Akif Çovdarov laçınlı köçkünə necə zülm edib?
MTN generalı Akif Çovdarovun Masazırda sahib olduğu istixanalar və bu istixanaların beynəlxalq əhəmiyyətli neft kəmərinin üzərində inşa edildiyindən bəhs etmişdik. Bugünlərdə A.Çovdarovla bağlı Moderator.az-ı məlumatlandıran özəl mənbə, MTN generalı ilə bağlı şok faktlar açıqlayıb.
Mənbə adıçəkilən MTN generalının Masazırda məskunlaşan laçınlı köçkünün əlindən 5 hektarlıq örüş sahəsini məcburi şəkildə aldığını, bu ailəni illər uzunu aclığa və məhrumiyyətə məruz qoyduğunu bildirib:
“MTN generalı Akif Çovdarov öz vəzifə səlahiyyətini aşaraq bir çox şəxsə hədə-qorxu gəlmək, təhdid etmək yolu ilə onların torpağına əl qoyub ki, bunlardan biri Laçının Alxaslı kəndindən olan, hazırda Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşan Məmişov Fehruz İsa oğludur.
F.Məmişov məcburi köçkün həyatının ilk illərindən dədə-baba sənəti olan fermer təsərrüfatı ilə məşğul olmağa başlayıb ki, onun dinc həyatı A.Çovdarovun Masazırda peyda olması ilə başa çatıb. Böyük istixana təsərrüfatı üçün gərəkli olan torpaq axtarışına çıxan MTN generalı, F.Məmişova məxsus örüş sahəsinin bunun üçün daha münasib olduğuna qərar verib. Məhz bundan sonra generalın hüzuruna çağırılan F.Məmişova başa salıblar ki, artıq bu torpaqlar A.Çovdarova məxsusdur və onun istixana təsərrüfatına çevriləcək.
Hektarlarla torpaq sahəsinin əldən çıxdığı görən F.Məmişov A.Çovdarova bu torpaqların ona məxsusluğunu, yaratdığı fermer təsərrüfatının yalnız onun deyil, bir sıra ailənin yeganə dolanışıq mənbəyi olduğunu vurğulasa da, A.Çovdarov laçınlı köçkünün bu harayına məhəl qoymur. Əksinə, F.Məmişova bildirilir ki, özünün və ailəsinin təhlükəsizliyini istəyirsə, bir də bu həndəvərdə görünməsin. Beləliklə də, 5 hektarlıq örüş sahəsi bir günün içərisində A.Çovdarovun istixana təsərrüfatına çevrilir və malını itirən F.Məmişov canından da məhrum olmamaq üçün MTN generalının “məsləhətinə” qulaq asmalı olur”.
Mənbənin məlumatına görə, bundan sonra ağır və məşəqqətli günlər keçirən Məmişovlar ailəsi A.Çovdarovun qorxusundan üzləşdikləri haqsızlıq haqqında heç harda bir kəlmə də olsun danışmır. Lakin bu ədalətsizliyi həzm etməkdə çətinlik çəkən ailə üzvləri bir-birinin ardınca ağır psixoloji sarsıntılara düçar olur. F.Məmişovun səhhəti qısa müddətdən sonra ciddi şəkildə pisləşir. Ailə başçısı iş qabiliyyətindən məhrum olur.
F.Məmişovun qardaşı Mehman Məmişov isə infark keçirərək dünyasını dəyişir. Ailə üzvlərinin qorxu və səksəkə dolu həyatı ölüm və xəstəlikləri bu evin daimi “qonağına” çevirir”.
Bilgili qaynağın məlumatına görə, tikildiyi vaxtdan bu günə qədər A.Çovdarovun istixanalarına bacısı oğlu Azər rəhbərlik edir. Adil adlı şəxsin isə A.Çovdarovun tikinti sektorundakı işlərinə nəzarət etdiyi bildirilir.
Anons:
1.A.Çovdarovun torpaqlarını əlindən aldığı digər məcburi köçkün kimdir?
2.MTN generalı balıq sexlərinə kimin çörəyinə bais olmaqla sahiblənib?
3.A.Çovdarovun torpağına göz dikdiyini, iki ay MTN zirzəmisində “qonaq saxladığı” şəxs kimdir?
1595 dəfə oxundu