Naxçıvanlı alim Əhməd Mahmudovun heykəli haqqında danışmaq istəmir

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun atası Əhməd Mahmudovun Naxçıvandakı büstünün uçurulması ölkə gündəminin haqqında ən çox danışılan məsələləri sırasındadır. Öncə onu qeyd edək ki, Şərurdakı Əhməd Mahmudovun adını daşıyan türk litseyinin həyətindəki büstün sökülməsi ilə bağlı informasiyalar ziddiyətlidir. Naxçıvanda yaşayan ictimai fəal Həkimeldostu Mehdiyev Facebok sosial şəbəkəsində yazıb ki, heykəl Naxçıvan MR-in tikinti naziri Asəf Məmmədov başçılığı ilə sökülüb.
Naxçıvandakı rəsmi qaynaqlar hələlik faktı təsdiq etməyib. Hətta dövriyyəyə alimin heykəlinin sökülməməsi haqqında xəbərlər buraxılıb. Müzakirələrdə daha bir sual oğlu işdən çıxarılan alimin heykəlinin sökülüb-sökülməməsinin nə dərəcədə normal olması ilə bağlıdır.
Azərbaycan elmi qarşısında xidmətləri olan və artıq dünyadan köçən alim nazir oğlunun hansısa hərəkətinə görə “cəzalandırıla” bilərmi? “Yeni Müsavat” bu sualla Milli Məclisin üzvü, Naxçıvanın tanınmış ziyalısı, Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyliyə müraciət edib. İsa Həbibbəyli bildirib ki, bu haqda Naxçıvandakı qaynaqlardan informasiya almamız yaxşı olar: “Bunu məndən soruşmayın. Mən Bakıda yaşayıram, Bakıda işləyirəm. Naxçıvanda nələrin baş verdiyindən xəbərsizəm. Son bir neçə gündə çox məşğulam. Film montajında iştirak edirəm, dünən daha bir toplantıya qatılmışam. Ona görə də olaylardan xəbərsizəm”.
Isa Həbibbəyli dünyadan köçmüş alimin oğluna görə cəzalandırılması məsələsinə də münasibət bildirmək istəmədiyini deyib.
Əhməd Mahmudov Azərbaycanın ünlü alimlərindəndir. 1923-cü ildə Naxçıvanın Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olan alim AMEA-ının İqtisadiyyat İnstitutunun direktoru, Akademiyanın həqiqi üzvü olub. Professor Əhməd Mahmudov 1989-cu il may ayının 8-də Bakı şəhərində vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.
1361 dəfə oxundu