Şamaxıda sahibkarı incidən məmurlardan - Şikayət var

Şamaxıda sahibkarı incidən məmurlardan -


Şamaxı sakini Toğrul Salahov rayonun icra nümayəndələrindən şikayətçidir. Şikayətçinin sözlərinə görə, rayon icra başçısının iqtisadi məsələlər üzrə müavini Ağamustafa Vahidov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Sərdar Ömərov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hafiz Əzizov sahibkarların fəaliyyətlərinə mane olub, dövlətin torpaqlarını mənimsəyirlər.

T. Salahov problemləri ilə bağlı müvafiq orqanlara müraciət edib, cavab almadığı üçün məsələni ictimailəşdirmək üçün “Yeni Müsavat” qəzetinin redaksiyasına müraciət edib.

Şikayətçi öz problemlərini geniş formada aşağıdakı kimi danışıb:

“Şamaxıda Göylər kəndində fermer təsərrüfatçılığı ilə məşğulam. 2011-ci ildən sahibkar kimi dövlətə vergi ödəyirəm. Fermer təsərrüfatımı isə 2014-cü ildən yaratmışam. Təsərrüfatım xırda və iri buynuzlu heyvanlardan ibarətdir. Şamaxıda qışlaq və yaylaq sahələri var ki, həmin əraziləri yuxarıda adını çəkdiyim şəxslər alıblar. Bütün bu torpaq ərazilərini qohumlarının, tanışlarının adına keçirib, bizə 3000 manata icarəyə verirlər. Bu torpaqlar dövlətindir və vergi nə qədərdirsə, onu dövlət hesabına ödəməyə hazırıq. Ancaq həmin pullar dediyim kimi bu şəxslərin ciblərinə gedir. Bizim də sahibkar kimi inkişafımıza mane olurlar. Bununla bağlı bir çox müvafiq orqanlara şikayət etmişəm. Ancaq şikayət ərizələrim sonra onsuz da icra nümayəndələrinə qayıdır ki, bu məsələyə baxsınlar. Bu adamlar da özlərindən edilən şikayətə məntiqə görə baxmırlar. İllərdir ki, biz əziyyət çəkirik. Məndən başqa digər sahibkarlar da narazıdırlar. Onlardan Əzizbaba Fətullayev, Vahid Əhmədov, Məzahir Hacıyev, Səbrağa Hacıyev, Ağamikayıl Cəbrayılovun adını qeyd edə bilərəm. Əgər bizim şikayətimizə baxılmasa etiraz aksiyası keçirəcəyik”.

Şikayətçinin söylədiyi fikirlərə qarşı tərəfin də mövqeyini almaq üçün Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Rayon icra başçısının müavini Ağamustafa Vahidov bildirdi ki, onun bu məsələlərlə heç bir əlaqəsi yoxdur:

“Bu kimi məsələlərlə bağlı şikayətlər gəlib və onlara Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi baxır. Məsələlər orada araşdırılır. Mən iqtisadi məsələlər üzrə müavinəm və nə yaylaq, nə də qışlaq torpağım yoxdur. Ona görə də bu barədə fikir bildirə bilməyəcəm”.

Qeyd edilən şöbə ilə telefon əlaqəsi yaratmağa cəhd etsək də zəngimizə cavab verən olmadı.

Şikayətlə bağlı qarşı tərəfin də tam mövqeyini verməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
321 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...