Smolenkov ABŞ-ın agentidir?

Smolenkov ABŞ-ın agentidir?

Rəsmi Moskva Rusiyadan ABŞ-ın agentinin təxliyə edilməsi əməliyyatı barədə iddialara münasibət bildirib.

Bu barədə Rusiya Prezident Administrasiyasının işlər idarəsinin mətbuat katibi Yelena Kirilova TASS-a danışıb.

O deyib ki, yayılan xəbərlərdə adı keçən Oleq Smolenkov heç vaxt Prezident Administrasiyasında işləməyib.

Qeyd edək ki, CNN telekanalı Ağ Ev administrasiyasındakı mənbələrə istinadən Rusiyadan ABŞ-ın “olduqca qiymətli və çox yüksək rütbəli” agentinin evakuasiya edilməsi əməliyyatı barədə məlumat yayıb. Lakin həmin şəxsin adını açıqlamayıb.

Mənbələrin məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyadan özünün ən qiymətli agentini Prezident Donald Trampın Oval ofisdə Rusiya Xarici İşlər naziri Sergey Lavrovu və bu ölkənin Vaşinqtondakı o zamankı səfiri Sergey Kislyakı qəbul etməsindən sonra təxliyyə etməyi qərara alıb.

Bildirilir ki, Tramp həmin görüşdə ABŞ kəşfiyyatının olduqca məxfi informasiyasını Rusiyanın Xarici İşlər nazirinə danışıb.

ABŞ mətbuatının yazdığına görə, Mərkəzi Kəşfiyyat İdarəsi agentə təxliyyə təklif edəndə o əvvəlcə razılaşmayıb.

Bundan sonra ABŞ kəşfiyyatı onun ikili agent ola biləcəyindən şübhələnib.

Rusiya mətbuatı isə diqqəti Prezident Administrasiyasının müəmmalı şəkildə yoxa çıxan əməkdaşı Oleq Smolenkova yönəldib.

Məlumata görə, Smolenkov karyerası ərzində Rusiyanın ABŞ-dakı səfirliyində katib işləyib. Eyni zamanda, Rusiya hökumətinin aparatında vəzifə tutub. 2010-cu ildə ovaxtkı Prezident Dmitri Medvedyevin sərəncamı ilə Smolenkova üçüncü dərəcəli dövlət müşaviri statusu verilib.

İstintaq müəyyən edib ki, 2017-ci il iyunun 14-də Smolenkovun ailəsi Moskvadakı mənzilini tərk edib.

Qeyd olunur ki, Oleq Smolenkov ailəsi ilə birlikdə Monteneqroya yollanıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
64 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...