. Təmir işləri rektorun tikinti biznesi sahəsində fəaliyyət göstərən yaxınları, dost-tanışları tərəfindən aparılır. Bu da universitetin büdcəsinin talan edilməsi üçün çox yaxşı bir fürsətdir”.
Artıq qeyd olunduğu kimi, Azərbaycan Universitetinin bəzi doktorantları bizimdovr.az-a etdikləri müraciətlərdə müxtəlif bəhanələrlə, qeyri-qanuni olaraq, zorla onlara əvvəllər müəyyən olunan elmi rəhbərlərinin dəyişdirilməsindən və hazırki dövrdə onlara göstərilən təhsil xidmətlərinin keyfiyyətsizliyindən şikayət edirlər. Öz söhbətində Fəxrəddin Məhərrəmov bu məsələyə də müəyyən qədər aydınlıq gətirdi. Fəxrəddin müəllim də təsdiq etdi ki, doktorantura pilləsində təhsil alan tələbələr öz şikayətlərində tamamilə haqlıdırlar. Onun sözlərinə görə, qanunvericiliyə əsasən doktorantla elmi rəhbərin qarşılıqlı razılığı olmadan ona yeni elmi rəhbər təyin edilə bilməz! Fərid Əhmədov isə, özündən əvvəlki dövrə aid olan sənədlərə müdaxilə edə bilməz! Fərid Əhmədov özünün və əlaltıları olan Dünyamalı Vəliyev, Ədalət Əliyevin gözü götürmədiyi müəllimləri universitetdən uzaqlaşdırmaq üçün bu qanunsuz tədbirlərə əl atır.
Fəxrəddin Məhərrəmov deyir ki, İnzibati idarəetmə kafedrasının müvəqqəti müdiri vəzifəsi həvalə edilən Dünyamalı Vəliyev öz adamları vasitəsi ilə doktorant və dissertantlara onun adından zəng vurduraraq elmi rəhbərlərinin dəyişdirildiyini bildirir. Ən maraqlısı odur ki, dəyişdirilən elmi rəhbərlərin yerinə özünü təyin edir. Əslində bu şəxslər savadlı, öz sahəsini və tədris metodikasını dərindən bilən mütəxəssislərdir. Belə şəxslər isə, universitetdə “ailə podratı” yaradan Akif Musayevin, Fərid Əhmədovun və onun savadsız əlaltılarının möhtəkir maraqlarına uyğun gəlmir. Gələcək alimlər olan doktorantlara elmi rəhbərlik etmək üçün hər hansı bir konkret elmi tədqiqat sahəsində dərin biliklərə malik olmaq, plagiat məqamları üzə çıxarmaq üçün həmin sahə üzrə bütün dünyada son elmi yeniliklərdən tam məlumatlı olmaq, doktorantın əldə etdiyi ixtira, yenilik və nəticələrin elmi cəhətdən əsaslandırılması üçün tədqiqat metodlarını dərindən bilmək lazımdır. Belə olduğu halda elmi rəhbərin dəyişdirilməsi tədqiqatın nəticələrinə və doktorantın təhsilinə necə təsir edəcəyini deməyə ehtiyac yoxdur. Fərid Əhmədovun tətbiq etdiyi kadr islahatlarının son dərəcə bərbad vəziyyətdə olduğunu vurğulayan müsahibimiz bu barədə konkret dəlillər ortaya qoyur: “Ali məktəbdə hansısa vəzifəni tutmaq üçün konkret tələblər var. Məsələn, universitetdə hüquqşünas işləmək üçün 5 il hüquqşünas kimi əmək stajina və 14-cü kateqoriyaya malik olmaq lazımdır.
Amma Azərbaycan Universitetinin hüquqşünası Nurlana Məmmədova heç bir kateqoriyası və ya iş stajına malik olmadan bu vəzifəyə təyin edilib. Qanunvericilikdən çox, moda jurnallarının tələblərini bilib, onlara əməl edən bu xanımın yanında ictimai bir yerdə dekanlıq və kafedralarda tədrisin təşkili qaydaları və doktorantlara elmi rəhbərlik etməyin sizə sadladığım xüsusiyyətləri haqda danışanda ali məktəbdə hüquqşünas vəzifəsini tutan Nurlana Məmmədova qəşş edib gülməyə başladı və az qaldı gülməkdən halı xarab olsun. Ali təhsilə aid olan belə mövzuların bu xanıma nə dərəcədə yad olduğunu təsəvvür edin! Mən özüm bu biabirçi hadisənin şahidi olmuşam. Rektor Fərid Əhmədov bir saat da olsa dərs keçməyən, elmi dərəcəsi olmayan belə bir şəxsi qeyri-qanuni olaraq Universitetin Elmi Şurasının Elmi katibi təyin edib! Və bunu çəkinmədən Universitet Elmi Şurasında səsverməyə təqdim etmədən elan edib. Belə gülməli və biabirçı hadisəyə hələ heç bir yerdə rast gəlinməyib. Halbuki, qanunvericiliyə əsasən ali məktəbin elmi şurasının üzvləri yalniz elmi dərəcəsi olan şəxslər ola bilərlər. Hazırki dövrdə Azərbaycan Universitetinin Elmi Şurasının uzvlərinin 60-70%-nin elmi dərəcəsi yoxdur, onların içərisində hətta bakalavr və kollec təhsili olan şəxslər də var...”
Bundan başqa Fəxrəddin Məhərrəmov bizimdovr.az-a Azərbaycan Universitetinin rektoru Fərid Əhmədovun özünün şəxsi fəaliyyəti barədə də çox maraqlı açıqlamalar verib. Belə ki, Azərbaycan Universitetindən başqa daha iki müəssisədə inzibati vəzifələr daşıyan rektorun Oksford Universitetində fəlsəfə doktoru dissertasiyasını müdafiə etməsi barədə iddiaları da ciddi şübhə altına alınıb: “İlk növbədə deyim ki, Fərid Əhmədovun Azərbaycan Universitetinə əsas iş yeri kimi ciddi münasibəti yoxdur və o, özü əmək intizamına riayət etmir. Onu çox nadir hallarda universitetdə görmək olar. O, başqa təşkilatlarda özünə iş yeri təmin etməklə və universitetın maliyyə imkanları hesabına xarici ölkələrə tez-tez ezamiyyətə getmək adı ilə səyahət etməklə məşğuldur. ADA Universiteti və Dovlət Gömrük Akademiyasının rəsmi saytlarına daxil olsanız, onun hər iki ali məktəbin əməkdaşı olması və inzibati vəzifə tutduğu haqda məlumatlar görmək olar. Əsas iş yeri olan Azərbaycan Universitetində Fərid Əhmədov rektor vəzifəsindən əlavə digər ali məktəblərdə iki inzibati vəzifəni icra etməyi necə çatdırır? Universitetin təsisçilərinin onun əlavə 2 iş yerində işləməsi haqda rəsmi razılığı və icazəsi varmı? Qanunvericiliyə əsasən, əlavə iş yerində işləmək üçün əsas iş yerindən rəsmi icazə sənədi olmalıdır! Həqiqətənmi, təsisçilər bir universitet rektoruna başqa 2 təşkilatda inzibati vəzifə tutmağa icazə verib? Onlar bunu necə əsaslandırıblar?
Qeyd edim ki, bir sıra internet saytlarında özünü Oksford Universitetində fəlsəfə doktoru dissertasiyasını müdafiə edən yeganə Azərbaycanlı kimi qələmə verən Fərid Əhmədov bu yaxınlarda ADA universitetinin rəsmi saytında artıq Oksford Universitetinin doktorantura pilləsində təhsil alan və məzun olması gözlənilən tələbə kimi göstərilir. Görünür ADA Universiteti Azərbaycan Universitetinin təsisçilərindən fərqli olaraq Fərid Əhmədovdan real diplom tələb edib. Maraqlıdır, Fərid Əhmədov nə vaxt bu təhsil pilləsindən məzun olacaq?”
Bunu da qeyd edək ki, Fərid Əhmədov rektor təyin edildikdən sonra universitetdə tələbələrə göstərilən təhsil xidmətlərinin keyfiyyətini redaksiyanmza daxil olan dərs proseslərinin foto və video görüntülərindən də aydın şəkildə görmək olar. Tələbələr yüksək təhsil haqqını belə dərslərə görəmi ödəyirlər? Dərs prosesi zamanı yeyib-içmək məclisi quran və onlara şərait yaradan Fərid Əhmədovun təriflədiyi “nümunəvi” müəllimindən başqa nə gözləmək olar? Digər fotoda isə, dərs zamanı qrup yoldaşının saçlarını hörən tələbəyə, gözəllik salonu mühitini yaşadan müəlimin biabırçı dərsi öz əksini tapmışdır. Budurmu Fərid Əhmədovun söz verdiyi keyfiyyətli təhsil?
Bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.
364 dəfə oxundu