Prokuror Gündüz Məmmədovu ermənilər sifariş edib?

Prokuror Gündüz Məmmədovu ermənilər sifariş edib?


Ukraynanın Odessa vilayətinin prokuroru vəzifəsinə iddiaçı kimi göstərilən, hazırda vilayət prokurorunun müavini olan Gündüz Məmmədovun barəsində xəbərin dərcindən sonra onun yaxın çevrəsindən redaksiyamızla telefon əlaqəsi saxlayıblar. Prokurora yaxın mənbə bildirib ki, politica-com.ua saytında Gündüz Məmmədovun barəsində dərc edilmiş məqalədə qeyri-dəqiqliyə yol verilib, üstəlik məqalə qərəzlidir və sifarişli xarakter daşıyır.

Mənbə bildirib ki, məqalədə İlham Məmmədov adlı biznesmen G.Məmmədovun atası ( yaxud əmisi) kimi təqdim olunsa da əslində həmin adamın prokurorla heç bir qohumluq əlaqələri mövcud deyil. “Gündüz Məmmədovu rusiyameylli kimi qələmə verməklə onu qaralamaq istəyirlər. Bunun arxasında Odessadakı erməni diasporu dayanır, onlar azərbaycanlı diasporunun regiondakı mövqelərinin güclənməsini istəmirlər. Cəbhədəki son hadisələrdən sonra ermənilər Odessada çox fəallaşıblar. Gündüz Məmmədov ukraynameyllidir, azərbaycanlıdır və vətəndaşı olduğu dövlətə sadiqdir”-prokurorun ailəsinə yaxın mənbə bildirib.

Odessadakı azərbaycanlı diasporundakı mənbə deyib ki, məqalədə G.Məmmədovun indiki mer Truxanovun adamı tərəfindən dəstəklənməsi haqda deyilənlər də həqiqətdən uzaqdır. “G.Məmmədov bundan əvvəl Odessa prokuroru olanda Truçanovun bütün ətrafını korrupsiyaya görə həbs etdirmişdi. Gündüz Məmmədov Odessada yüksək vəzifə tutan yeganə azərbaycanlıdır və bu səbəbdən ermənilər onu qaralamağa, gözdən salmağa çalışır”-mənbə deyib.

* * *10:11

Ukraynanın Odessa vilayətinin prokuror müavini Gündüz Məmmədov yaxın vaxtlarda vilayətin baş prokuroru təyin edilə bilər.

Virtualaz.org xəbər verir ki, bu haqda Ukrayna mənbələri yazır.

Məsələnin maraqlı tərəfi budur ki, onun prokuror vəzifəsinə təyinatı üçün bir neçə iri odessalı biznesmen, o cümlədən odioz fiqur olan Vladimir Qalanternik lobbiçilik edir. Odessanın indiki meri Truxanov məhz Qalanterikin adamıdır. Onların hər ikisi Rusiya biznesinə yaxın adamlar hesab edilirlər. Truxanov uzun müddət Rusiyanın “Lukoil” şirkətinin Ukraynadanı nümayəndəsi olub. Onun Rusiya vətəndaşlığı bu yaxınlarda üzə çıxanda qalmaqal yaranmışdı.

Mətbuat yazır ki, Odessa prokuroru vəzifəsinin “bazar qiyməti” hazırda 5 milyon dollardır. Qubernator Mixail Saakaşvilinin tərəfdaşı David Sakvarelidzenin azad edilməsindən sonra Odessa vilayət prokuroru vəzifəsi hələ boş qalır.

Bu vəzifəyə əsas namizəd hesab edilən Gündüz Məmmədov isə prokurorluq sistemində çoxdan işləyir. O, Meçnikov adına yerli universiteti 1996-cı ildə bitirib və prokurorluq sistemində işə keçib. 2014-cü ildə Odessa prokuroru təyin olunub, ancaq 2015-ci ilin sonunda onun yerini Sakvarelidze tutub. G.Məmmədov nüfuzlu ailədəndir. Onun əmisi İlham Məmmədov bir vaxtlar “Lukoil-Ukrayna” şirkətinin baş direktoru olub. İlham Məmmədovun “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla sıx əlaqələri var.

Lakin İ.Məmmədovun Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsi ilə də sıx əlaqələrinin olduğu bildirilir. Habelə o, Donetsk klanı və Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə bağlı olub. G.Məmmədovun kiçik qardaşı Elçin Məmmədov isə SOCAR-ın Ukrayna nümayəndəliyinin rəhbəridir. Onun odessalı siyasətçilərlə yaxın əlaqələri var. Bu əlaqələr sayəsində Odessanın mərkəzində “SOCAR” yanacaqdoldurma məntəqələri açıb. “Politica-ua” yazır ki, rusiyameylli “neft prokuroru”nun Odessa regional prokurorluğunun rəhbərliyinə gətirilməsini Rusiyaya bağlı oliqarxlar istəyir. Ancaq ehtimal edilir ki, bu təyinat güclü ictimai etirazlarla qarşılaşacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
315 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...