Sabiq MTN generalı anasının xahişi ilə iş yoldaşına nə kömək edib?

Həbsdə olan daha bir MTN zabitinin istintaqa ifadəsi məlum olub. MTN-nin Antiteror mərkəzinin 1-ci idarəsinin 3-cü şöbəsinin rəis müavini vəzifəsində xidmət etmiş Azər Mehdiyev ibtidai istintaqa ifadə verib.
Musavat.com xəbər verir ki, Azər Mehdiyev də digər MTN zabitləri kimi özünü günahkar bilməyib. Azər Mehdiyev MTN-nin sahibkarlara qarşı bir çox qanunsuz əməllərinə görə dindirilib. Azər Mehdiyev ifadəsində göstərib ki, 1996-cı ildən ləğv olunmuş MTN-də xidmət edib və müxtəlif vəzifələrdə işləyib.
O, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Maqsud Mahmudovun hədə-qorxu ilə 250 min və 120 min dollarının ələ keçirilməsi epizodu üzrə dindirilib. MTN zabiti deyib ki, Mark adlı tanışı onlara müraciət edərək Maqsud Mahmudovla aralarında olan torpaq mübahisəsinin həllində köməklik etməsini xahiş edib: “İlqar Əliyevin tapşırığına əsasən 2015-ci ilin iyun ayında Maqsud Mahmudovu MTN-ə dəvət etdim və öz otağımda onunla söhbət apardım. Maqsud Mahmudov söz verdi ki, bu məsələni həll edəcək, lakin ondan pul almamışıq”.
Azər Mehdiyev ifadəsinin davamında Maqsud Mahmudova qarşı törədilmiş qanunsuzluqlar barədə bildirib ki, Maqsud Mahmudovun Antiterror Mərkəzinə dəvət olunması barədə mərhum MTN zabiti İlqar Əliyev ona göstəriş verib: “Bu məsələdən baş idarə rəisi Elçin Quliyevin də məlumatı olub. Maqsudla bağlı mərkəzin əməkdaşı Ayaz Gərayzadə mənə zəng vuraraq kömək etməyimi xahiş etdi. Maqsud “İAMAS”-ın işçi yerindən “qadağandır” statusunun qeyri-aktiv edilməsi ilə bağlı ona müraciət etmişdi. Mən də bu barədə İlqar Əliyevlə danışdım, həmin statusun ləğv olunması ilə bağlı məktubun nömrəsini Maqsuda verdim”.
Sahibkar Yalçın Abdullayev və digərlərinin qanunsuz azadlıqdan məhrum edilmələri, ona məxsus 30 min dollar məbləğində “İnfinity FX 35” markalı avtomobilin hədə-qorxu ilə əlindən alınması epizodu üzrə də Azər Mehdiyev ifadə verib. O, bildirib ki, 2015-ci ilin sentyabr-oktyabr aylarında İlqar Əliyev onu xidməti otağına dəvət edib: “İlqar Əliyevin xidməti otağına gedərək orada adının sonradan Mahirə Süleymanova olduğunu bildiyim bir qadın gördüm. İlqar Əliyev həmin qadının Elçin Quliyevin anası Ədilə Quliyeva ilə birlikdə işlədiyini, avtomobilinin bir neçə şəxs tərəfindən qanunsuz alınaraq qaytarılmadığını dedi. Ona görə də Mahirə Süleymanovaya ərizə yazdıraraq ona köməklik etməyimi bildirdi. Daha sonra Mahirə Süleymanova ilə birlikdə otaqdan çıxdım. Ona ərizə yazdırdım. Həmin vaxt Mahirə Süleymanova qeyri-rəsmi birgə yaşadığı şəxslə Yalçın Abdullayev adlı sahibkar arasında birgə biznes fəaliyyətlərinin olduğunu dedi. Bildirdi ki, bununla əlaqədar onların aralarında borc mübahisəsi yaranıb. Mübahisənin həlli ilə bağlı Mahirəni öz tanışının əvəzinə özünə məxsus olan “İnfinity FX 35” markalı avtomobili Yalçın Abdullayevin tanışının adına rəsmiləşdirib”.
Azər Mehdiyevin sözlərinə görə, araşdırma zamanı qeyd edilən mübahisə ilə əlaqədar Binəqədi rayon Məhkəməsində mülki mübahisənin olması məlum olub: “Mahirənin yazdığı ərizənin icrası Antiterror Mərkəzinin rəhbərliyi tərəfindən mənə həvalə edildi. Bundan sonra ərizə ilə əlaqədar 2015-ci ilin oktyabr ayında Yalçın Abdullayevin telefon nömrəsinə zəng etdim. Onu ləğv olunmuş MTN-ə dəvət etdim. Yalçın Abdullayev də bu məsələlərlə əlaqədar ətraflı izahat verdi, Mahirə Süleymanovanın özünə məxsus “İnfinity FX 35” markalı avtomobili könüllü şəkildə ona verdiyini bildirdi. Bundan sonra İlqar Əliyevin tapşırığına əsasən Yalçın Abdullayevin tanışlarını da Antiterror Mərkəzinə çağırdım. Həmin şəxslərdən Sahib Əliyev və Namiq Əsgərov adlı şəxsləri özüm qəbul edərək, onlarla söhbət etdim. Yalçının qardaşı Zaur Abdullayevi isə hansı əməkdaşın qəbul etdiyini bilməmişəm. Araşdırma zamanı qeyd edilən avtomobillə bağlı Binəqədi rayon Məhkəməsində mülki işin olması bir daha təsdiq olundu. Bundan sonra İlqar Əliyev Yalçın Abdullayev və Sahib Əliyevi şəxsən qəbul etdi və onlardan Mahirəyə məxsus avtomobili qaytarmalarını tələb etdi. Sahib Əliyev də Yalçın Abdullayevin ona 30 min dollar məbləğində borcunun olduğunu, həmin pulu aldıqdan sonra avtomobili Mahirəyə qaytara biləcəyini söylədi. Yalçın da İlqar Əliyevin yanında həmin pulu Sahibə qaytaracağına söz verdi. Növbəti gün avtomobilin Mahirəyə qaytarılacağı razılaşdırıldı və onlar MTN-dən buraxıldı”.
Azər Mehdiyev bildirib ki, eyni zamanda İlqar Əliyev avtomobilin Binəqədi rayon icra şöbəsinin əməkdaşları tərəfindən təhvil alınaraq saxlanca yerləşdirilməsini təşkil etməsi ilə bağlı MTN-nin Binəqədi rayon idarəsinin sabiq rəisi Rafiq Səfərova göstəriş verməsini ondan istəyib: “Mən də bununla bağlı Rafiq Səfərovla danışdım və İlqar Əliyevin dediklərini ona çatdırdım. Növbəti gün Sahib Əliyevə zəng vuraraq avtomobili təhvil verib-verməməsi ilə maraqlandım. Avtomobilin təhvil verilmədiyini öyrəndikdən sonra Yalçın Abdullayev və Rafiq Səfərovla danışaraq prosesi sürətləndirmələrini bildirdim. Həmin gün avtomobil saxlanca təhvil verildi”.
MTN zabiti deyib ki, hadisədən bir neçə gün sonra İlqar Əliyev onu yanına çağırıb və avtomobilin üzərinə Binəqədi Rayon Məhkəməsi tərəfindən həbs qoyulduğunu deyib: “İlqar Əliyev bu məsələnin həll edilərək avtomobilin Mahirəyə qaytarılmasının təmin edilməsi ilə əlaqədar Rafiq Səfərovla təkrar danışmağımı tələb etdi. Mən də Rafiq Səfərova zəng edərək İlqar Əliyevin dediklərini olduğu şəkildə ona çatdırdım”.
Azər Mehdiyev bildirib ki, prosesin gedişatı Elçin Quliyevə mütəmadi olaraq məruzə edilməklə nəzarətdə saxlanılıb.
417 dəfə oxundu