“Mən Səlim Müslümovun adamı deyiləm” – Şirkət rəhbəri
“Mən Səlim Müslümovun adamı deyiləm, rəhbərlik etdiyim şirkətin də ona aidiyyəti yoxdur”. Bu sözləri Yenisabah.az-a “Təmir-İnşaat” MMC-nin qanuni təmsilçisi Raquf Məmtiyev deyib.
Yevlax Şəhər İcra Hakimiyyəti bir neçə gün əvvəl “Təmir-İnşaat” MMC ilə maliyyə dəyəri 630 353 AZN olan müqavilə imzalayıb. Müqaviləyə əsasən şirkət Yevlaxda yolların əsaslı təmirini həyata keçirməlidir.
Bununla bağlı saytımızın hazırladığı metarialda Raquf Məmtiyev barədə müxtəlif media orqanlarında tirajlanan iddialar da yer alıb. Rauf Məmtiyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (ƏƏSMN DSMF) Bərdə şöbəsinin müdiri vəzifəsində çalışıb. Mediada yayılan məlumatlarda onun işindı yol verdiyi nöqsanlara, korrupsiyaya bulaşdığına görə işdən çıxarıldığı iddia olunub. Həmçinin qeyd edilib ki, o, ƏƏSMN-nin keçmiş rəhbəri Səlim Müslümova yaxən şəxsdir. Hətta onun qanuni təmsilçisi olduğu şirkətin də keçmiş nazirə məxsus olduğu iddia edilir.
Raquf Məmtiyev isə korrupsiya faktına görə işdən çıxarılması barədə iddianın əsassız olduğunu bildirir. “Mən 2018-ci ildə öz ərizəmlə işdən çıxmışam. Fəaliyyətim də yoxlanılıb, heç bir nöqsan aşkar olunmayıb. Mən korrupsioner deyiləm və olmamışam”, - deyə o vurğulayıb.
Raquf Məmtiyev həmçinin qeyd edib ki, onunla Səlim Müslümov arasında hər hansı bağlılıq yoxdur. “İndi mən o sahədə çalışmışam deyə, Səlim Müslümovun adamı olmalıyam? Bu iddianın heç bir əsası yoxdur. Səlim Müslümovun nəyi var, nəyi yoxdur bilmirəm. Amma bir daha qeyd edirəm ki, nə mən onun adamıyam, nə də “Təmir-İnşaat” MMC onun şirkətidir. Bu şirkətin təsisçisi tamam başqa şəsxdir. İstəsəniz araşdıra bilərsiniz”, - deyə Raquf Məmtiyev əlavə edib.
O bildirib ki, ƏƏSMN DSMF-in Bərdə şöbəsinin müdiri vəzifəsində çalışarkən “Təmir-İnşaat” MMC-də heç bir vəzifə tutmayıb: “Mən bu şirkətə 2018-ci ildə işdən çıxandan sonra rəhbərlik edirəm”.
Raquf Məmtiyev sonda qeyd edib ki, həmçinin rəhbərlik etdiyi şirkətlə “Azəravtoyol” ASC arasında maliyyə dəyəri 2 300 000 AZN olan müqavilə imzalanmayıb: “Belə bir müqavilə olmayıb”.
462 dəfə oxundu