Vilyam Hacıyevi təhlükələrdən sığortalayan kimdir?

Son günlər İmişli rayonu ilə bağlı redaksiyamıza şikayət xarakterli çoxsaylı müraciətlər daxil olmaqdadır. Şikayət edənlərin böyük əksəriyyəti İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevi rayonun abadlıq, quruculuq işlərinə və rayon büdcəsində nəzərdə tutulan digər vəsaitlərin mənimsənilməsinə şərait yaratmaqda günahlandırırlar.
Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri paylaşan məlumatlı şəxsin sözlərinə görə, icra başçısı İmişlinin abadlığına ayrılmış vəsait hesabına şəxsi biznesini genişləndirir və rayon vətəndaşlarının hüquqlarını kobudcasına pozur. Mənbənin verdiyi bilgilərdən belə aydın olur ki, ölkədə rüşvət və korrupsiyaya, məmur özbaşınalığına qarşı mübarizənin sərtləşdiyi bir vaxtda İmişlidə vəziyyət heç də ürəkaçan deyil. Belə ki, bu barədə verilən məlumatda qeyd olunur ki, yerli məmurlar əhalini incitmək və onları gözümçıxdıya salmaqdan ötrü mümkün olan bütün vasitələrdən istifadə edirlər.
İcra başçısı vəzifəsinə təyin olunduğu gündən Vilyam Hacıyevin İmişli camaatı ilə normal münasibət qura bilmədiyini vurğulayan məlumatlı şəxsin bildirdiyinə görə, ara-sıra tərəflər arasında yaşanan hər xoşagəlməz olaydan sonra icra başçısı müəyyən müddətə rayonu tərk edir və bir müddət sonra yenidən geri qayıdaraq vəzifəsinin icrasına davam edir: «Artıq camaat buna vərdiş edib. Odur ki, rayon sakinləri üzləşdikləri problemlərlə bağlı mütəmadi olaraq yuxarı orqanlara müraciət edir və İmişli Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən basqılara məruz qaldıqlarını bildirirlər. Lakin nədənsə hələ də heç kim Vilyam Hacıyevin əməllərinə, onun yol verdiyi ciddi nöqsanlara diqqətlə nəzər yetirmək fikrində deyil. Maraqlıdır, görəsən, niyə? Nə üçün İmişli sakinlərinin sərt təpkisinə baxmayaraq, Vilyam Hacıyev barəsində indiyədək lazımı ölçü götürülməyib? Görünür, kimlərsə onu yamanca dəstəkləyir, təhlükələrdən sığortalayır. Çünki onun yerinə başqa icra başçısı olsaydı, barəsində bu qədər şikayətdən sonra çoxdan tutduğu postla vidalaşmalı olardı. Vilyam Hacıyev isə heç nə olmamış kimi işinə davam etməkdədir». Bu arada, əldə etdiyimiz son məlumatlara görə, İmişli Rayon Mərkəzi Xəstəxanasında da qanunsuzluq və özbaşınalıq halları səngimək bilmir.
Məsələ ilə bağlı məlumat verən mənbənin sözlərinə görə, xəstəxanada xəstələrə baxımsızlıq və biganəlik izaholunmaz həddə çatıb: «Deyilənlərə görə, xəstəxanada yol verilən özbaşınalıqlar barədə dəfələrlə lazimi təşkilatlara, İmişli Rayon İcra Hakimiyyətinə, eləcə də Səhiyyə Nazirliyinə şikayətlər ünvanlasa da, problemlər hələ də həllini tapmayıb. Odur ki, bu gün xəstəxanada əməlli-başlı bazar prinsipi hökm sürür. Xəstəxananın dövlət himayəsi altında olmasına baxmayaraq, burada xəstələrə olan tibbi xidmət açıq şəkildə pulla həyata keçirilir. Dövlət tərəfindən xəstəxanaya verilən dərmanlar da vətəndaşlara pulla satılır. Deyirlər xəstə burada yatırsa dərmanı da bizim aptekdən almalıdır. Almayanda həkim baxmır, alanda da dərman aptekdəkindən çox baha çıxır. Televiziyada deyirlər ki, dövlət müəssisələrində, heç bir təşkilatda korrupsiyaya yol verilmir. Ancaq İmişli Rayon Mərkəzi Xəstəxanasında çalışan tibb bacısından, həkimlərdən tutmuş qapıda dayananlara kimi hamı xəstəyə gəlir mənbəyi kimi baxır. İcra başçısı isə xəstəxanada hökm sürən özbaşınalıqlara qarşı mübarizə aparmaqda maraqlı görünmür. Deyilənlərə görə, onun özünün də bu məsələdə hansısa formada marağı var. Elə bu səbəbdən də rayondakı vəziyyətdən təngə gələn İmişli sakinləri icra başçısı Vilyam Hacıyevin vəzifəsinin öhdəsindən gələ bilmədiyini bildirir».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Gundelik-Baku.com
353 dəfə oxundu