İnşaat kollecində büdcə talanı - İDDİA

İnşaat kollecində büdcə talanı -
Məlum olduğu kimi bu ayın 9-da “Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsində işləmiş Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İlkin araşdırmalar və rəsmi açıqlamalarla məlum oldu ki, Vidadi Muradov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək “Azərxalça” ASC-nin vəsaitini şəxsi maraqları üçün saxta alqı-satqı əməliyyatları ilə mənimsəyib. Söhbət tender adı ilə dövlətin pulunun yeyilməsindən gedir…

Təəssüf ki, büdcə vəsaitinin tenderlər, kotirovka sorğuları adı ilə talan edilməsi hələ də problem olaraq qalmaqdadır. Ekspertlərin, millət vəkillərinin və müxtəlif iş adamlarının bu mövzudakı tənqidi yanaşmalarına mediada tez-tez rast gəlinir. Büdcə vəsaitinin xərclənməsi ilə bağlı cənab prezidentin iradları və tövsiyələri də unudulası deyil… Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır.

İnşaat Kollecinin istehsalat yönümlü xidmətlərindən…

“Vidadi Muradov “ olayını təsadüfən xatırlamadıq. Bugünlərdə yenixeber.org-a Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəzdində İnşaat Kollecinin keçirdiyi bir sıra kotirovka sorğuları ilə bağlı ilginc məlumatlar daxil oldu. Məlumatda yer alan faktlardan belə görünür ki, bu kollec bir ay ərzində səkkiz kotirovka sorğusu keçirib(?) Bir kollecin qısa zaman kəsiyində bu sayda kotirovka sorğusu keçirməsi ilk baxışdan təəccüblü görünsə də, başa düşmək də olar. Məsələnin anlaşılması çətin olan digər tərəfləri var…

Öncə İnşaat Kollecinin keçirdiyi kotirovka sorğuları haqqında qısaca: Kollec bir gündə-31.12.2020-cil tarixdə-eyni lot üzrə altı müxtəlif şirkətlərlə müqavilə bağlayıb(?) Eyni lot deyərkən söhbət “İstehsalat yönümlü müxtəlif xidmətlər”dən gedir:

1.“Turan NQ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 4850 manat dəyərində, 2.”AvroDizayn” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 4790 manat dəyərində, 3. “Milla” ”AvroDizayn” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 4744 manat dəyərində, 4. “Cordabo-2017” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 1470 manat dəyərində, 5.”Kometa-15” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 4500 manat dəyərində, 6. “Maqnatium” Məhdud Məsuliyyəti Cəmiyyəti ilə 3510 manat dəyərində müqavilə bağlanıb.

Bundan əlavə, İnşaat Kolleci 12.01.2021-ci il tarixdə “Aqrolayn Qrup” Məhdud Məsuliyyəti Cəmiyyəti ilə dəftərxana və təsərrüfat xərcləri ilə bağlı 10900 manat dəyərində, 11.01.2021-ci il tarixdə isə “Xəzər İnşaat Ko” Məhdud Məsuliyyəti Cəmiyyəti ilə cari təmirlə bağlı 14750 manatlıq müqavilə bağlayıb.

İnşaat Kollecinin sadaladığımız şirkətlərlə əməkdaşlıqlarından bir deyil, bir neçə suallar açıq qalır: Təhsil müəssisəsi bir gündə eyni lot, başqa sözlə eyni işlə bağlı niyə bir deyil, iki deyil altı müxtəlif şirkətlərlə müqavilə bağlayır? Toplam 23864 manat vəsaiti altı şirkətlə xərcləmək hansı zərurətdən doğdu? Eyni işi bir, yaxud iki şirkətlə də icra etmək olmazdımı? Əksəriyyəti haqqında internet üzərindən heç bir məlumat olmayan şirkətləri İnşaat Kolleci hansı meyarları ilə dəyərləndirib? Və s.

Bu sualları artırmaq da olar…Biz bəlli qanun və qaydalara uyğun olaraq son iki şirkətlə bağlı bu ayın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəzdində İnşaat Kollecinin direktoru Namiq Ağamalıyevə online sorğu göndərdik. Ki, yanlışlığa yol vermədən, bəlli dəqiqləşdirmələrlə mövzu ilə bağlı geniş yazı hazırlayaq. Təəssüf ki, direktordan aldığımız “cavab”dan mövzunu unutmalı olduq. Hələlik…

Cənab Namiq Ağamalıyevdən sorğumuza “cavab” aldıq…Amma fərqli bir cavab… Əvvəlcə mühasib xanımın suallarımızı cavablandıracağını desələr də, olmadı. Günlərlə gözləsək də suallarımız cavabsız qaldı. Nəhayət cənab direktor nə fikirləşdi, nə yozdusa dolayısı ilə bizə hədə-qorxu gəldi: Hansısa dovlət orqanına müraciət edəcəyini bildirdi(?) Əslində bu sayaq mənasız təhdidlər heç bir media mənsubu üçün yenilik deyil. Təəssüf ki, hələ də bəzi səlahiyyət sahiblərimiz idarəçilikdə feoadal təfəkküründən ayrıla bilmirlər. Hələ də başa düşüb, qəbul etmək istəmirlər ki, media ilə işləmək, jurnalistin suallarını cavablandırmaq onların vəzifə borclarından biridir. Bəli, məhz vəzifə borclarından biri. O ki, qaldı bəlli dövlət orqanlarına müraciət etməyə, gərəkirsə onu media orqanı olaraq biz etməliyik.

Yeri gəlmişkən, bu vacib faktoru Namiq Ağamalıyevə də xatırlatmağa lüzum duyduq. Bir təhsil ocağına rəhbərlik edən, ziyalı sayılan birindən bu sayaq “cavab” təəssüf və təəccüb doğurur. Cənab Ağamalıyevin belə reaksiya verməsinin səbəbini bilməsək də, ümüd edirik ki, qarşıdakı günlərdə yuxarıda toxunduğumuz əməkdaşlıqlarla bağlı redaksiyamıza mümkün məlumatların verilməsini təmin edəcək və biz də mövzu ilə bağlı geniş yazı hazırlaya biləcəyik. //aktualxeber.az//



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
253 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...