Sabah Avropa Birliyi parçalana bilər - kritik gün

Sabah Avropa Birliyi parçalana bilər -


Sabah Böyük Britaniyanın Avropa İttifaqından ayrılması ilə bağlı referendum keçiriləcək. Bu ölkədə keçirilən rəy sorğularının nəticələrinə görə demək olar ki, Aİ-dən ayrılmaq istəyənlərlə istəməyənlərin sayı bərabərdir. Lakin Londonda Böyük Britaniyanın Avropa İttifaqının tərkibində qalmasını dəstəkləyən deputat Co Koksun qətli bəzi seçicilərin fikirlərini dəyişməsinə səbəb olub.

Səsvermədən bir gün öncə Avropa Şurasının rəhbəri Donald Tusk Britaniya vətəndaşlarına səslənərək onları Aİ-dən ayrılma qərarına səs verməməyə çağırıb. D.Tusk bildirib ki, Britaniyanın Aİ-ni tərk etməsi Avropaya və bütün Qərbə zərbə olacaq.

“Biz bunun hansı reaksiyalar verəcəyini və zəncirvari reaksiyanın necə gedəcəyini bilmirik. Bu, hazırda bizim üçün əsas riskdir” - deyə Donald Tuisk bildirib.

İqtisadçı ekspertlər də Britaniyanın Aİ-dən ayrılmasının mənfi nəticələrə səbəb olacağını bildirirlər. Daha çox Böyük Britaniyanın iri şirkət rəhbərləri əhalinin Aİ-dən çıxmaq qərarına səs verməməsi üçün kompaniyalar keçirir. Politoloqlar isə bu referendumda olmasa belə, gec-tez Böyük Britaniyanın Avropa İttifaqından ayrılacağı qənaətindədirlər.

Politoloq Elxan Şahinoğlu musavat.com-a bildirdi ki, referendumdan hansı nəticənin çıxacağı haqda proqnoz vermək çətindir: “Referenduma iki gün qalıb. Əgər bir neçə gün öncə Avropa İttifaqından çıxmaq istəyənlərin sayı nisbətən çox idisə, Londonda baş verən sui-qəsddən sonra ittifaqda qalmaq istəyənlərin sayı nisbətən artıb. Londondakı qətl də onunla bağlı idi ki, ingilis deputat Avropa İttifaqında qalmağın tərəfdarı idi və onu radikallardan biri öldürdü. Bu da istər-istəməz insanlarda həmin deputata və onun fikirlərinə rəğbət oyatdı. İndi Britaniyada həmin terror hadisəsinə görə ingilislərin nisbətən çox hissəsi Böyük Britaniyanın Aİ-də qalmasına tərəfdar ola bilər.

Ancaq hətta səs çoxluğu ilə Aİ-də qalmaq tərəfdarları üstünlük təşkil etsə də, gələcəkdə bu məsələ yenə də qalxacaq. Çünki bu illərdə nə Böyük Britaniyanın narazı qaldığı miqrant məsələsi həll olunacaq, nə iqtisadiyyatda irəliləyiş olacaq. Böyük Britaniya nə zamansa Avropa İttifaqından çıxmağa səs verəcək. Çünki Avropa İttifaqı öz qlobal problemlərini hələ ki, həll eləmək iqtidarında deyil. Avropa İttifaqından çıxmaq istəyənlərin ciddi arqumentləri də var ki, belə davam etsə ölkə iqtisadiyyatı zəifləyəcək. Miqrantların böyük əksəriyyəti isə Britaniyanın Aİ-dən çıxmasının əleyhinədir. Ona görə də, bu referendumun nəticəsi olaraq Böyük Britaniya Aİ-də qalacaq. Ancaq bu, heç də o demək deyil ki, Böyük Britaniyanın Aİ-də qalıb-qalmaması məsələsinə nöqtə qoyulacaq”.

E.Şahinoğlunun fikrincə, ingilisləri Avropa İttifaqından ən çox narazı salan məqam miqrant məsələsidir: “Böyük Britaniya hər zaman böyük dövlət olub və müstəqil qərarlar verib. Hətta 1974-cü ildə Böyük Britaniya Aİ-yə üzv olanda belə, referendum keçirməmişdi. Ondan sonra da Böyük Britaniya tam olaraq Avropa İttifaqının tərkib hissə olmadı. Avropa İttifaqına daxil olan bütün dövlətlər avronu qəbul etsə də, Böyük Britaniya etmədi, müstəqil siyasət yürütdü və milli valyuta funt-sterlinq qaldı. İndi də Böyük Britaniya özünü Avropa İttifaqından nisbətən kənarda görür. Bu diskussiyalar illərlə davam etdiyinə görə Devid Kemeron seçki öncəsi vəd vermişdi ki, bu məsələyə yenidən baxacaq. O, öz verdiyi vədə uyğun olaraq, referendum təyin etdi. O, Brüsselə getdi, danışıqlar apardı, şərtlərini irəli dürdü və sonra bu nəticəyə gəldi ki, guya Brüssel onun şərtlərini qəbul etmir. Şərtlər də ondan ibarət idi ki, Böyük Britaniyanın daha çox payı olacaq, onlara daha çox maliyyə yardımları veriləcək, onların daha çox qərar vermək imkanları olacaq”.

Politoloqun sözlərinə görə, referendumun nəticəsindən asılı olmayaraq, Aİ Böyük Britaniyanın şərtlərini yerinə yetirməyəcək: “Bu vədləri veriblər, lakin bu, o demək deyil ki, Britaniya Aİ-də qalsa, onun vədlərinin hamısı yerinə yetiriləcək. Çünki digər dövlətlər də deyə bilər ki, biz də böyük dövlətlərik, bizim də özümüzə görə statusumuz olmalıdır. Aparılan rəy sorğuları onu göstərir ki, Böyük Britaniya Avropa İttifaqından çıxsa, Fransa və Yunanıstanda da respondentlərin böyük əksəriyyəti bu məsələnin gündəmə gəlməsini istəyəcək.

Britaniyanın iki əsas şərti var. Birincisi miqrantların qəbulu ilə bağlı şərtlərin sərtləşdirməsi, ikincisi isə ümumi bir veto hüququ məsələsidir. Aİ-də qərarlar konsensus üsulu ilə qəbul edilir və ittifaq ölkələri əhalinin sayından və ərazisindən asılı olmayaraq hamısının eyni dərəcədə söz hüququ var. Bəzən kiçik bir ölkə heç özünə aid olmayan qərarların qəbuluna veto qoya bilir. Britaniyanın təkliflərindən biri də bu qaydanın dəyişdirilməsi və ümumi səs çoxluğu ilə qəbul olunmuş qərarların yerinə yetirilməsi məsələsidir. Məncə bu məsələdə Britaniya tərəfi haqlıdır”.

İqtisadçı ekspert Natiq Cəfərli isə musavat.com-a bildirdi Britaniyanın ittifaqdan ayrılması biznes üçün ziyanlı bir proses olacaq: “Bu qərarın çıxmasının iki səbəbi var idi. Britaniya əhalisinin böyük əksəriyyəti Avropa İttifaqının ümumi immiqrasiya siyasətini bəyənmirdi. İngilislər daha çox immiqrantların qəbul edilməsini və onların Avropa İttifaqı ölkələri arasında bölüşdürülmə kvotasını bəyənmirdi. Çünki Avropa İttifaqının ən böyük ölkələrindən biri olduğu üçün kvotaya uyğun olaraq, Britaniya daha çox immiqrant qəbul etməyə borclu idi. Bu, birinci səbəb idi. İkinci səbəb isə o idi ki, Britaniyanın Avropa İttifaqından çıxmağa tərəfdar olan siyasətçiləri belə bir arqument səsləndirirdilər ki, Birliyin bir çox layihələrində, o cümlədən Şengen vizasında Britaniya iştirak etmir, o cümlədən ümumi pul vahidi – avro məkanına daxil deyil, ancaq ən çox üzvlük haqqı ödəyən ölkələrdən biri Britaniyadır. Avropa İttifaqından çıxmağın tərəfdarı olan siyasətçilər bu iki arqumenti əsas götürürdülər. Ancaq o da faktdır ki, bu qərar Avropa İttifaqı ilə iqtisadi əlaqələrin zəifləməsinə gətirib çıxara bilər. Bunu əsas götürərək böyük şirkətlər lobbiçilik edirlər ki, belə bir qərar çıxmasın. Çünki Britaniya Aİ-dən çıxsa, sonradan həmin şirkətlər üçün yeni müqavilələrin bağlanması gündəmə gələcək ki, bu da biznes üçün ziyanlı bir prosesdir”.

İqtisadçının sözlərinə görə, əgər referendumdan ayrılma qərarı çıxsa, ən böyük zərbə Britaniyanın milli valyutası olan funt-sterlinqə dəyəcək: “Funt sterlinq tarixinin ən aşağı məzənnəsini görə bilər. Funt-sterlinqin dəyərdən düşməsi isə ümumi bank sektoruna təsir göstərə bilər. London dünyanın maliyyə mərkəzlərindən biridir. Ona görə də belə bir qərarın çıxması ümumi maliyyə sisteminə mənfi təsir göstərə bilər. Dünya birjalarında həm funt dəyərdən düşə, həm də dünyada bank sistemində çox ciddi problemlər yaşana bilər. Buna görə də, sorğuların nəticəsi onu göstərir ki, Aİ-dən çıxmaq tərəfdarları ilə qalmaq tərəfdarlarının sayı təqribən eynidir. Yeganə olaraq, təxminən 15 faizə yaxın hələ də qərar verməyən seçici var və referendumun taleyini də məhz qərarsızlar həll edəcəklər. Ümid edirəm ki, Britaniya seçiciləri Aİ-də qalmağa səs verəcəklər. Çünki bunun iqtisadidən daha çox siyasi nəticələri də ola və domino effekti yarada bilər. Digər ölkələrin də Aİ-dən çıxması üçün prosedur qaydalarının formalaşmasına gətirib çıxara bilər ki, bu da birliyin gələcəyini sual altında qoyacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
371 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...