Sosial evlərin qiyməti nə qədər olacaq?

"Hövsan qəsəbəsində ayrılan torpaq sahəsində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inşa etdiyi binalarda 3100-3300 yaşayış mənzili olacaq"
Bunu MİDA-nın direktoru Samir Nuriyev "Caspian Euopean Club"da çıxışı zamanı bildirib. S.Nuriyev bildirib ki, ümumiyyətlə vətəndaşlara veriləcək evlərlə bağlı qeydiyyat növbəlilik prinsipi əsasında olmayacaq: "Tez qeydiyyatdan keçən daha tez mənzilə sahib olacaq. Mənzillər tam təmirli, mətbəx mebeli ilə birgə veriləcək. Yaşayış massivləri hazır olduqdan sonra onların idarəedilməsi ilə bağlı MİDA MMC öz təkliflərini verəcək".
Evlərin qiymətinə gəlincə, Samir Nuriyev bildirib ki, sosial evlərin qiyməti bazar qiymətindən təxminən 20-25% aşağı olacaq.
“Öncə tikinti prosesi başa çatdıqdan sonra qiymətdə əsas güzəşt bazar qiymətindən aşağı olmasıdır. Bazar qiyməti sosial evlərin yerləşməsindən də asılıdır. Bazar qiyməti satış zamanı müəyyən edildikdə, əgər satış hansısa vaxtda təyin olunacaqsa, bazar qiymətindən aşağı, yəni dövlətin verdiyi dəstək hesabına ondan aşağı müəyyən olunacaq”, - deyə direktor sözlərinə əlavə edib.
Onun sözlərinə görə, qiymətlər daha da aşağı salına bilər: “Faizlər də evlərin hansı ərazilərdə yerləşməsindən asılı olaraq dəyişəcək, çünki dövlət dəstəyi torpağın ayrılması və kommunikasiyanın çəkilməsindən ibarətdir. Çox güman ki, imkan olarsa qiymətlər daha da aşağı olacaq”.
Direktor onu da əlavə edib ki, Bakının 3, Sumqayıtın isə 1 ASAN xidmət mərkəzlərində MİDA əməkdaşları olacaq. Onlar vətəndaşların suallarını cavablandıracaq, onları məlumatlandıracaqlar.
546 dəfə oxundu