"Nurgün Motors"un prezidenti haqda ilginc iddia

"Nurgün Motors"un prezidenti haqda


Yəqin ki, “Rəvan”ın analoqu olmayan futbol komandası olmasına kiminsə şübhəsi yoxdu. İndidən deyirəm, şübhəsi olan varsa, risk etmiş olur. “Rəvan”ın analoqsuzluğuna şəkk edən adamın ağzı əyilər. Bu komandada 28 dəfə Vladislav Qədirovu, 33 dəfə də Bəhmən Həsənovu baş məşqçi postuna gətirib və göndəriblər. Day, 5-6 dəfə gəlib gedənləri demirəm. Bu yazını yazarkən əlimizdə olan son məlumat beləydi: “Rəvan”ın baş məşqçisi hələ də Bəhmən Həsənovdu. Amma siz yazını oxuyarkən, durum dəyişmiş ola bilər. Bunu mütləq nəzərə almağınızı xahiş edirəm.

Analoqsuz komandanı da kim yarada bilər? Ay sağ olun, analoqsuz rəhbər. “Rəvan”ın rəhbəri kimdi? Nuru Əliyev. Həm də maşın alverçisidi. Alır və satır. Xaricdən maşın gətirib, dövlət idarələrinə satır. Deyilənlərə görə, son vaxtlar əli gətirmir, alveri ölüb. Bunun da bəlli səbəbi var. Amma əvvəlcə sizə Nuru Əliyevin anloqsuzluğunun mahiyyətini aydınlaşdırım. İnternet əsrində yaşadığımız indiki vaxtda bu adamın axtarış sistemlərində şəklini tapmaq mümkün deyil. Dayanın də, o dəqiqə qaçdız “Nuru Əliyev” yazıb, axtarış verməyə. Bir hövsələniz olsun də. Onsuz da tapa bilməyəcəksiz. A kişilər, bu gün doğulan uşağın şəkilləri bir saatdan sonra axtarış sistemində peyda olur, amma bu Nuru Əliyevin şəklini tapmaq mümkün olmur ki, olmur. Buna necə nail olur? Bunu necə bacarır? Bax, bu onun analoqsuzluğunun bir sübutu. Yaxşı, bəs bu adam şəklinin yayılmasından niyə qorxsun ki? Bu qorxunun tibb elmində necə adlandırıldığını bilmirəm, amma el arasında buna “gündən qorxan Nəsirağa”lıq deyirlər.

Amma Nuru Əliyev qorxaq oğlan da deyil. Hətta o qədər cürətlidi ki, prezidentə qarşı da çıxır. Belələrinə də el arasında “qurd ürəyi yemiş adam” deyirlər. Nuru Əliyev prezidentə qarşı niyə çıxıb? Hə, bu məsələ birbaşa onun alverinə bağlıdı. Dedim axı, Nuru müəllim (day keçib, Azərbaycanda alverçilərə də müəllim deyirlər) xaricdən maşın gətirib, satırdı. Maşınlarını da əsasən dövlət müəssisələrində xırd edirdi. Son devalvasiyadan sonra prezident dövlət müəssisələrinə məsləhət gördü ki, xarici maşın almasınlar, “Naz-Lifan” sürsünlər. Yəni yerli mal alsınlar, Naxçıvanda istehsal olunan avtomobillərdən yararlansınlar. Prezidentin bu göstərişi Nuru Əliyevin bazarını əməllicə öldürdü. Hə, bu qurd ürəyi yemiş adam ondan sonra neynəsə yaxşıdı? Jurnalisti məhkəməyə verdi. Yəni prezidentə qarşı təxribat törətdi. Axı prezident bütün məmurlara, iş adamlarına azad mətbuata sayğı ilə yanaşmağı, jurnalistləri məhkəməyə verməməyi tapşırıb.

Nuru Əliyev bu tapşırığı qulağının ardına vuraraq, jurnalisti məhkəməyə verib, ondan 20 min manat təzminat tələb edir. Adam elə bilir ki, jurnalistin qazancı başından aşır. Day bilmir ki, jurnalist 20 min manatı tapmaq üçün bütün ömrü boyu işləməlidi. Özü 20 min manatı 3-4 maşını xırd etməklə qazanır axı. Nə kefinə? Hə, bir də tələb edib ki, onun adı keçən bütün yazılar internet qaynaqlarından ilim-ilim itirilsin. Bu adamın analoqsuzluğuna yenə də şəkk edəcəksiz? Vallah, ağzınız əyilər.

Yazını oxuyub qurtardız, öyrənin, görün, Bəhmən Həsənov hələ də “Rəvan”ın baş məşqçisidi...
Natiq Muxtarlı /komanda.az/


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1576 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...