Anasının meyitini daşıyan şəxslə bağlı AÇIQLAMA-Video

Anasının meyitini daşıyan şəxslə bağlı
Gədəbəy rayon sakini Kamran Şadmanovun koronavirusdan ölən anasının meyitini daşıdığı zaman çəkdiyi video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Rayon sakini anasının nəşini Gəncədə 3 saylı xəstəxanadan götürdüyünü bildirib.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva “Qafqazinfo”ya açıqlamasında deyib ki, sözügedən məsələ onların səlahiyyətində deyil: “Xəstəxanada ölən şəxsin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilir”.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov məsələ ilə bağlı saytımıza bildirib ki, vəfat etmiş mərhumun meyiti 29 iyul saat 12:00-da Gəncə şəhər Abbas Səhhət adına xəstəxanadan Birliyin Gəncə şəhər şöbəsinin meyitxanasına gətirilib:

“Koronavirus (COVİD-19) infeksiyası səbəbindən vəfat etmiş şəxslərin və ya buna şübhə hallarında meyitlərin müayinəsi və dezinfeksiyası Səhiyyə Nazirliyinin nəzərdə tutulmuş qərarına əsasən həyata keçirilir.

Meyitlər “MTE və PA Birliyi”nin respublikanın bütün rayon və şəhər şöbələrinin işçiləri tərəfindən mütləq qaydada müvafiq fərdi mühafizə vasitələrindən (birdəfəlik kombinezon, üz maskası, eynək, ikiqat əlcəklər, uzunboğaz çəkmələr və s.) istifadə etməklə həyata keçirilir.

Bütün bədən səthini əhatə etmək şərtilə meyit əməkdaşlarımız tərəfindən müvafiq məhlullarla dezinfeksiya edilir, sonra təmiz su ilə yuyulur. Meyit az miqdarda quru xlor əhəngindən də istifadə etməklə 5-6 qat polietilenlə bükülərək kip şəkildə bağlanır, bundan sonra isə meyitin məscidlərə, həyətlərə və evlərə aparılmasına ehtiyac olmasın deyə dini adət-ənənələrə uyğun olaraq bir neçə qat ağ bezə (kəfənə) bükülür və bağlanılır. Bütün bunların həyata keçirilməsi üçün isə şöbələrimiz Səhiyyə Nazirliyi tərəfindən lazımi vasitələrlə tam şəkildə təchiz edilib. Bu şəkildə dezinfeksiya edilərək yuyulmuş, bükülərək bağlanmış meyit yoluxuculuq nöqteyi-nəzərdən ətraf mühit üçün tamamilə zərərsiz olur.

Bükülmüş meyit daha sonra hüquq-mühafizə orqanları əməkdaşlarının da iştirakı və ya nəzarəti ilə dəfn məqsədilə mərhumun yaxınları tərəfindən təyin edilmiş və gətirilmiş avtomobilə qoyularaq onlara təhvil verilir.

Meyit yaxın adamlarına təhvil verilərkən bu barədə əməkdaşlarımız tərəfindən yerli hüquq-mühafizə orqanlarına, bəzən isə hətta meyitin aparıldığı rayonun da hüquq-mühafizə orqanlarına və Rayon İcra Hakimiyyətlərinə məlumat verilir”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
498 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...