"Bəhrə"nin acınacaqlı bəhrəsi...

"Bəhrə"nin acınacaqlı bəhrəsi...

Ölkədə sahibkarlığın inkişafı həmişə dövlətin diqqət mərkəzində olub. Prezident İlham Əliyev çıxışlarında sahibkarların yanında olduğunu, onların problemlərinin və qayğılarının vaxtında və operativ həll olunması üçün bütün dövlət qurumlarına tapşırıqlar verdiyini bəyan edib. Bu o deməkdir ki, Prezident İlham Əliyev ölkədə sahibkarlığın inkişaf etməsi üçün siyasi iradə ortaya qoyub və bu sektor dövlətin prioritet məslələrindən biridir.

Zaman-zaman müxtəlif sahələrdə çalışan sahibkarların daxili və xarici bazarlarda böyük uğurlar qazanmasının şahidi olmuşuq. Uğurlarımızla bərabər ölkə başçısının etimadından və diqqətindən sui-istifadə hallarına da rast gəlinib. Belə neqativ hallar yerindəcə aradan qaldırılır və sahibkarlığın ümumi inkişafına xələl gətirən hallara qarşı mübarizə davam etdirilir. Bu yaxınlarda redaksiyamıza daxil olan məlumatları araşdırarkən, “Bəhrə” biskvit fabrikində cərəyan edən ziddiyyətli hadisələrlə rastlaşdıq. Məlumat üçün bildirək ki, 1992-ci ildən Azərbaycanda qida sənayesi üzrə şirniyyat sektorunda əsasən biskvit məhsullarının istehsalı, topdan və pərakəndə satışı üzrə ixtisaslaşan “Bəhrə” biskvit fabrikinin Bakı, Sumqayıt şəhərləri, regionlarda isə Gəncə, Şəki, Ağsu, Quba, Masallı, Salyan, Hacıqabul və Naxçıvanda satış nümayəndəlikləri fəaliyyət göstərir. Göründüyü kimi adıçəkilən müəssisə Azərbaycanın qida sənayesi sektorunda mühüm yerlərdən birini tutur. Təqdirəlayiq haldır ki, müəssisədə məhsul istehsalı qabaqcıl italyan və alman şirkətləri tərəfindən hazırlanmış avadanlıqlarla həyata keçirilir. Müəssisənin müxtəlif vaxtlarda uğurlar qazanaraq mükafatlara layiq görüldüyü barədə məlumatları da qeyd etməyi peşə borcu hesab edirik. Nailiyyətlərlə bərabər “Bəhrə” biskvit fabrikinin fəaliyyətində mövcud olan ciddi nöqsanlar da diqqətimizdən yayınmadı. Belə ki, bir neçə il öncə Antiinhisar siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti tərəfindən “Unikal” müəssisəsində aparılan yoxlama zamnı “Bəhrə” əmtəə nişanlı biskvit, keks və peçenyelərin üzərində yararlılıq müddətinin normativ-texniki sənədlərdə müəyyən edilmiş müdətlərdən çox göstərildiyi aşkar edilib. Mövcud standartların tələblərinə əsasən, biskvitlərin maksimal saxlama müddəti 1 ay, kekslərin 15 gün, peçenyelərin isə 1 ay təşkil etdiyi halda, “Bəhrə” əmtəə nişanı ilə istehsal edilən məhsulların etiketlərində bu müddətlər müvafiq olaraq 4 ay, 6 ay və 6 ay göstərilib. Bundan başqa, müəssisədə istehsal olunan məhsulların uyğunluluq sertifikatlarının olmadığı aşkarlanıb (Mənbə:Faktxəbər internet qəzeti – 27 may 2010-cu il: Diqqət: “Bəhrə” biskvit, keks və peçenyelərini almayın).
Bu günlərdə redaksiyamıza daxil olunan məlumatlardan aydın olur ki, “Bəhrə” biskvit fabrikində baş verən qanunsuzluqlar bununla yekulaşmır. Adıçəkilən müəssisədə əmək mühafizəsi qaydalarının kobud surətdə pozulması halları mövcuddur. Bir nəçə gün öncə həmin müəssisədə çalışan qadınlardan birinin hər iki əlləri iş prosesi zamanı dəzgahlardan birinin içərisində qalaraq ciddi xəsarətlər alıb. Vaxtında həkimə müraciət olunmasına baxmayaraq, qadının hər iki əllərindən birlikdə 4 barmağı amputasiya edilərək kəsilib. Apardığımız qısa araşadırmalar zamanı aydın oldu ki, müxtəlif vaxtlarda adıçəkilən müəssisədə əmək mühafizəsi qaydalarının pozulması nəticəsində bir neçə işçi də müxtəlif bədən xəsarətləri alıblar. Göründüyü kimi “Bəhrə” biskvit fabrikində bütün işlər qanunlar çərçivəsində həyata keçirilmir. Səhlənkarlıq, məsuliyyətsizlik və ehtiyatsızlıq ucbatından işçilərin həyatı və sağlamlığı üçün ciddi təhlükələr yaranır. Nəticədə isə insanlar şikəst və əlilə çevrilirlər.

Müxtəlif mənbələrdən aldığımız məlumatlara görə, müəssisənin rəhbərliyi ciddi-cəhdlə baş verənlərin ictimailəşməsinin qarşısını almağa çalışır. Hətta əlləri kəsilən qadından müvafiq izahat da alınıb ki, baş verən hadisə ehtiyyatsızlıqdan törənib və günahkar özüdür. Xəsarət almış işçinin müalicə xərclərini rəhbərlik öz üzərinə götürüb. Hüquq-mühafizə orqanlarının baş verənlərdən xəbərdar olub-olmamasının deyə bilmərik. Amma, öz növbəmizdə hüquq mühafizə orqanları da daxil olmaqla, aidiyyatı dövlət qurumlarına sorğularla müraciət edərək, baş verənlərin nəzarətə götürülməsinə çalışacağıq. Əks təqdirdə “Bəhrə” biskvit fabrikinin “ölüm makinası”na çevrilməsinin qarşısını ala bilməyəcəyik. Adıçəkilən müəssisəyə müraciət edərək, belə bir hadisənin baş verməsini dəqiqləşdirmək istədik. Oradan bildirdilər ki, həqiqətən də belə bir hadisə baş verib. Son söz hüquq-mühafizə orqanlarının və aidiyyatı qurumlarındır. Biz isə öz növbəmizdə araşdırmalarımızı davam etdirəcəyik.
Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Gundemxeber.Az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
320 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...