“Mikayıl Cabbarovun cavab üslubu bəyənildi...” - VİDEO

“Mikayıl Cabbarovun cavab üslubu bəyənildi...” -

Son zamanlar azərbaycanlılarla ermənilər müxtəlif arenalarda tez-tez qarşılaşırlar. “Qafqazinfo” xəbər verir ki, həmin qarşılaşmalarda azərbaycanlıların ermənilərə verdikləri tutarlı cavablar ölkə ictimaiyyətində böyük maraqla qarşılanır.

Xatırladaq ki, hələ oktyabrın sonlarında Kaliforniyada azərbaycanlı Arzu Məmmədovanın sualı ermənipərəst mövqeyi ilə tanınan rusiyalı jurnalist və aparıcı Vladimir Pozneri çıxılmaz vəziyyətə salmışdı.
Daha sonra azərbaycanlı fəal Bəxtiyar Hacıyevin noyabrda Paris Sülh Forumunda Ermənistanın Baş Naziri Nikol Paşinyana verdiyi sual da Azərbaycanda rəğbətlə qarşılanmışdı. Paşinyan Hacıyevin verdiyi suala cavab verməkdə çətinlik çəkərək ciddi bir arqument səsləndirə bilməmişdi.

Ən son olaraq İqtisadiyyat naziri Mikayıl Cabbarov dekabrın 6-da Bakıda keçirilən Avropa-Qafqaz-Asiya dəhlizinin (TRACECA) inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda və TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında iştirak edən Ermənistanın ərazi idarəçiliyi və infrastruktur nazirinin müavini Armen Simonyana sərt cavab verib.
Belə ki, erməni nazir müavini çıxışında bildirib ki, əslində bu TRASEKA məlum məsələlər üçün nəzərdə tutulub: “Amma səfər proqramı siyasiləşdirilib. Nə üçün biz Fəxri xiyabana səfər etməli idik. Biz hesab edirik ki, belə platformaların proqramlara salınması qəbuledilməzdir”- şəklində təxribat xarakterli sual səsləndirib.

İqtisadiyyat naziri M. Cabbarovun isə nazir müavininə dərhal sərt reaksiya verərək bildirib ki, TRACECA-nın məzmunu aydındır: “Həmkarlarım dəhlizlə bağlı geniş çıxış etdilər. Mən öz tərəfimdən tədbirin təşkilinə cavabdeh ölkə kimi, mədəni hissəni təşkil etdiyimizə görə qonşularımızın reaksiyasını yaxşı anlayıram. İlk öncə qeyd edim ki, onlar Yerevandan Bakıya gəliblər və öz gözləri ilə hər şeyi görürlər…
Başa düşürəm ki, onların gördüklərini qəbul etməsi asan deyil. İkincisi, biz konstruktiv yanaşmaya üstünlük veririk, destruktiv deyil. Bunun nəticələri dağıdıcı təsirə malik olur ki, bu da təəssüf ki, ilk növbədə qonşu ölkədə özünü göstərir. Onlar nəqliyyat, iqtisadiyyat sahəsində bir sıra beynəlxalq layihələrdən kənarda qalıblar.

Burda TRACECA-nın mövcudluğu sərgiləndi, Azərbaycan mədəni proqramı qəbul etdiyi zaman o insanların xatirəsinə hörmət edirik ki, bu regionda mühüm rol oynayıb. Sizin paytaxtınızda isə, - faşizm üzərində qələbənin 75 illiyi yaxınlaşır və siz kimə abidə qoymusunuz? Mən sizi Heydər Əliyev Mərkəzinə dəvət edirəm ki, gəlin doğulduğunuz şəhərin, İrəvan xanlığının tarixi ilə bağlı məlumat əldə edin. TRACECA-nın karvanı isə öz yoluna davam edəcək”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa mövzu ilə bağlı “Qafqazinfo”ya bildirib ki, bu məsələlər birinci növbədə, psixoloji üstünlüyün kimdə olmasına kömək edir: “Bu cavablarla torpağı işğaldan azad edə bilməyəcəyik. Ancaq söhbət ondan gedir ki, psixoloji cəhətdən ermənilərin olduğu auditoriyada onlara cavabların verilməsi və orada iştirak edən digər söz sahibi insanların Azərbaycanın mövqeyi barədə bilgiləndirilməsi olduqca vacibdir. Bu da diplomatiyanın tərkib hissəsidir. İqtisadiyyat nazirinin verdiyi tutarlı cavab həm də onu göstərdi ki, verilən cavablar səviyyəli olmalıdır. Yəni, harada erməni gördün, oturub ona ağla ki, məni torpağıma qaytar, sülh istəyirəm və. s kimi məsələlərlə problem həll olunmur. Burada müasir dünyanın standartlarına uyğun cavab verməlisən ki, başqaları da bunu təqdirlə qarşılasın. Bu baxımdan Mikayıl Cabbarovun cavab üslubu bəyənildi və mən də bunu təqdir etdim. Hesab edirəm ki, bu üslubda da bir sıra məsələləri auditoriyalarda həll etmək daha da faydalı olardı”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
134 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...