Rüfət Aslanlı QHT sektorunun fəaliyyətinə süni əngəllər törədir

Rüfət Aslanlı QHT sektorunun fəaliyyətinə süni əngəllər törədir


Azay Quliyev: “Kiçik həcmli maliyyə vəsaitlərinin nağdsız həyata keçirilməsi məsələsinə yenidən baxılmalıdır”

Niyaməddin Orduxanlı: “Rüfət Aslanlının verdiyi qərar QHT-lərin fəaliyyətini iflic etməkdədir”


Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) nağdsız bank əməliyyatlarının aparılması ilə bağlı verdiyi qərar Qeyri Hökumət Təşkilatlarının fəaliyyətini iflic edib.

Belə ki, Palatanın qanun halında olmayan, sırf qurumun rəhbəri Rüfət Aslanlının daxili təlimatı, belə desək şifahi tapşırığı ilə nağdsız əməliyyatların aparılması QHT-lərə də şamil edilib. Hansı ki, beynəlxalq praktikada QHT-lərin sahibkarlıq subyekti hesab olunaraq, onlara MMC-lərə və sahibkarlara tətiq olunan qaydanın şamil edilməsi anlayışı yoxdur. Çünki QHT-lər layihələr icra edir və bu layihə zamanı vəsaitlərin böyük hissəsi təbliğat və maarifləndirmə işlərinə sərf olunur. Yəni QHT portnyorluq formatında hansısa qurumla əməkdaşlıq etmir ki, ona vəsaiti nağdsız şəkildə, hesabla köçürə bilsin.

QHT sektoruna qarşı baş verən anlaşılmazlıqla bağlı Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev də açıqlama verib. O, gununsesi.info-ya deyib ki, QHT sektoru ilə bağlı yaranmış vəziyyətdən xəbərdardır: “Ciddi narahatlıqdan xəbərdaram və bununla bağlı artıq QHT-lərə Dövlət Dəstəyi Şurasının ekspertlərinə vəziyyətlə bağlı arayış hazırlamasını tapşırmışam”.Onun sözlərinə görə, vəziyyət araşdırıldıqdan sonra məsələ ilə bağlı konkret mövqe bildiriləcək: “Hesab edirəm ki, əgər belə bir məhdudiyyət yaradılıbsa, bu, mütləq aradan qaldırılmalıdır. Ümumiyyətlə, bu gün bizim fəaliyyətimizə adekvat olmayan çərçivənin yaradılması bütövlükdə sektorun işinə çox ciddi problem yaradacaq. Ona görə də düşünürəm ki, məsələyə yenidən baxmalıyıq. Ancaq yenə deyirəm, məsələnin detallarını öyrənməliyik”.

A.Quliyev bildirib ki, nağdsız əməliyyatların aparılması ilə bağlı minimum həddin aradan qaldırılması heç vaxt qəbul edilə bilməz və bu, onların fəaliyyətinə ciddi təsir göstərəcək.

“Adekvat olmayan məhdudiyyət aradan qaldırlmalıdır”- deyə, Şura rəhbəri bildirib.

Şura sədri əlavə edib ki, heç dünyada da belə bir praktika mövcud deyil: “Biz bununla bank vasitəsi ilə nağdsız əməliyyatların keçirilməsinə qarşı çıxmırıq. Biz sadəcə, kiçik həcmli nağdsız bank əməliyatlarının aparılmasını düzgün hesab etmirik. Təbii ki, maliyyə şəffaflığının təmin edilməsi üçün iri həcmli maliyyə vəsaitlərinin bank vasitəsi ilə həyata keçirilməsi vacibdir və bunu dəstəkləyirik. Ancaq kiçik həcmli maliyyə vəsaitlərinin nağdsız həyata keçrilməsi məsələsinə yenidən baxılmalıdır və burada müəyyən bir ortaq mövqeyə gəlinməlidir”.

QHT sədri Niyaməddin Orduxanlı isə deyir ki, əgər yaranmış vəziyyət aradan qalxmasa, Rüfət Aslanlının verdiyi qərar QHT sektorunun fəaliyyətini iflic edəcək: ““Bu qərar QHT-lərin fəaliyyətini iflic etməkdədir. Ölkədə 3000 QHT var. Və hər il Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasınının dəstəyi ilə yüzlərlə QHT-lərin layihələri dəstəklənir və icra olunur. Bu layihələrin böyük əksəriyyəti rayonlarda, bölgələrdə aparılır. Əgər Nəzarət Palatası belə bir məhdudiyyət yaradılıbsa, bundan sonra QHT rayonlarda necə layihəsini icra edə bilər?! Rayonlarda layihələrin icrası zamanı yüzlərlə, minlərlə insanın bu prosesə qoşulması olur. İndi baxın görün, rayonlarda yaşayan insanların necə faizinin bank hesabı var? Layihə çərçivəsində 3 ay və ya 6 ay fəaliyyət göstərirlər. Bu müddət ərzində maaş alırlar. Və başqa kiçik həcmli xərclər aparılır. Bir daha qeyd etmək istəyirəm ki, bu, qərar Azərbaycan dövlətinin maraqlarına zərbə vuran bəlli beynəlxalq təşkilatların əlinə verilmiş bəhanə olacaq. Onlar bu qərardan istifadə edib, Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyətinin ağırlaşdırılmasına dair növbəti hesabatlar hazırlayacaqlar və dünyanın aparıcı qurumlarına göndərəcəklər. Kimə lazımdır bu? Bəllidir ki, bir sıra beynəlxalq təşkilatlar var ki, onlar Azərbaycan imicinin korlanması üçün müxtəlif bəhanələr axtarırlar. Bu isə onlar üçün göydən düşmə bəhanə olacaq. Bilirsiniz ki, bu təşkilatların əksəriyyəti erməni diasporuna yaxın və onların maliyyə hesabına fəaliyyət göstərirlər. Həmçinin də nəzərə almaq lazımdır ki, artıq yüzlərlə QHT-lər buna etiraz etməkdədır. Artıq sosial şəbəkələrdə ölkənin çox məşhur QHT sədrləri buna öz etirazlarını edirlər. Və hal-hazırda demək olar ki çox etirazlar başlanıb. Həttə bir sıra QHT – lər cənab prezident İlham Əliyevə müraciət etmək niyyətində olduqlarını yazıblar. Məncə, bu məsələyə çox ciddi yanaşmaq lazımdır. Maliyyə Bazarlarına Nəzarət Palatasının nağdsız əməliyyatların aparılması ilə bağlı minimum həddin aradan qaldırılması başa düşülən deyil. Onsuz da QHT-lərə ayrılan vəsait çox deyil. Məsələn, 5 aylıq layihəyə 6000 manat vəsait ayrılıb. Bu nə böyük vəsaitdir ki, hələ bir MBNP buna məhdudiyyət qoyur? Sadəcə, nəzərdə tutulan minimum həddi aradan qaldırmağı QHT qəbul edə bilməyəcək və bu mümkün də deyil. Bu o deməkdir ki, layihənin icrası dayanmalıdır. Belə çıxır ki, layihə icra olunmasın? 10-15 manat köçürülməsini hansı yolla edək? Biz Maliyyə Bazarlarına Nəzarət Palatasının bank vasitəsi ilə nağdsız əməliyyatların keçirilməsinə qarşı çıxmırıq. Fikrimiz odur ki, kiçik həcmli nağdsız bank əməliyatlarının aparılmasını düzgün hesab etmirik. Biz də maraqlıyıq ki, ölkədə maliyyə şəffaflığının təmin edilməsi üçün iri həcmli maliyyə vəsaitlərinin bank vasitəsi ilə həyata keçirilməsi vacibdir və bunu dəstəkləyirik!

Ancaq bir daha qeyd etmək istəyirəm ki, kiçik həcmli maliyyə vəsaitlərinin nağdsız həyata keçirilməsi məsələsinə yenidən baxılmalıdır və burada müəyyən bir ortaq mövqeyə gəlinməlidir ki, QHT –lərə mane olmasınlar və onlar da dövlətdən aldıqları dəstəklə öz layihələrini icra edə bilsinlər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
332 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...