Şəmkirin icra başçısı göstəriş verib ki, aprel şəhidlərinin yası sdaə təşkil olunsun
Bu günlərdə ölkəmizin bütün regionlarında aprel döyüşlərində qəhrəmancasına şəhid olan vətən oğullarının xatirəsinə anım mərasimi keçirilib. Şəhid ailələri də övladlarının bu məqama ucalmasının birinci ildönümü ilə bağlı ehsan süfrələri, yas mərasimləri təşkil ediblər. Amma Şəmkirdə yas mərasimlərinin keçirilməsi fərqli qaydada olub.
Belə ki, rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov şəhid ailələrinin təşkil etdiyi ehsan mərasiminin təmtəraqsız olması ilə bağlı göstəriş verib. Şəhidlərin ailə üzvlərinin hafta.az-a açıqlamalarında qeyd olunub ki, Alimpaşa Məmmədovun qəti göstərişi ilə yas mərasimlərində ancaq çay, xurma, pendir və göyərti verilə bilər. Ət yeməkləri, bozbaş və digər yeməklər qəti şəkildə qadağan edilib. Onu da qeyd edək ki, Şəmkir rayonu ötən il baş verən dördgünlük döyüşlər zamanı 6 şəhid verib.
Şəhid Vüsal Alıyevin anası Şahnaz Əliyevanın sözlərinə görə, icra başçısı əvvəlcədən xəbərdarlıq edib ki, dəm-dəzgahlı yas mərasiminə icazə yoxdur:
“Kür qəsəbə icra nümayəndəsi gəlib dedi ki, şəhidlərin ildönümünə ancaq halva, pendir və göyərti məhsulları veriləcək. Ət yeməklərinə və şirniyyat məhsullarına isə icazə yoxdur. Bizdə Vüsalın ili aprelin 9-da olacaq. Yas mərasiminin xərcini dövlət öz üzərinə götürüb. Bildirdilər ki, indiyə kimi üç şəhidə il mərasimi verilib. Üçü də eyni qaydada olub - çay, halva, göyəri və pendir. Bilmək istəyirəm bu qadağa tək bizdədir, yoxsa hər yerdə?! Hazırda evdə ancaq fətir salıb yuxa bişiririk. Bu yaxınlarda bizdə ət də, digər yeməklər də verilib. Bir həftə olar hamısı yığışdırılıb. İcazə vermirlər. Tanışlarımız deyir ki, Gəncə və digər yerlərdə belə qadağa yoxdur, Şəmkirdən başqa”.
Vüqar Yusifovun ailə üzvləri bildirib ki, A.Məmmədovun belə bir göstəriş verməsi onu təəccübləndirib. Şəhid polkovnikin qaynı isə deyib ki, Şəmkirdən fərqli olaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti aprel şəhidlərinə təmtəraqlı, onların adına layiq ehsan mərasimi təşkil edib və bütün xərci şəhər meriyası çəkib:
“İcra başçısının bu cür qaydasından şikayətçi deyiləm, sadəcə olaraq, il mərasimi, ehsan bizim onlara sonuncu mənəvi borcumuzdur. O baxımdan deyirəm. Digər şəhidlərin - Nurlanın, Təbrizin analarını gördüm, çox pis olmuşdular. Bütün şəhid ailələri bu cür sadə yas mərasimi keçirdi. Çünki icra başçısının tapşırığı vardı. Aprelin üçündə, dördündə Sumqayıtın icra başçısı aprel şəhidlərinə bir yas mərasimi verdi ki, hələ elə ehsan mərasimi görməmişdim. Şəmkir kiçik bir rayondur, Bakıdan da uzaqdadır. Sumqayıtda o cür yas mərasimi keçirilirsə, Şəmkirdə niyə keçirilməsin?! Şəhid ailələri icra başçısına demir ki, bizə bu cür ehsan mərasimi təşkil edin. Xərclərini də özləri çəkəcəkdilər. Amma imkan verilmədi. Sumqayıtdakı yas mərasiminin xərclərinin hamısını icra hakimiyyəti özü çəkdi. Şəmkirdə indiyə qədər şəhidlər üçün keçirilən yas mərasimlərinin xərcini də icra hakimiyyəti yox, insanlar özləri çəkib. İcra başçısı sadəcə Şəmkirin Şəhidlər Xiyabanında bir tədbir düzənlədi, vəssalam. Sumqayıtda isə imkan vermədilər ki, bir nəfər şəhid ailəsi bir manat cibindən pul qoysun”.
Məsələyə Şəmkirdən deputat seçilmiş Sona Əliyevanın da fikirlərini öyrənməyə çalışdıq. Millət vəkili hafta.az-a açıqlamasında deyib ki, ehsan təkcə ətlə, bozbaşla ölçülmür. Ehsanda yeməklər əslində yüngül şəkildə verilməlidir – halva, çay, xurma, pendir... Şəmkirdə də ehsan mərasimləri bu qayda üzrə təşkil olunur. Bu da camaatın tələbidir:

“Keçən həftənin birinci günü mənim öz doğma əmimin qırx mərasimi idi. Biz də təmtəraqsız, ümumi qayda ilə yas mərasimi keçirdik. Bu cür sadə yas mərasimlərinin keçirilməsi icra başçısının qərarı və ya tələbi deyil. İnsanlar yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı dəfələrlə Alimpaşa Məmmədova da, mənə də müraciətlər edib. Deyirlər ki, yas mərasimlərində israfçılıq olmasın, səbəb kimi də hüzr sahiblərinin yas mərasimində təmtəraqlı ehsan verdikdən sonra borcdan, kreditlərdən qurtula bilməməsi göstərilir. Rayonun ağsaqqalları da bir yerə yığışıb kəndlərdə və rayon mərkəzində yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı qərar qəbul ediblər. Ondan sonra bu cür qərar qəbul olunub. Azərbaycanda yas mərasimlərinin hər hansı bir formada keçirilməsi ilə bağlı qadağa və ya göstəriş yoxdur. Bu, ağsaqqalların tövsiyəsi və camaatla razılaşdırılmış şəkildə edilir”.
Məsələ ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyətindən də münasibət öyrənməyə çalışdıq. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mahir Əliyevin sözlərinə görə, Şəmkirdə yas mərasimlərinin təmtəraqsız keçirilməsi ümumi rayon ağsaqqallarının, ziyalılarının, maddi imkanı zəif olan insanların qərarıdır:
“Rayonda təmtəraqsız yas mərasimlərinin təşkili təkcə şəhid ailələrinə şamil olunmur. Bütün hüzr mərasimləri təmtəraqsız keçirilməsi ilə bağlı yığıncaq keçirilib və qərar verilib. Şəmkirdəki şəhidlərin ailə üzvlərindən kimsə icra hakimiyyətinə yas mərasimlərinin təmtəraqlı keçirilməsi ilə bağlı müraciət etməyib. Bu haqda şikayətin olmasını ilk dəfədir eşidirəm. Nə bizə müraciət edən, nə qəbulumuza düşən olmayıb. İnsanlar kəndlərdən, rayonun özündən israfçılığın aradan qaldırılması ilə bağlı ərizə ilə müraciətlər ediblər. Sakinlər həmin müraciətlərdə bildiriblər ki, yas mərasimlərində sadə menyuda keçirilsin. Aprel döyüşlərində şəhid olanların yas mərasimlərinin icra hakimiyyətinin, yaxud şəhidin ailə üzvlərinin hesabına keçirilməsi ilə bağlı məndə heç bir məlumat yoxdur”.
Sözümüzün canı var; şəhidlər sıradan ölülər deyil. Onların içərisində hələ "sevirəm" sözünü anasına deməyəni də olub, evlənməyəni də... Ata –anaları isə son mənəvi borclarını təmtəraqlı keçirmək istəyib. Belə bir qaydadan xəbərləri olsaydı yəqin övladlarının ehsanı üçün icra hakimiyyətinə də müraciət edərdilər... Bir sözlə, evinə gəlin gətirə bilməyən analar rayon ağsaqqallarının və icra başçısının qərarı ilə qəbir üstünə toy xonçası apara bilmədi. İslamda buyurulur ki, şəhidlərə üçün bütün güzəştlər şamildir. Təbii ki, Allah qatında. Bəs bu dünyada güzəşti kim etməlidir, rəsmilər, ya dünya görmüş ağsaqqallar?!
941 dəfə oxundu