"Əfv olacaq, bu dəqiqdir" - Hüquq müdafiəçisi:

"Əfv olacaq, bu dəqiqdir" -


Novella Cəfəroğlu: “Seçkilərdən sonra Əfv Komissiyası ilə görüşümüz olacaq”

Məlahət İbrahimqızı: “Seçkilərdən sonra komissiyanın gündəliyinə uyğun növbəti iclas keçiriləcək”


Ölkəmizdə hər dəfə ictimai-siyasi önəm daşıyan və ya bayram günlərində siyasi məhbusların əfv olunacağı ilə bağlı ictimaiyyətdə gözləntilər olur. Parlament seçkilərinin keçirilməsi və 9 Noyabr Dövlət Bayrağı Gününün yaxınlaşması məhkum ailələrinin ümidini yenidən artırıb. Bəzi ekspertlərə görə, Qərblə münasibətlərin ilıqlaşdırılması və 1 noyabr seçkilərinin legitimliyinin tanınması zərurəti hakimiyyəti seçkidən sonra belə bir addım atmağa sövq edə bilər. İnsan Haqları üzrə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu bu barədə “Yeni Müsavat”a açıqlama verdi: “Əfv olacaq, bu, dəqiqdir. Amma vaxtını bilmirəm. Parlament seçkilərindən sonra işçi qrupumuzla birgə Əfv Məsələləri Komissiyası ilə görüşümüz olacaq. Bu barədə mətbuata məlumat veriləcək”.

Əfv Məsələləri Komissiyasının üzvü Məlahət İbrahimqızı da bildirdi ki, parlament seçkilərindən sonra komissiyanın gündəliyinə uyğun iclas keçiriləcək: “İlk öncə onu bildirim ki, Əfv Məsələləri Komissiyası bayramlardan və ya ictimai-siyasi önəm daşıyan günlərdən asılı olmayaraq daim fəaliyyət göstərir, müntəzəm iclaslar keçirir. Komissiya 20 ildən çoxdur ki, əfv məsələlərini həll edir. Lakin nədənsə insanlarda elə bir düşüncə var ki, əfv yalnız bayramlarda olur. Qanuna əsasən, məhkum cəzasının müəyyən hissəsini çəkməlidir. Eyni zamanda qarşı tərəfin də razılığı olmalıdır. Prezidentimiz də çalışır ki, hər əfv siyahısında yüzdən çox adam yer alsın. Hazırda bizə xeyli müraciət verilib.

Ölkəmiz üçün hazırda ən önəmli məsələ olan parlament seçkilərindən sonra komissiyanın gündəliyinə uyğun növbəti iclas keçiriləcək”. Əlavə edək ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, əfv sərəncamını imzalamaq prezidentin müstəsna hüququdur. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası isə məhkumların siyahılarını hazırlayaraq ölkə başçısına təqdim edir. Onların hazırladıqları siyahı tövsiyə xarakteri daşıyır. Komissiyanın sədri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
331 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...