Seçki tarixi yaxınlaşır: kimlər hələ də “yuxulayır”?

Seçki tarixi yaxınlaşır:

Ötən gün Prezident İlham Əliyev Milli Məclisin buraxılması və 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzaladı.

Düz 7 gün əvvəl isə Yeni Azərbaycan Partiyasının Siyasi Şurası toplanmış və Milli Məclisdə təmsil olunan deputatlarına MM-in buraxılması barədə Prezidentə müraciət etməyi tövsiyə etmişdi. Bundan sonra qanunvericiliyə uyğun olaraq YAP-ın müraciəti Milli Məclisə təqdim edilərək müzakirəyə çıxarıldı. Səs çoxluğundan sonra qərara baxılması üzrə Konstitusiya Məhkəməsində müzakirə olundu. Konstitusiya Məhkəməsinin müsbət qərarından sonra isə ölkə başçısı sözügedən sərəncamı imzaladı.

Bu müddət ərzində nə baş verdi?

İlk növbədə növbədənkənar seçkilərin keçirilməsi gündəmi zəbt etdi. Hətta yetərli qədər məlumata malik olmayan şəxslər belə namizədlik iddiasına düşdülər. Yəni insanların artıq psixoloji cəhətdən seçkiyə hazırlığı başladı.

Gəlin görək bizim siyasi partiyalarımız hansı işlərlə məşğul oldu?

Növbədənkənar seçki məsələsi yəqin ki, siyasi partiyalara da məlum idi. Amma sorğu-sual edəndə görürük ki, ölkədə fəaliyyət göstərən siyasi partiyaların əksəriyyəti hələ də nə baş verdiyini “bilmir”: özünü əsas müxalif hesab edənlər bir həftə müddətində nə ali qurumlarının toplantısını keçiriblər, nə namizəd siyahısı tutublar...

Bütün ölkəni maraqlandıran belə bir əhəmiyyətli qərara hələ də operativ reaksiya verilməməsi isə təəccüb doğurur. Az qala ən əhəmiyyətsiz mövzu barədə canlı yayıma çıxan, müzakirələr təşkil edən partiyalar indi ortalıqda yoxdurlar. Nəinki 7 gün, Mili Məclisin 5-ci çağırışından sonra keçən 5 il ərzində növbəti seçki dönəmi ilə bağlı heç bir planlarının, hazırlıqlarının olmaması onların bu istiqamətdəki fəaliyyətini ortaya qoymuş oldu.

Politoloq Qabil Hüseynli də Axar.az-a açıqlamasında bildirdi ki, müxalif siyasi partiyaların 9 fevral seçkilərinə operativ reaksiyaya verməməsi onların yanlışıdır:

“Ölkədə böyük ictimai-siyasi kampaniya gedir. Bu kampaniyaya vətəndaş da, siyasi partiyalar da öz rəyini bildirməlidir. Siyasi partiyalar münasibət bildirmirlərsə, hadisələrə biganədirlərsə, məncə, bu, onların özünə ziyan vuracaq. Ən azından bu prosesə qurum olaraq reaksiya verməli idilər bu vaxta qədər”.

Ekspertin fikrincə, hakimiyyətə iddialı olan siyasi partiyalar dəyişikliklərə hazır olmalıdır:

“Ötən dəfə Müsavat Partiyasının başqanı Arif Hacılı qərargahda keçirilən tədbirdə belə bir açıqlama vermişdi ki, biz hadisələrin belə nəticələnəcəyini, vaxtından əvvəl seçkilər keçiriləcəyini bilirdik. Amma seçkiyə gedib-getməmək haqqında konkret rəyə gələ bilmədilər. Bunu təxirə saldılar ki, son fikirlərini müəyyən bir müddətdən sonra bildirəcəklər.

Müxalifət təkcə özü üçün yox, həm də xalq üçün maarifləndirici nöqteyi-nəzərdən bu məsələlərin təhlilini aparmalı, seçkinin şəffaflığı, kütləviliyi, seçici fəallığına öz töhfəsini verməlidir. Söhbət təkcə seçkidə iştirakdan yox, həm də xalq qarşısında daşıdığı məsuliyyətdən gedir. Əgər hələ də tərəddüd edirlərsə, hələ də vəziyyəti aydınlaşdıra bilmirlərsə, hansı maarifləndirici iş görə bilərlər ki?”

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
104 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...