Bizi ağac kəsənlərlə əlbirlikdə ittiham edirlər - İradə İbrahimova

 Bizi ağac kəsənlərlə əlbirlikdə ittiham edirlər -

Yalançı vətənpərvərlik göstərənlər haqsız yerə nazirliyi ittiham edirlər. Oxu.Az-ın məlumatına görə, bunu ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova nazirlikdə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bəzi şəxslər Ekologiya və Təbii Sərvətlər Nazirliyini haqsız olaraq, ağac kəsənlərlə əlbir olmaqda ittiham edir:

“ETSN ağacların məhv edilməsinə qarşıdır, bütün vasitələrlə təbiətə belə qəddar münasibətin qarşısının almağa çalışır. Ancaq yalançı vətənpərvərlik göstərənlər haqsız yerə bizi ittiham edirlər. ETSN ağacların kəsilməsinə və ya yaşıllıq sahəsinin bilərəkdən yox edilməsinə çalışanlara hər zaman qarşı durub və duracaq.

Təəssüf ki, bəziləri bu məsələlərdə haqsız yerə bizi ittiham edir, bir neçə il əvvəlki, köhnə məlumatları yayır, ETSN-ni günahlandırmağa, kollektivin gördüyü işlərə kölgə salmağa çalışır. Yalançı vətənpərvərlik göstərib, əsassız ittiham edirlər ki, guya biz ağac kəsənlərlə əlbirik. Nədə əlbirik? Bu heç bir məntiqə sığmır, hansı həkim öz xəstəsinin ölümündə maraqlı olar?

Biz sağlam və şəffaf fəaliyyətimizi davam etdiririk. Bir daha əminliklə bildiririk ki, nazirlik ağacların kəsilməsinə, yaşıllıqlara qəddar münasibətə qarşıdır və əksinə, paytaxtda və regionlarda kütləvi surətdə ağac əkilməsinə, yaşıllıq sahələrinin miqyasının genişləndirilməsində maraqlıdır”.

İradə İbrahimova qeyd edib ki, yaşıllıq altına düşən sahələrdə tikinti işlərinin aparılması bəzən ağacların kəsilməsi kimi arzuolunmaz hallar yaradır və bu, dərhal ETSN tərəfindən adekvat reaksiya ilə qarşılanır:

“Çox sevindiricidir ki, artıq belə vəziyyətlərdə ictimaiyyət də reaksiya göstərir, bizə dəstək verir, media orqanları məsələni diqqətdə saxlayır”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
71 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...