Bakı Tiflisdən təkcə buna görə geri qalır...

Bakı Tiflisdən təkcə buna görə geri qalır...

Yadıma gəlir, bir neçə il əvvəl Türkiyədəki, Gürcüstandakı turizm sektorunun inkişafına həsəd aparırdıq. Xüsusən də gürcülərin qısa müddətdə Batumi və bir neçə şəhəri kurort zonasına çevirmələrinə sözün yaxşı mənasında paxıllıq edirdik. Amma zaman gəldi, Azərbaycana həm Yaxın Şərqdən, həm Avropadan turist axını başladı. Təbii ki, bütün bunlarda Bakıda “Avroviziya” musiqi müsabiqəsinin final gecəsinin, Avropa Oyunları və Formula-1 yarışlarının keçirilməsinin böyük rolu olub.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3170400 nəfər və ya əvvəlki illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 29,4 faizi Rusiya, 22,9 faizi Gürcüstan, 10 faizi Türkiyə, 8,1 faizi İran, 3,4 faizi Səudiyyə Ərəbistanı, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,1 faizi Hindistan, 1,9 faizi Ukrayna, hər birindən 1,6 faiz olmaqla Türkmənistan və İraq, hər birindən 1,5 faiz olmaqla Qazaxıstan, Pakistan və İsrail, 1,2 faizi Böyük Britaniyanın payına düşüb. 11 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.

Fikrimcə, biz hələ də turizmin inkişafı ilə bağlı tam hədəfə çata bilməmişik. Nəzərə alsaq ki, Azərbaycanda turizm sektorunun inkişafı üçün böyük potensial var, deməli, ölkəmizə gələn turist axınını daha da artırmaq olar. Azərbaycandakı turizmin inkişafını elə həddə gətirib çıxarmaq olar ki, ölkəmizdə bu sektor sıradan bir iş halına gəlsin. Yəni bölgələrdə ailələr həm turizmlə məşğul olsun, həm pul qazansın, həm də Azərbaycanı tanıtsınlar. Bunun üçün İsmayıllıda, Masallıda, Lənkəranda, Naxçıvanda və mənim hazırda xatırlamadığım bir çox bölgələrdə yaxşı imkanlar var. Axı Azərbaycan tək Bakı və Qəbələdən ibarət deyil.

Sadaladığım bölgələrdə turizmi inkişaf etdirməklə insanların məşğulluğunu artırmaq, o cümlədən onların sosial durumunu daha da normallaşdırmaq olar. Mənim qeyd etdiyim bu qayda artıq Yunanıstan, İspaniya və turizm ölkələri kimi ad çıxaran bir çox dövlətlərdə mövcuddur. Məsələn, çox geniş təbii ehtiyatları olmayan Yunanıstan bölgələrində əhalinin normal yaşayış şəraitini belə formalaşdırır. Artıq qonşu Gürcüstan da bu cür siyasətlə regionda turizm ölkəsi kimi ad çıxarıb. Gürcüstanın bir çox bölgələrində əhalinin dolanışıq yeri məhz turizmdən qaynaqlanır. Evini hostel kimi düzəldib turistlərə verən kim, həyətində restoran açıb işlədən kim, bələdçilik edərək qazanan kim. Artıq Azərbaycan Dövlət Turizm Agentliyi və ölkədə turizmlə məşğul olan qurumlar bu istiqamətdə ciddi işlər görməyə başlayıb.

Ümid edirəm ki, yaxın gələcəkdə regionda təkcə turizm sektorunda Gürcüstandan geri qalan Azərbaycan bu sahədə də bölgənin lideri olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
343 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...