Sahibkar prezidentdən kömək istədi - "Ümidimiz sizədir"

Sahibkar prezidentdən kömək istədi -


Elvin Məmmədov: “Fermer təsərrüfatımızı çökdürürlər, ümidimiz Sizədir...”

Fermer təsərrüfatı ilə məşğul olan Elvin Məmmədov onun sahibkarlıq fəaliyyətinə törədilən əngəllər və bu üzdən biznesinin məhv olması ilə bağlı ölkə prezidenti İlham Əliyevə müraciət edib.

E.Məmmədov müraciətinin ictimailəşdirilməsini xahiş edib.

E.Məmmədov yazır:

- Cənab Prezident! Biz sizin sahibkarlığın inkişafı ilə bağlı atdığınız addımlardan çox məmnun qalmışıq. Sevinirik ki, bundan sonra bizim başımıza açılan oyunlara son qoyulacaq. Siz oktyabrın 25-də Sumqayıtda səfərdə olarkən bildirdiniz ki, bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Və biznes adamlarına səslənərək qeyd etdiniz ki, problemlərlə üzləşəndə dərhal səsinizi qaldırın. Mən bir sahibkar kimi Sizə güvənərək, bu müraciəti yazıram.

Mən ailə üzvlərimlə birlikdə min bir əziyyət çəkib kiçik fermer təsərrüfatı qurmuşam. Fermer təsərrüfatı Qobu qəsəbəsində yerləşir. Bizim təsərrüfatımız son bir neçə ayda çox qəribə bir metodla çökdürülür. Bir neçə aydır ki, fermadan ardıcıl olaraq oğurluqlar baş verir. İndiyədək 70-dən artıq qoyunumuz oğurlanıb. Bu adi oğru işi deyil, sadəcə bu yolla bizim işimizə əngəl törətmək istəyirlər. Nəhayət, oğrunun kimliyini müəyyən etmək üçün fermaya müşahidə kameraları quraşdırdıq. Bundan bir neçə gün sonra - 2015-ci il avqustun 31-də, gecə saat 3 radələrində daha üç qoyun oğurlanması videokameraya düşdü. Həmin çəkilişləri də əlavə etməklə, sahə müvəkkilinə şikayət etdik. Əslində, biz buna qədər oğurluğun kim tərəfindən edildiyindən şübhələnmişdik. Kamera görüntüsü də fakt oldu. Həmin adam Qobu kəndində yaşayır və kənd camaatı tərəfindən müsbət xarakterizə olunmayan biridir. İndiyədək bir neçə Qobu sakini oğurluq ittihamı ilə ondan rəsmi şikayət edib. Dəfələrlə oğurluq hadisələri ilə bağlı cinayət işlərində adı keçib. Bu adamın arxasında kimsə durur və faktiki olaraq bizdən əl çəkmir. Müşahidə kameralarından da həmin adamı tam tanımışıq. Ancaq bizim rəsmi şikayətimiz və faktlar ortada olmasına baxmayaraq, cinayəti törədən şəxs bu günədək cəzasız qalıb. Müvafiq orqanlara dəfələrlə müraciət etmişik, hadisədən iki aya yaxın vaxt ötməsinə baxmayaraq, indiyədək heç bir nəticəsi yoxdur.

Məqsədli şəkildə bizim təsərrüfatımızı çökdürmək istəyirlər və artıq buna nail olublar. Biz artıq fermer təsərrüfatını qapatmaq məcburiyyətində qalmışıq. Çünki biz qoyun-quzu yetişdirdikcə, bunu kimlərsə oğurlayıb aparır. Təsərrüfatda 5-6 şəxs də işlə təmin olunmuşdu.

Cənab prezident! Mən bir sahibkar kimi Sizə səslənir, Sizdən dəstək istəyirəm. Mənim təsərrüfatımı faktiki olaraq məhv etmiş şəxsin tapılıb cəzalandırılmasına və vurduğu ziyanın ödənməsində bizə köməklik göstərməyinizi xahiş edirəm. Biz çox istəyirik ki, fermer təsərrüfatımızı qapatmayaq, oranı daha da inkişaf etdirək. Ancaq yaranmış vəziyyətdə bunu etmək mümkün deyil. Ümidimiz yalnız sizədir.

Hörmətlə, kiçik sahibkar Elvin Məmmədov”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
358 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...