İlham Əliyev: “Ünvanlı sosial yardım asılılıq yaradır”

Nazirlər Kabinetinin ilin birinci yarısının yekunlarına həsr olunmuş iclasındakı çıxışı zamanı prezident İlham Əliyev ünvanlı sosial yardımlar haqda da danışıb. Prezident bildirib ki, ünvanlı sosial yardımlar insanlarda asılılıq yaradır və bu da gələcəkdə təhlükəli ola bilər. İlham Əliyevin bildirdiyinə görə bəzi insanlar dövlətdən yardım aldıqlarına görə işləməyə həvəs göstərmirlər. Prezident deyib ki, gələcəkdə dövlət aztəminatlı ailələrin dəstəklənməsi üçün ünvanl sosial yardımın formalarına dəyişiklik edə bilər.
İlham Əliyev deyib ki, dövlət aztəminatlı ailələrə öz bizneslərini yaratmaq üçün dəstək verəcək, beləliklə də ünvanlı sosial yardımdan asılılığı azaldacaq.
* * *21:09
Xəbər verildiyi kimi dünən iyulun 10-da prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci yarısının nəticələrinə və qarşıya qoyulmuş vəzifələrə dair iclas keçirib. Virtualaz.org xəbər verir ki, bu dəqiqələrdə Dövlət Televiziyası iclasın videoçəkilişini – prezidentin giriş nitqini yayıb.
Prezident çıxışında Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətə geniş yer verib. Bildirib ki, danışıqlar prosesi son aylar he vaxt görünməmiş səviyyədə intensivləşib. İlham Əliyevin sözlərinə görə, əvvəllər danışıqlarda Dağlıq Qarabağın statusuna dair “müəyyən planlar” irəli sürülürdü. İndi isə beynəlxalq birlik Azərbaycanın mövqeyi ilə hesablaşır. Bu mövqe ondan ibarətdir ki, Azərbaycan ərazisində ikinci erməni dövləti yaradıla bilməz, Dağlıq Qarabağ heç vaxt müstəqillik statusu ala bilməz.
Prezident bildirib ki, Ermənistanın danışıqları yenidən pozmaq üçün cəbhədə təxribatlara əl atması istisna deyil. Necə ki, 2014-cü ilin payızında Parisdə aparılmış danışıqlardan sonra onlar təxribata əl atdılar və cəmi bir həftə sonra işğal altındakı ərazilərdə irimiqyaslı təlimə başladılar. İlham Əliyev xatırladıb ki, 2015-ci il Ermənistanın hərəkətləri üzündən danışıqlarda itirilmiş il oldu. Və bu ilin aprelində Ermənistan təmas xəttində yenidən təxribata əl atdı və cavabını aldı.
İlham Əliyev qeyd edib ki, Azərbaycan məsələnin sülh yolu ilə həllinə ümid edir və son vaxtlar bu ümidlər bir qədər artıb. Lakin Azərbaycan hərbi potensialını da gücləndirməkdə davam edəcək. Prezidentin sözlərinə görə, aprel döyüşləri Azərbaycan ordusunun qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə qadir olduğunu göstərib. İlham Əliyev vurğulayıb ki, aprel döyüşlərindən sonra Azərbaycan ordusu daha da güclü silah sistemləri əldə edib və bu proses davam etməkdədir.
322 dəfə oxundu