Mühərrikində qüsur tapılan “Boinq”lərdən AZAL-da da varmı?

Xəbər verildiyi kimi, ABŞ Federal Aviasiya İdarəsi “Boeing 787” təyyarələrinin mühərriklərinin təcili dəyişdirilməsinin vacib olduğunu açıqlayıb. Federal Aviasiya İdarəsinin bəyanatında qeyd edilib ki, əgər mühərriklər zamanında dəyişdirilməsə, uçuş zamanı problem yarana bilər. Qeyd edilib ki, təyyarədəki mühərriklərin eyni anda hər ikisi dayana və mühərrikləri yenidən işə salmaq mümkünsüz ola bilər.
Qeyd edək ki, “Boeing 787” tipli təyyarələrdən “Azərbaycan Hava Yolları” (AZAL) da daxil olmaqla, dünyanın bir çox aviaşirkətlərinin parkında var. AZAL 2014-cü ilin sonunda iki "Boeing 787 Dreamliner" təyyarəsi alıb. Bəs “Boeing 787” təyyarələrinin mühərrikində problem olduğu açıqlandıqdan sonra AZAL tərəfindən hansı addımlar atılacaq?
Qurumun mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Yeni Müsavat”ın müvafiq sorğusunu cavablandırıb: “Boeing 787 Dreamliner təyyarələrinin mühərriklərində aşkarlanan problem GEnx-1B PIP2 model mühərriklərə aiddir və artıq istehsalçılardan bu tip mühərrikli təyyarələri istismar edən aviaşirkətlərə əlavə yoxlamaların aparılmasının zəruriliyi barədə müvafiq göstəriş gəlib.
"Azərbaycan Hava Yolları"-nın (AZAL) təyyarə parkına daxil olan hər iki Boeing 787 Dreamliner təyyarələrində quraşdırılan “General Electric” mühərriklərinin seriya nömrəsi texniki qüsurun aşkarlandığı mühərrik kateqoriyasına daxil deyil.
Buna baxmayaraq, AZAL-ın mühəndis-texniki heyəti “General Electric” və “Boeing” şirkətləri ilə bu məsələyə dair məsləhətləşmələr aparır və lazım gələrsə hava gəmilərinin mühərriklərində əlavə işlər görüləcək.
“Boeing 787” Dreamliner ən müasir sərnişin təyyarələrindən biridir. 250-dən çox bu tipli təyyarələr dünyanın 29 ölkəsində 30-dan çox aviaşirkət tərəfindən istismar olunur. Bu tipli təyyarənin ümumi uçuş müddəti 3 milyon saatdan çoxdur”.
Aviasiya mütəxəssisi Ədalət Əliyevin sözlərinə görə, AZAL Federal Aviasiya İdarəsinin tələbinə ciddi yanaşmalı və lazımi tədbirləri görməlidir: “Amerikanın Federal Uçuş Təhlükəsizliyi İdarəsi belə bir bəyanat veribsə, bu o deməkdir ki, onların əlində kifayət qədər ciddi əsaslar var. Bu ilk növbədə həmin təyyarənin mühərrikini istehsal edən şirkətə xəbərdarlıqdır. Onlar işi elə görməlidirlər ki, heç bir təhlükə baş verməsin. Yəqin ki, bu bəyanatdan sonra bütün çatışmazlıqları aradan qaldıracaqlar. AZAL da öz növbəsində məsələyə ciddi yanaşmalıdır və həmin istehsalçı şirkətlə yoxlamalar həyata keçirməlidir”.
Qeyd edək ki, Boeing 787 Dreamliner "Boeing" şirkəti tərəfindən dizayn edilmiş orta uzunluqlu, geniş gövdəli və iki reaktiv mühərrikə malik təyyarə modelidir. Təyyarənin ilk uçuşu 15 dekabr 2009-cu ildə baş tutub. Buna baxmayaraq, "Boeing-787" 55 ölkədən 861 sifarişlə dünyada ən çox satılan geniş füzelyajlı təyyarədir.
Hazırda Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin donanmasında 2 ədəd "Boeing 787-8" təyyarəsi var və bu təyyarə ilə ilk uçuş Naxçıvana olub. Təyyarənin sərnişin tutumu 210-250 nəfər arasındadır. 13 kilometrə qədər hündürlükdə uça bilir. Ağırlığı təx0minən 110 tondur. Maksimal sürəti isə saatda 900 kilometrdən artıqdır. Hazırda dünyada ən etibarlı təyyarə modellərindən sayılır. İki mühərrikli təyyarələr "General Electric GEnx" və ya "Rolls-Royce Trent 1000" mühərriki ilə çalışır.
357 dəfə oxundu