Telekanalların reklam etdiyi fırıldaqçı ekstrasenslər və falçılar... - FOTOLAR, VİDEOLAR

Telekanalların reklam etdiyi fırıldaqçı ekstrasenslər və falçılar... -


21-ci əsr insanını mağara adamına çevirirlər; İnsanları möcüzələrə inandırırlar

Son zamanlarda özlərini ekstrasens, güclü falçı kimi təqdim edən şəxslərin həbsi çoxalıb. Bu şəxslər insanları aldadaraq, onlardan pul alıb, yalançı vədlər verirlər. Özlərini qeyri-adi gücə malik biri kimi cəmiyyətə tanıdan şəxslər, fırıldaqçılıqdan başqa heç nə bacarmırlar. Belə "işbazlar”ın tanınmasında ən böyük pay televiziya kanallarına düşür.

Misal üçün, "ANS" telekanalında tez-tez verilişlərdə qonaq qismində iştirak edən, bu yolla reklam edilən "Cənnət Parapsixologiya Mərkəzi" MMC-nin direktoru, özünü "Həzrət Sabir" kimi təqdim edən 48 yaşlı Sabir Abbasov bir müddət öncə dələduzluğa görə həbs edilib.

Vətəndaşların etibarından sui-istifadə edərək, falçılıq və baxıcılıq ilə məşğul olan, guya mistik qüvvələrin köməkliyi ilə şər qüvvələrdən təmizləməklə bəxtlərini, yollarını açacağını, işsizlik problemlərinin həllini vəd etməklə onları aldadıb. Belə hüquqazidd əməllərinin müqabilində Sabir Abbasov adıçəkilən mərkəzə müraciət edən şəxslərdən dələduzluq yolu ilə xeyli miqdarda pul alıb.

Digər bir dələduz, özünü ekstrasens kimi qələmə verən, daha çox "İlanla fala baxan" kimi tanınan Tamilla Salamova bir neçə aylıq axtarışdan sonra həbs edilib. Bakı Şəhər baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 2014-cü ilin noyabr ayında Bakı şəhər sakini Təranə Babayevanın etibarından sui istifadə edərək, özünü ekstrasens kimi təqdim edib, onun 4200 manatını alaraq, dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Tamilla Salamova tutulub.

Bu qadın, "Lider" telekanalında yayımlanan "Ekstra Hiss" verilişinin qalibi olub. O veriliş də bu tipli fırıldaqçıları cəmiyyətə ekstrasens, bilici, qeyri-adi qüvvə sahibi olan şəxs kimi təqdim edib, reklam edirdi. Və beləcə fırıldaqçılar efir qarşısında əyləşənlərin güvənini qazanıb, pullarını rahat şəkildə mənimsəyirlər.

Bu kimi şəxslərin sayı-hesabı yoxdur. Televiziya kanalları cəmiyyətə fırıldaqçıları ekstrasens kimi təqdim edir. Müxtəlif verilişlərdə qonaq qismində çıxış edən bu fırıldaqçılar efirdə min oyundan çıxıb, cəmiyyəti aldadırlar. Telekanallara inanan, onlara güvənən tamaşaçılar bu şəxsləri efirdə görüb, onlara da inanırlar.

Ailəsində, yaxınlarında problemi olan şəxslər bu fırıldaqçılara üz tuturlar. Birtəhər pul tapıb, son ümid yeri kimi bu şəxslərə verən sadəlövh insanlar sonradan başa düşürlər ki, aldanıblar. Amma iş-işdən keçmiş olur.

Bu tipli fırıldaqçıların efirə çıxmağa can atmalarının əsas səbəbi isə daha çox tanınıb, varlı şəxslərin, müğənnilərin diqqətini çəkməkdir. Çünki bir müğənninin güvənini qazanan falçı, digərlərini də cəlb edir.

Belə cinayətkar şəxsləri efirə buraxan, onların tanınmasında bilavasitə rolu olan telekanallara cəza verilə bilərmi? Ümumiyyətlə, telekanalların bu kimi saxtakarları efirə çıxartmaqda məqsədi nədir?

Bu və bu kimi suallara cavab almaq üçün tanınmış media eksperti Zeynal Məmmədli ilə danışdıq.

Ekspertin sözlərinə görə, bu tipli verilişlərin olmasının səbəbi ölkədə sərbəst reklam bazarının olmamasıdır: "Bu, qanunla cəzalandıralacaq məsuliyyət deyil, etik məsuliyyətdir. Dövlətdən maliyyələşən telekanallar bu tipli şeylərə gedə bilməz. Belə telekanallara qarşı qanunvericilikdə nəsə tapmaq olar. Amma özəl telekanallarda isə vəziyyət başqadır. Bu telekanallara qarşı nəsə tədbir görmək üçün gərək tamaşaçıların müraciəti olsun. Əsas məsələ budur ki, telekanallar sərbəst olmayanda, onlar media azadlığından istifadə edə bilməyəndə, efiri senzuraya düşməyəcək bir şeylə doldurmalı olurlar. Reklam azadlığı olmadığı üçün telekanallar nəyləsə efirə diqqət çəkib, reklam qazanmalıdırlar. İnsanları kütlələşdirib, istehlakçıya çevirib, nəyisə reklam edərək, satmaq... Ona görə də, burada məhsulun keyfiyyəti rol oynamır. Əsas qazancdır. İnsanları möcüzələrə inandırırlar. Biz bunu illərdir ki, görürük, deyirik, amma düzələn bir şey yoxdur. Məsələnin mahiyyətində media azadlığı və sərbəst reklam bazarı durur. Bunlar düzəlsə, belə verilişlər efirdən yavaş-yavaş azalacaq".

- İnsanların telekanallara güvəni də burada rol oynayırmı? Tamaşaçı efirdə bu fırıldaqçıları görür və düşünür ki, "Telekanalda göstərirlərsə, deməli, o adam yalançı olmaz"...
Telekanalların reklam etdiyi fırıldaqçı ekstrasenslər və falçılar... -
Telekanalların reklam etdiyi fırıldaqçı ekstrasenslər və falçılar... -


- Cahil vəziyyətdə olan insanlar pullarını belə şəxslərə xərcləyirlər. Azərbaycandakı təhsilin, insanların məntiq səviyyəsini nəzərə alsaq, belə şeylər qaçılmazdır. Belə verilişlər çox ucuza başa gəlir. Veriliş yaradıb, bunları qonaq çağırırlar. Hətta burada qazanc da ola bilər. Həmin şəxslər verilişə sponsor da olurlar. Faktiki olaraq, bu verilişlər insanları mövhumata inandırır. 21-ci əsr adamını mağara adamına çevirirlər. Bu, çox dəhşətli bir haldır.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1617 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...