“Azərsu”dan meriyanın iradına cavab: Biz xilas etdik...

“Azərsu”dan meriyanın iradına cavab:

Dünən Bakı şəhərində yağıntıdan sonra yaranmış problemin tək səbəbi var – qısa müddətdə aylıq normadan artıq yağıntının düşməsi. Bu fors-major hadisədir, təbii fəlakətdir.

Bu sözləri Axar.az-a Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Bakı Şəhər İcra hakimiyyətinin sentyabrın 23-də yağan yağışın törətdiyi fəsadlarla bağlı açıqlamasına cavabında deyib. Qurum rəsmisi meriyanın Azərsu ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilməməsi və “Sahil” təxliyyə kollektorunun çox gec açılması haqda Bakı ŞİH-nin iradına cavabında qeyd edib ki, “Azərsu” yağıntıdan sonra təxliyyə xətlərini açmaqla Neftçilər prospektini, “Sahil” metrosunu suyun altında qalma təhlükəsindən xilas edib:

“3 təxliyə xəttimiz var. Neftçilər və Azadlıq prospektləri istiqamətində və Səməd Vurğun prospektində. Biz şəhərdəki vəziyyətlə bağlı xəbər alan kimi dərhal həmin iki təxliyyə xəttini açmışıq. Bununla da su normal şəkildə dənizə axıdılıb.

3-cü təxliyyə xəttimiz Yusif Məmmədəliyev küçəsindədir. Y.Məmmədəliyev küçəsindəki təxliyyə xəttinin arxa hissəsindən böyük həcmdə gələn suyun yaratdığı təzyiq nəticəsində çətinliklər yaranıb. Problem bu zaman yaranmışdı. Ancaq bu da qısa müddətdən sonra aradan qaldırıldı”.

A.Cəbrayıllı bildirib ki, 2 il öncə xətlərin 100 faiz ötürücülük qabiliyyəti tam təmin edilib:

“Bizim xətlərimiz tam işlək vəziyyətdə olub. Biz 2012-2015-ci illərdə xüsusi robotlarla, xüsusi yüksək təzyiqli maşınların köməyi ilə kollektorları yoxlamışıq, təmizləmə işləri aparmışıq. Biz Bakı şəhərindəki kollektorlardan 12 min kub/metr həcmində bərk məişət tullantısı götürmüşük. Kollektorlardan soyuducu, təkər, müxtəlif heyvan meyiti, dərisi, palçıq, çınqıl təmizləmişik.

Təmizlədikdən sonra o xətlərin 100 faiz ötürücülük qabiliyyəti tam təmin edilib”.

Qeyd edək ki, 23 sentyabrda Bakıda aylıq yağıntı normasında daha artıq noqdarda yağış yağıb və bu da bəzi fəsadlara yol açıb. Bakı Şəhər İcra Hakimiyyəti yağışın küçə və prospektlərdə göllənməsi və fəsadlar yaratmasının səbəbləri sırasında Azərsu ASC-nin mövcud kollektorlarının fövqəladə hallarda böyük su kütləsinin axıdılmasının öhdəsindən tam şəkildə gələ bilinməməsini və Neftçilər prospekti boyu uzanan ”Sahil” kollektorunda yağış sularının daşınması üçün nəzərdə tutulan təxliyyə xətlərinin çox gec açılmasını da göstərib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
321 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...