Hökumətin subsidiya qərarı – Dizel yanacağı yenə bahalaşır?

Hökumətin subsidiya qərarı –

BNA rəsmisi: “Yanvardan dizellə işləyən avtobusların istismara qəbulu dayandırılacaq”

Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsinin müvəqqəti Qaydası”nı təsdiq edib.

Baş Nazir Əli Əsədovun bununla bağlı imzaladığı qərara əsasən, dizel yanacağının qiymət artımının sərnişindaşıma tariflərinə və sərnişindaşıma ilə məşğul olan daşıyıcılara təsirinin minimallaşdırılması, ictimai nəqliyyatda tarif dəyişikliyinin aparılmaması və sərnişindaşımada nağdsız ödənişlərin stimullaşdırılması üçün ölkə daxilində (şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası) sərnişindaşıma xidmətləri göstərən daşıyıcılara subsidiya veriləcək.

Subsidiyanın məbləği təqvim ayı ərzində dizel yanacağına görə (artan yekun nəzərə alınmaqla) nağdsız qaydada ödənilmiş məbləğin 25 faizi həcmində, lakin müntəzəm şəhərdaxili (rayondaxili) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 6,7 faizindən; müntəzəm şəhərlərarası (rayonlararası) sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 8,3 faizindən; müntəzəm şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidmətindən daxil olan vəsaitin 7,5 faizindən çox olmamaqla hesablanır:

Subsidiya “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 4 yanvar tarixli Qərarı qüvvəyə mindiyi tarixdən “İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2018-ci il 30 iyul tarixli 7 nömrəli Qərarı ilə təsdiq edilmiş tariflərin qüvvədə olduğu müddəti əhatə edən dövr üzrə verilir.

Xatırladaq ki, Tarif Şurası bu ilin yanvarında dizel yanacağının qiymətini 33 faiz artırarkən bu addımın sərnişindaşımada gediş haqqına təsirini önləmək üçün bu sahədə çalışan şirkətlərə dövlət tərəfindən subsidiya veriləcəyini bəyan etmişdi. Bu, Şuranın qərarında da əksini tapıb. Ondan ötən müddət ərzində daşıma şirkətləri dəfələrlə subsidiya ödənilməsi üçün hökumətə, o cümlədən İqtisadiyyat Nazirliyinə müraciət etmişdilər. Şirkətlər öz mövqelərini həmçinin mətbuat vasitəsilə də ictimailəşdiriblər. Daşıyıcı şirkətlər pandemiya dövründəki hərəkət məhdudiyyəti səbəbindən sərnişin sayında ciddi azalma olduğuna görə böyük zərər çəkdiklərini bildirirlər. Şirkətlərdən bəziləri yanacaqla bağlı külli miqdarda borclarının yarandığını, fəaliyyətlərinin risk altında olduğunu, böyük məbləğdə borca görə məhkəməyə verildiklərini bildiriblər.

BNA Bakıda sərnişin axınının düzgün idarə olunması üçün nəqliyyat planı hazırlayıb » Kaspi.azAzərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Bakıda sərnişindaşımanın 70 faizindən çox hissəsini təmin edən bu şirkətlər belə vəziyyət bir müddət də davam edərsə, avtobusları xəttə çıxarmaqla bağlı ciddi problemlərlə qarşılaşacaqlarını açıqlayıblar: “Tarif (Qiymət) Şurasının qiymət artımı ilə bağlı açıqlamasında dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün kompensasiyanın (subsidiyanın) ödənilməsi və verilməsi mexanizminin cari ilin yanvar ayının sonunadək açıqlanacağı bildirilib. Buna müvafiq olaraq, dizel yanacağına görə subsidiyanın verilməsi üçün tələb olunan müvafiq hesabatlar İqtisadiyyat Nazirliyinə təqdim olunub. Lakin müvafiq hesabatların təqdim edilməsinə baxmayaraq, bu günədək hər hansı bir daşıyıcıya subsidiya ödənişi həyata keçirilməyib”.

Daşıyıcı şirkətlərin verdiyi məlumata görə, Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən 2200-dən artıq avtobusun 70 faizə qədəri dizel yanacağı ilə çalışır.

Nazirlər Kabinetinin son qərarı daşıyıcı şirkətlərin səsinin, nəhayət ki, eşidildiyini göstərir. Qərara əsasən İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara subsidiya verilməsi üçün növbəti illər üzrə tələb olunacaq vəsait barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir, subsidiya ödənilməsini Maliyyə Nazirliyi ilə birlikdə təmin etməli, bu barədə illik icmal hesabatını növbəti il fevralın 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməli, bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Naxçıvan MR-in Nazirlər Kabineti və Bakı Nəqliyyat Agentliyi ilə birlikdə müntəzəm şəhərdaxili (rayondaxili), o cümlədən şəhərətrafı və qəsəbələrarası sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə (ödəniş alətlərinə) keçidin sürətləndirilməsi ilə bağlı təkliflərini 15 fevral 2022-ci il tarixinə qədər Nazirlər Kabinetinə təqdim etməlidir. Naxçıvan MR-in Nazirlər Kabineti isə bu qərarla müəyyən edilmiş müddəalar əsasında muxtar respublikada avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarını yerinə yetirən daşıyıcılara istifadə olunan dizel yanacağına görə subsidiya verilməsi üçün tədbirlər görməlidir.

Hazırda dünyada dizelin 1 litrinin orta qiyməti 1,88 manatdır. İranda bu qiymət 0,017 manat, Türkmənistanda 0,66 manat, Qazaxıstanda 0,95 manat, Rusiyada 1,40 manatdır. Qazaxıstan və Rusiyada noyabrın əvvəlindən dizelin qiymətində kəskin bahalaşma başlayıb. Rusiyada qış dizeli deyilən yanacaq növü Azərbaycan manatı ilə ifadə etsək, 90 qəpikdən 1,4 manata qədər bahalaşaraq Aİ-95 markalı benzindən daha yüksək qiymətə satılmağa başlayıb. Bahalaşmanın əsas səbəbi hökumətin qarışıq dizel yanacağına tətbiq etdiyi vergi göstərilir. Belə ki, özəl şirkətlər dizelin bir hissəsinə(19 faizə yaxınına) bəzi qatqılar əlavə edərək satırlar. İndiyədək qatqıların əlavə olunduğu yanacaq əlavə vergilərdən azad idi. Lakin bu ildən etibarən hökumət bu yanacağı da vergiyə cəlb edib. Hazırda özəl şirkətlər benzin və dizelin topdansatışına da dempferin tətbiq olunmasını təklif edirlər, onların fikrincə, əks halda, dekabrın sonuna qədər dizel daha 38 faiz bahalaşacaq.

Qazaxıstanda da dizel və benzinin qiymət artımı davam edir. Bu ölkədə artımın əsas səbəbi rolunda yerli istehsalın daxili tələbatı ödəməməsi göstərilir.

Azərbaycan isə nəinki xaricdən dizel idxal etmir, əksinə, özü bu məhsulun ixracatçısıdır. Rəsmi statistikaya əsasən Azərbaycanda dizel (qazoyllarla birlikdə) istehsalı 2019-cu ildə 2 milyon 243,1 min ton, 2020-ci ildə isə 2 milyon 181,2 min ton təşkil edib. Bu ilin yanvar-oktyabrında isə ölkədə 2 milyon 62,7 min ton dizel yanacağı istehsal olunub. Bu, əvvəlki ilin eyni dövründəkindən 21,8 faiz çox deməkdir. İstehsalda ciddi artım olsa da, noyabrın 1-nə ölkədə cəmi 56,5 min ton dizel ehtiyatı olub.

2019-cu ildə Azərbaycandan xaricə 761 min ton, 2020-ci ildə isə 847,7 min ton dizel ixrac olunub. Ölkədə illik dizel(qazoylla birlikdə) istehlakı 2019-cu ildə 1 milyon 428,4 min ton, 2020-ci ildə 1 milyon 260,4 min ton təşkil edib. 2019-cu ildə bunun 1 milyon 20,1 min tonu, 2020-ci ildə isə 878,3 min tonu nəqliyyatda, müvafiq olaraq 304,1 min tonu və 284,9 min tonu kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda sərf olunub.

Avtomobil yanacağının bahalaşmasını zəruri edən səbəblər - TƏHLİL » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Nəqliyyat sektorunda dizel istehlakının 2019-cu ildə 981 min tonu, 2020-ci ildə isə 837,1 min tonu avtobusların da daxil olduğu avtomobil nəqliyyatının payına düşüb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1497 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...