Dünyanı qorxudan virusdan necə qorunaq? - “Uşaqlara toxunmur”

Dünyanı qorxudan virusdan necə qorunaq? -

Çində ortaya çıxan və çoxsaylı ölümlərə səbəb olan koronavirusun İranda yayılması ciddi narahatlıq yaradıb.

Qonşu ölkədə bu virusdan ölənlərin sayının 18-ə çatması səbəbilə qonşu ölkələr – Türkiyə, İraq, Əfqanıstan və Pakistan bu ölkə ilə sərhəd-keçid məntəqələrini bağlayıb. Bir sözl, son zamanlaradək elm üçün naməlum qalan bu virus əhatə dairəsi ilə insanları qorxuya salıb. Virusa qarşı peyvənd yoxdur, buna görə də ondan xilas olmağın hələlik yeganə yolu erkən diaqnoz və xəstələrin təcrid olunmuş vəziyyətdə müalicəsidir. Eyni zamanda, xəstələrlə təmasda olan insanları nəzarət altında saxlayıb, onların daima monitorinqini apararaq yeni yoluxma hallarının qarşısı alına bilər. Əlavə olaraq isə kütləvi toplaşmağa və səyahətə məhdudiyyətlər qoyulmalıdır.

Tanınmış pediatr Vaqif Qarayev koronavirus təhlükəsinin Azərbaycanda yayılması ajiotajı ilə bağlı Cebhe.info-ya danışıb. Həkim saytımız vasitəsilə ictimaiyyətə virusla bağlı qabaqlayıcı tədbirlər, infeksiyadan qorunma üsulları və tövsiyələrini çatdırıb:

“Əslində, Azərbaycanda uşaqlar arasında bir çox viruslar yayılıb. Odinovirus, rinaviruslar və s... Bunlara respirator viruslar deyilir. Koronavirusla bağlı dünya nə deyir ki, biz nə danışaq? 2019 virusu koronavirus ailəsinə aiddir. Amma dünya təbabətinə tanış olmayan virusdur, təbiəti öyrənilməyib. Yəni bu günə qədər bu virusun qarşısının alınması üçün peyvənd və ya dərman öyrənilməyib. Bu virusa yoluxma sayı həddindən artıq çox olsa da, yaxşı ki, ölüm sayı dünya üzrə çox aşağıdır. Uşaqlara demək olar ki, bu virus toxunmur. Minlərlə sağalan var. Xoşagəlməyən isə bütün dünyaya yayılmasıdır. Artıq 28 ölkədə bu virus yayılıb. Əlamətləri bütün respirator viruslar kimi hərarət qalxır, boğaz, baş ağrısı, öskürək və ümumi zəiflikdir. Koronavirus ağırlaşması çox dəhşətlidir. Yəni atipik pnevmaniya halına gəlir və öldürücü olur. Öldürən virusun özü deyil, ağırlaşmasıdır. Bir sözlə, ciddi tənəffüs çatışmazlığı verir və sonu faciə ilə bitir. Təklif edərdim ki, vəziyyət ciddidirsə, sərhədlər bağlansa yaxşıdır”.

Həkimin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı və dünya həkimləri koronavirusdan müalicə olunmaq üçün yeni heç nə icad etməyib:

“Mən anlayıram, ictimaiyyətimiz çox narahatdır. Amma süni ajiotajın əleyhinəyəm. İnsanlar bilsin ki, dövlət koronavirusla bağlı 3 xəstəxana ayırıb. Bunlar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq İnfeksiyon Xəstəxanasıdır. Sosial şəbəkələrdə doğru olmayan xəbərlər yayılır. Bir neçə xəstəxananın adı çəkilərək orada koronavirusa yoluxanların yerləşdirildiyi deyilir. Mətbuat da bu məsələyə diqqət yetirməlidir. Demək olar ki, bütün saytlar məsələn, “Koronavirusla bağlı 2 nəfər xəstəxanaya yerləşdirildi” başlıqlı xəbər yayır. Xəstəxanaya yerləşdirmə koronavirsla yox, karantin müddəti ilə bağlıdır. Bu, bütün dünyada qəbul olunmuş bir qaydadır. Başlığı yumşaq vermək lazımdır ki, insanlar dedi-qoduya inanmasın”.

Pediatr virusdan qorunmağın yollarından danışıb. O, tək koronavirus deyil, bütün viruslardan qorunmaq üçün şablon tədbirlərin olduğunu deyib:

“İnsanların sıx olduğu yerə getməyin. Ciddi zərurət varsa, qoruyucu maskadan istifadə edin. Əlləri tez-tez yuyun. Xəstə uşaqları baxçaya və məktəbə göndərməyin. Bu, böyüklərə də aiddir. Asqırarkən və öskürərkən ağzınızı dəsmalla bağlayın. Azərbaycanda koronavirus deyil, digər viruslar insanları xeyli müddətdir ki, ciddi narahat edir. Virus geri dönüşlüdür. Ya uşaq, ya da böyük bir virusdan sağalan kimi başqa virusa yoluxur. Bu məsələdə yenə də həkimlər qınanılır ki, müalicə olunan xəstə yenidən virusa tutulub. Halbuki sağalan kollektivə gedib və orada hansısa xəstə ilə təmasda olaraq yenidən virusa tutulub”.

Koronavirus yayılan ölkələrdə ölənlərlə bağlı statistikaya toxunan Vaqif Qarayev virusdan ölənlər arasında uşaqlara rast gəlinmədiyini deyib:

“Uşaq yaşlarında ölüm halı olması xəbəri oxumamışam. Ölüm faizi daha çox ahıl yaşında, yəni 70 yaşdan yuxarıdır. Ola bilər ki, Çin rəqəmləri gizlədir. Amma hesab edirəm ki, uşaq məsələsi bütün dünyada həssas mövzudur. Bu baxımdan, ölüm statistikasında uşaqlar olarsa, bunu gizlətməzlər. İstənilən halda həkim olaraq bunu deməliyəm. Valideynlər uşaqlarına qarşı özünümüalicə ilə məşğul olmasınlar. Həkim təyinatı olmadan antibiotik qəbul etmək olmaz. Bu baxımdan, valideynlər gərək ehtiyatlı olsunlar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
286 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...