''Avro-2016''da ikinci tur başlayır: kimlər çamadanını toplayacaq?

''Avro-2016''da ikinci tur başlayır:


Qruplarda mübarizə daha da qızışır-Slovakiya və Rumıniyaya bu gün yalnız qələbə lazımdır, Rusiya və Fransa isə...
Bu gün saat 17:00-da Rusiya-Slovakiya matçı ilə “Avro-2016"da ikinci turun oyunlarına start verilir. Saat 21:00-da Rumıniya-İsveçrə matçının fiti səslənəcək. Günün son qarşılaşması isə saat 23:00-da ev sahibləri Fransa və Albaniya millisi arasında başlayacaq.

Berezutski: “Bu qarşılaşma İngiltərə ilə oyundan da çətin olacaq”

Rusiyanın birinci turda İngiltərə millisi ilə uzatma dəqiqələrində vurduğu qolla bərabərə qalması bugünkü oyuna rəqibindən daha yaxşı əhval-ruhiyyədə çıxmağa imkan verəcək. Rusiya millisinin ingilislərlə oyunu baxımlı alınmadı və rus şərhçilərin təriflərinə baxmayaraq, oyunun sonu nəticəyə görə deyildi. Kapitan Vasili Berezutskinin uzatma dəqiqələrində uzun ingilis müdafiəçilərinin arasından rahatlıqla, həm də başla qapıya yol tapması ingilislərin çox vacib iki xalını əlindən aldı.

Bədbəxt ingilislər! Rusiya ilə oyundan sonra Runinin komandası haqda başqa söz demək də olmur. Əsasən gənclərdən ibarət aqressiv və sürətli komanda elə ilk oyunda özünə diqqət çəkə bilib. Amma İngiltərə yenə çətin ki, bu komanda ilə çox irəliləyə bilsin. Gənc olmaq həm də təcrübəsizlikdir ki, bu da İngiltərə millisinin oyununda nəzərə çarpırdı.

Rusların qapıçısı İqor Akinfeyevin oyununu qeyd etmək lazımdır. O, ingilislərin ən azı üç dəfə qol vəziyyətini reallaşdırmağa imkan vermədi. “Zenit”in hücumçusu Artyom Dzyuba isə ilk oyunda ümidləri doğrultmadı. Seçmə mərhələdə 8 qol vuran Dzyubanı Levandovski, Tomas Müller, Zlatan İbrahimbəyoviçlə müqayisə edirdilər, o isə ilk oyunda kölgədə qaldı. Bugünkü oyunda Dzyubaya Aleksandr Kokorini və Denis Çerışevin daha fəal kömək edəcəyi gözlənilir. Rusiya millisinin müdafiəçisi Aliksey Berezutski uefa.com saytına bu gün keçiriləcək qarşılaşma barədə danışıb: “Bu qarşılaşma İngiltərə ilə oyundan da çətin olacaq. İngiltərə ilə oyunda biz ikinci hissəni düşünmədən əks-hücumlarda oynayırdıq. Ancaq slovaklarla hər iki hissədə belə oynamalıyıq ki, bu da asan iş deyil”.

Slovakiya isə Rusiyadan fərqli olaraq məyusdur və onlara mütləq qələbə lazımdır. Əgər təbii ki, növbəti mərhələyə çıxmaq istəyirlərsə...

''Avro-2016''da ikinci tur başlayır:


Slovakiya millisi Uelslə qarşılaşmada 2:1 hesabı ilə məğlub olub. İtaliya “Napoli”sinin pleymeykeri Marek Xamşik qol vura bilməsə də, Slovakiya millisi üçün necə vacib oyunçu olduğunu bir daha sübut etdi. Xamşik meydanı yaxşı görürdü, komandanın əsas hücumları onun iştirakı ilə qurulurdu. Bugünkü oyunda Xamşik nəhayət ki, öz sözünü deməlidir. 2007-ci ildən millidə oynayan Xamşik yarımmüdafiəçidir. Amma o sürət sayəsində hər yerə yetişir, müdafiəyə də, hücuma da... Yan Dyuriç və Martin Şkrıtel də Slovakiyanın heyətində bu gün özlərinin təsdiqləmədilər. Əks halda, gec olacaq...

Rusiya FİFA reytinqində 29, Slovakiya isə 24-cüdür. Komandalar indiyədək 8 dəfə görüşüblər, 3 dəfə rusiyalılar, 2 dəfə slovakiyalılar qalib gəlib. Sonuncu dəfə 2014-cü ildə Moskvada yoldaşlıq görüşü olub və ruslar 1 top vuraraq qalib gəliblər. Maraqlıdır ki, komandalar arasında oyunda həmişə minimal hesab qeydə alınıb və heç vaxt 4 top vurulmayıb.

''Avro-2016''da ikinci tur başlayır:


Rumınlar üçün mühüm oyun-yalnız qələbə

İlk oyununu ev sahibləri Fransaya qarşı keçirən Rumıniya millisi çox yaxşı təsir bağışladı. Fransa milisinin oyunçusu Payenin matçın sonuna dəqiqələr qalmış vurduğu qəfil zərbə tora girməsəydi, fransızlar rumınlarla xalları bölməli olacaqdı. Əsasən yerli klublardan formalaşmış Rumıniya milisi açılış matçında çempionluğa əsas namizəd olan Fransadan heç də geri qalmadı, hətta rəqib qapısında yaratdığı təhlükəli vəziyyətlərə görə üstün də göründü.
Rumıniya millisinin oyunçuları yaş həddinə görə qocamanlardan sayılsa da, Kristian Sapunaru, Kozmin Moti və Rezvan Raç Fransa millisinin təhlükəli hücumlarının qarşısında heç də zəif görünmədilər, Fransa milisinin gənc ulduzu Antuan Qrizmannı nəinki rahat oynamağa, ümumiyyətlə, oynamağa imkan vermədilər.


''Avro-2016''da ikinci tur başlayır:

Angela Yordaneskunun yetirmələri birinci hissəyədək əsasən əks-hücumlara üstünlük verirdilər. 57-ci dəqiqədə qol buraxan Rumıniya 65-ci dəqiqədə hesabı bərabərləşdirə bildi. Nikolae Stançu, Ovidiu Xoban və Mixay Pintiliniyin orta xəttə oyunu Fransanı effektiv hücumlar qurmağa imkan vermədi. Rumınlarda daha bir xoşagələn cəhət komandanın dayanmadan meydanda hərəkət etməsidir. Andrian Popa, Boqdan Stanku və Florin Andone hücum xəttində daima fransızları narahat etdi. Fransa millisi daha gənc olsa da, rumınlar oyunun sonunadək mübarizəni dayandırmadılar ki, bu da Angela Yordaneskonun komandasının aktivinə yazılmalıdır.

Rumınların bugünkü rəqibi İsveçrə ingilis mütəxəssis Roy Consonun rəhbərliyi ilə Fransada ilk qələbələrini qazanıblar. Albaniya ilə ilk turda İsveçrə minimal hesabla qalib gəlib. Albaniya həmin oyunda çox zəif göründü və ola bilsin ki, çempionatın elə ən zəif komandası da Albaniya olsun.

''Avro-2016''da ikinci tur başlayır:


“Avro-2016"nın seçmə mərhələsində keçirdiyi 10 oyunun 7-sində qalib gələn İsveçrə isə Albaniya ilə qarşılaşmada xüsusi üstünlüyü görünmədi. Albanlar azlıqda qalmalarına baxmayaraq, İsveçrəyə müqavimət göstərə bildilər, qapılarına daha bir qol vurulmasına imkan vermədilər. İsveçrə millisinin böyük ümidlər bəslədiyi Xerdan Şakiri, Admir Mehmedi və Haris Seferoviç albanların azlıqda qaldığı 60 dəqiqədə rəqib qapısında, top keçirə bilmədilər. Amma İsveçrənin müdafiə xətti Djuri, Lixştayner, Rodriqes inamlı göründülər. Eləcə də İsveçrə Albaniya üzərində qələbəsinə görə qapıçı Yan Zommerə minnətdar olmalıdır. O, ən azı 4 dəfə komandasını real qol vəziyyətindən xilas edə bildi. Rumıniya isə Albaniya deyil. İsveçrə aktivinə 3 xal yazdığı üçün qismən arxayın ola və müdafiədə oynayıb rumınları əks-hücumda cəzalandırmaq taktikasını seçə bilər. Rumıniyaya isə qrupdan növbəti mərhələyə çıxmaq şansını saxlamaq üçün mütləq qələbə lazımdır.

FİFA-nın reytinq cədvəlində İsveçrə bugünkü rəqibini qabaqlayır. İsveçrə 15-ci, Rumıniya isə 22-ci yerdə qərarlaşıb. Komandalar aralarında indiyədək 12 oyun keçiriblər və hərəyə 5 qələbə qazanıblar, iki oyun isə heç-heçə bitib. Sonuncu dəfə 2012-ci ildə yoldaşlıq görüşündə Rumıniya səfərdə İsveçrəyə 1:0 hesabı ilə qalib gəlib.

Fransa üçün rahat rəqib-Albaniya

Günün son oyununda Fransa Albaniya ilə görüşəcək. Albaniya tarixində ilk dəfə iştirak etdiyi çempionatda xüsusi iddiası yoxdur. Fransa isə bu oyunda qalib gəlməklə növbəti mərhələyə vəsiqəni təmin etmək istəyəcək. Fransa haqda hələ qarşıdakı oyunlarda çox danışacağıq. Yəqin ki, Albaniya ilə qarşılaşmada qalib gəlmək fransızlar üçün çətin olmayacaq. Albaniya uduzarsa, çamadanlarını toplaya bilər...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
444 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...