Xanlar Vəliyev MTN-nin rəhbəri ola bilər

Mənbə: «Xanlar Vəliyevin MTN-nin rəhbəri olma şansı hələ də yetərincə böyükdür...»
Eldar Mahmudovun vəzifəsindən azad olunmasından sonra MTN-ə kimin rəhbər təyin ediləcəyi də ciddi maraq dairəsinə daxil olub.
Mia.az-a daxil olan məlumata görə, Eldar Mahmudovun postuna bir neçə şanslı namizədin adı ciddi hallanır:
«Düzdür, mətbuatda MTN əməliyyatına rəhərlik edənlərdən biri kimi adı hallanan Milli Təhlükəsizlik nazirinin sabiq müavini, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəis müavini, general Əli Nağıyevin, Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general Məhərrəm Əliyevin, Naxçıvan MR-in Milli təhlükəsizlik naziri general Vəli Ələsgərovun, Prezidentin Müdafiə məsələləri üzrə köməkçisi, general Vahid Əliyevin, hətta MTN-ə bir neçə gün əvvəl birinci müavin təyin edilən və hazırda nazir səlahiyyətlərini icra edən Mədət Quliyevin, ədliyyə naziri Fikrət Məmmədovun nazir təyin edilə biləcəyi ilə bağlı xəbərlər yayılıb. Ancaq mən düşünürəm ki, adıçəkilənlərdən əsas namizəd Vahid Əliyevdir. Ancaq, onun da qarşısında müəyyən maneələr var. Hətta bu günədək mətbuatda adı hallanmayan ölkənin hərbi prokuroru Xanlar Vəliyevin şansını Vahid Əliyevdən yüksək qiymətləndirənlər də var. O da faktdır ki, Xanlar Vəliyevin qarşısını kəsəcək çox ciddi bir maneə var. Belə ki, həbs edilən və barəsində çox ciddi ittihamlar səsləndirilən generallardan biri - Teymur Quliyev Xanlar Vəliyevin yaxın qohumu Əli Əkbərovla yeznə-qayındır. Artıq rəqibləri bu faktdan ona qarşı kifayət qədər yararlanaraq, təyinatına ciddi sıxıntılar yaradıblar. Lakin ölkənin ən böyük qruplaşmalarından birinə bağlı olan Xanlar Vəliyevin MTN-nin rəhbəri olma şansı hələ də yetərincə böyükdür...».
2234 dəfə oxundu