Cahangir Hacıyevin vəkili ittihamlardan danışmaq istəmir

Cahangir Hacıyevin vəkili ittihamlardan danışmaq istəmir


Hacıyevlər rəsmi məlumatda qeyd edilənlərlə razıdırmı?

Beynəlxalq Bankın sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevin vəkili Aqil Layıcovun “Yeni Müsavat”a müsahibəsindən sonra Daxili İşlər Nazirliyi (DİN) “Beynəlxalq bank işi” ilə bağlı rəsmi məlumat yayıb.

Rəsmi məlumatda qeyd olunur ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda ziyan vurulması faktına görə başlanmış cinayət işinin istintaqı bəzi epizodlar üzrə başa çatıb.

Bildirilir ki, aparılmış istintaqla 2001-2015-ci illərdə Bankın İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyevin qeyriləri ilə qabaqcadan əlbir olub mütəşəkkil qrup yaradaraq ona rəhbərlik etməsinə, qulluq mövqeyindən sui-istifadə edərək özünün, ailə üzvlərinin və digər şəxslərin adına kart hesablarının açılması və həmin hesablara külli miqdarda pul vəsaitlərinin köçürülməsi barədə qanunsuz göstərişlər verməsinə, eləcə də C.Hacıyev və cinayətin digər iştirakçılarının Müşahidə Şurasının qərarı olmadan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin filiallarında bir çox fiziki şəxsin adına 47 milyon 144 min manat kredit pullarını rəsmiləşdirərək mənimsəmələrinə və beləliklə, Səhmdar Cəmiyyətə ümumilikdə 211 milyon 597 min manat məbləğində ziyan vurmalarına şübhələr üçün əsaslar müəyyən edilib.
Qeyd edilən epizodlar üzrə C.Hacıyevə və digər 7 şəxsə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Zamirə Hacıyeva istintaqdan gizləndiyi üçün barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.

Hacıyevlər rəsmi məlumatda qeyd edilənlərlə razıdırlarmı?

Rəsmi açıqlamaya münasibət öyrənmək üçün Cahangir və Zamirə Hacıyevlərin vəkili A.Layıcovla bir neçə dəfə əlaqə saxladıq. Vəkil işlərinin çoxluğunu əsas gətirməklə bir qədər sonra bizimlə əlaqə saxlayacağını bildirdi. Sonradan isə telefonunu qapatdı. Qeyd edək ki, A.Layıcov qəzetimziə müsahibəsində Cahangir Hacıyevin bu gün həbsdə olmasında Maliyyə Nazirliyinin rəhbərliyi günahkar olduğunu bildirmişdi. Beynəlxalq Bankın bugünki duruma düşməsində də bu qurumun rəhbər şəxslərinin günahkar olduqlarını, səriştəsi olmayan şəxslərin Beynəlxalq Bankın maliyyələşdirdiyi layihələrə rəhbər təyin olunduqlarını açıqlamışdı. A.Layıcov nazirliyin rəhbər şəxslərini Beynəlxalq Bankın uğurlarına, xüsusən “Ficht”, “Standard and Poor”, “Moody’s İnternational” beynəlxalq reytinq təşkilatlarının qiymətləndirmələrində Maliyyə Nazirliyindən önə çıxmasını həzm edə bilməməkdə, qısqanclıqda suçlamışdı. Demişdi ki, Maliyyə Nazirliyi rəhbərliyi Beynəlxalq Bankla əlaqəli ölkə rəhbərliyinə doğru olmayan məlumatlar verib və nəticə etibarı ilə bu gün bank ağır duruma düşüb, müvəkkili həbs edilib.

Vaxtilə Mərkəzi Bankda, “Bank VTB”də rəhbər vəzifələrdə çalışmış, hazırda “Antikollektor” şirkətinin rəhbəri olan Əkrəm Həsənov isə vəkilin dedikləri ilə razılaşmamışdı. Bildirmişdi ki, Beynəlxalq bankın hazırki duruma düşməsində C.Hacıyevlə yanaşı Mərkəzi Bank və Maliyyə Nazirliyi rəhbəliyi günahkardır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
284 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...