Manatın ucuzlaşmaq riski varmı? – TƏHLİL
Hazırda ölkənin valyuta bazarında sabitlikdir. Düzdür, manat mərhələli olaraq gah bahalaşır, gah da ucuzlaşır. Lakin bu, heç bir halda psixoloji həddi keçmir. Odur ki, belə görüntü yaranıb ki, Mərkəzi Bank (AMB) manatın ABŞ dollarına nəzərən məzənnəsində sanki bəlli bir dəhliz və yaxud çərçivə müəyyən edib.
Keçən ilin dekabrın 21-i tarixdə ikinci devalvasiya ilə əlaqədar bəyan edilsə də ki, məzənnə siyasətində guya üzən rejimə keçilib, əslində, heç də belə deyil. Manatın məzənnəsi yenə idarə olunur. Sözümüz bunda deyil.
Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov da bu günlərdə qeyd edib ki, aparılan məqsədyönlü işlər nəticəsində hazırda valyuta bazarında sabitlik müşahidə olunur. Və əlavə edib ki, manat öz fundamental dəyərini tapır.
Məlum olduğu kimi neftin dünya bazar qiymətinin kəskin ucuzlaşması, bununla əlaqədar olaraq da dünya maliyyə bazarlarında baş verən proseslər və bunun bank sektoruna təsiri, xarici investisiyaların azalması, ölkəmizin əsas ticarət tərəfdaşlarının milli valyutalarının devalvasiyaya uğraması, qeyri-neft sektorunu inkişaf etdirmək və rəqabətqabiliyyətli etmək məqsədilə manatın dəyəri iki dəfə ucuzlaşdırıldı. Ancaq bu, sondurmu? Bax, bu barədə proqnoz vermək isə hər halda çətindir. Sual olunur ki, niyə?
AMB ölkənin tədiyə balansının ümumi saldosunu açıqlayıb. Məlumdur ki, tədiyyə balansı müəyyən dövr ərzində rezidentlər və qeyri-rezidentlər arasında aparılmış bütün maliyyə xarakterli iqtisadi əməliyyatlar üzrə statistikadır. Və daxili valyuta bazarında mövcud vəziyyət, o cümlədən perespektiv daha çox məhz ondan, başqa sözlə desək, bilavasitə bu sahədəki vəziyyətdən asılıdır.
Məsələ isə bundan ibarətdir ki, 2016-cı ilin birinci rübü ərzində Azərbaycanın tədiyə balansının ümumi saldosu mənfi 1 milyard 270,8 milyon dollar təşkil edib ki, yəni, kəsir davam etməkdədir. Başqa sözlə desək, ölkədən çıxan pulun daxil olandan yenə çox olduğu deməkdir. Deməli, ölkənin valyuta bazarında sabitlik kövrək vəziyyətdədir. Belə ki, ölkədən çıxan pul daxil olandan çoxdursa, milli valyutanın məzənnəsində müşahidə olunan kəskin sıçrayışları olmamasına görə, “qürrələnməyə” dəyməz.
Düzdür, tədiyyə balansımızda artıq, uzun müddətdir qeydə alınan mənfi saldonun səbəbi aydındır. Bu, bilavasitə neftin dünya bazar qiymətləri ilə əlaqədardır ki, ölkəyə əvvəlki illərdəkindən fərqli olaraq az valyuta daxil olur. Bayaq da qeyd etdik ki, xarici investisiyalar da azalmışdır. Ölkəyə dollar gətirən başqa idxal məhsulu isə yoxdur.
Ancaq bir müsbət cəhət vardır ki, builki göstərici keçən ilin anoloji dövründəkindən azdır. Belə ki, 2015-ci ilin birinci rübündə isə tədiyə balans üzrə kəsir 4 milyard 590,6 milyon dollar təşkil etmişdi. Ötən ilin anoloji dövrü ilə müqayisədə tədiyyə balansının kəsiri 3,6 dəfə azalıb.
Hesab edirəm ki, bu da neftin qiymətinin nisbətən sabitləşməsi, həmçinin ölkədən kənara axan kapitalın həcminin azalması ilə əlaqədar baş vermişdir.
Lakin əsas bu deyil. 2016-cı ilin yanvar-mart ayları ərzində xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olub ki, bu da yuxarıda qeyd etdiyimiz amillərə (neftin qiymətinin sabitləşməsinə, həmçinin ölkədən kənara axan kapitalın həcminin azalmasına) əsaslanaraq dayanıqlıq haqda söhbət açmağın mümkün olmadığını diqtə edir.
Yeri gəlmişkən, neft-qaz sektoru üzrə ümumi daxilolmalar, neftin və təbii qazın ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır, sözügedən sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların geriödənişi, həmçinin avadanlıqların və xidmətlərin idxalını əks etdirir.
2016-cı ilin yanvar-mart aylarında tədiyyə balansında neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo 1 milyard 2 milyon dollar olub.
Daxili valyuta bazarında əldə olunan sabitliyin əgər dayanıqlı olmasını istəyiriksə, xarici iqtisadi əməliyyatlar üzrə mütləq məhz qeyri-neft sektorunda müsbət saldoya sahib olmalıyıq.
Bütün bunlara əsasən də qeyd etməyi vacib hesab edirik ki, manatın yenidən kəskin şəkildə ucuzlaşacağı ehtimalı tam olaraq aradan götürülməyib. Düzdür, bu sahədə ciddi təhlükə sovuşub. Lakin bu, obyektiv nöqteyi-nəzərdən belədir. Məsələyə təsir edən bir çox subyektiv amillər də vardır ki, bunlar hələ də qalır. Bunlardan biri və ən mühümü isə manata inam məsələsidir. Bu da banklardan başlayır.
Odur, nə qədər ki, ölkənin bank sektorunda vəziyyət gərgindir, daxili valyuta bazarında proseslər də kifayət qədər anlaşıqlı xarakter daşımayacaq. Bankları “bataqlıqdan” necə çıxartmağa dair yazımızda da qeyd etmişdik ki, bu gün ölkə iqtisadiyyatında real vəziyyətə dair birmənalı şəkildə qeyd etmək olar ki, xammal, xüsusən də neftin dünya bazar qiymətlərində müşahidə edilən qlobal böhranın təsir və təzyiqlərindən sığortalana bilmişik.
Ancaq əsas hədəfə çatmağa isə hələ çox var. Xüsusən də bank sektorunda vəziyyət olduqca acınacaqlıdır. Ən çətin vəziyyət iqtisadiyyatın bu sektorundadır ki, bu sistemi nisbətən sağlam vəziyyətə gətirmədən digər istiqamətlərdə həyata keçirilən işlər və tədbirlər güclü effekt verməyəcək. O cümlədən, qeyri-neft sektorunun inkişafı da...
Pərviz Heydərov
AzVision.az üçün
328 dəfə oxundu