“Düşmən hərbçilərimizə qarşı dağıdıcı silahlardan istifadə edib” - Baş cərrah

Bunu Azərbaycan Silahlı Qüvvələrin baş cərrahı, tibb xidməti polkovniki Famil Babayev “Azərbaycan ordusu” qəzetinə müsahibəsində deyib. Gecə-gündüz hərbçilərin sağlamlığının keşiyində durduqlarını deyən F.Babayev deyib ki, səyyar hospitala daxil olan yaralıların yaralanma dərəcəsini təhlil edərkən düşmənin hərbçilərimizə qarşı dağıdıcı silahlardan istifadə etdikləri qənaətinə gəlib. O, bildirib ki, adətən müharibə zamanı ağır yaralanmanın dərəcəsi 10-12 faiz olmalıdır ancaq müşahidələr göstərdi ki, bizdə bu 40-45 faizə çatıb: “ Bu, bir daha sübut edir ki, erməni işğalçıları döyüşlər zamanı iriçaplı və daha dağıdıcı silahlardan istifadə edirlər. Məsələn, döyüş zamanı yaralanmış bir əsgərin bədənində 40-a yaxın qəlpə var idi. Peşəkar cərrahların səyi nəticəsində qəlpələrin hamısı əsgərin bədənindən təmizləndi”.
F. Babayev qeyd edib ki, ən müasir tibbi avadanlıqlar və texniki vasitələr onların işini asanlaşdırır, hərbi əməliyyatların uğurla həyata keçirilməsini təmin edir.
Silahlı Qüvvələrin baş terapevti tibb-xidməti polkovnik- leytenantı Samil Qasımov isə bildirib ki, hospitala daxil olan yaralıların hamısının həyatı xilas edilib:“ Hospitalda yaralılara həm cərrahi, həm də baş qa tibbi yardımların göstərilməsi üçün hər cür şərait yaradılıb. Onlara cərrahiyə yardımı göstərildikdən və həyati təhlükələri olmadıqdan sonra ayrı-ayrı xəstəxanalara təxliyyə edilirlər. Həmçinin, səyyar hospitala Səhiyyə Nazirliyi tərəfindən bütün yüksək ixtisaslı həkimlər cəlb olunub. Gərgin hərbi əməliyyatlar zamanı bütün hospitala daxil olan yaralıların hamısının həyatı xilas edilib. Heç bir ölüm halı yaşanmayıb”.
269 dəfə oxundu