Etirazçılar Belqradın mərkəzində nəqliyyatın hərəkətini bağladı – Nə baş verir?

  Etirazçılar Belqradın mərkəzində nəqliyyatın hərəkətini bağladı –
“Serbiya zorakılığa qarşı” müxalifət koalisiyasını dəstəkləyən “Mübarizə” tələbə təşkilatının bir neçə yüz tərəfdarı Belqradın mərkəzində Respublika Seçki Komissiyasının yaxınlığındakı Kral Milan küçəsində nəqliyyatın hərəkətini bağlayıb.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, etirazçılar binanın əsas girişinin yaxınlığında dayanıblar. Onlar fitlərdən istifadə edir, meqafonlarla hökumət əleyhinə şüarlar səsləndirirlər.
Bildirilir ki, “Mübarizə” dekabrın 17-də keçirilən parlament seçkiləri zamanı qanun pozuntularına görə seçki siyahılarının yenidən yoxlanılmasını tələb edir.
Qeyd edək ki, ötən gün Serbiya müxalifəti seçkilərin nəticələrinin ləğv edilməsini tələb edərək Belqradda parlament binasına hücum edib. Şəhər parlamentinin girişinə toplaşanlar “Vuçiç oğrudur!” şüarları səsləndiriblər. Etirazçılar bir neçə dəfə məclis binasına daxil olmağa cəhd edib, binanın pəncərə və qapılarını zədələyiblər. Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və bibər qazından istifadə edərək etirazçıların içəri girməsinə mane olub.
Etirazlar zamanı Aleksandar Vuçiç dövlət televiziyasında təcili müraciət edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, kollektiv Qərb Maydan çevrilişi üsullarından istifadə edərək Serbiyadakı vəziyyəti qarışdırmağa çalışır. Gecə ərzində 38 nəfər saxlanılıb, 30-dan çox polis əməkdaşı yaralanıb. Serbiyanın Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasından sonra Aleksandr Vuçiç həmin axşam ikinci dəfə ölkə sakinlərinə müraciət edib. Prezident bildirib ki, polis həbsləri davam etdirəcək və iğtişaşlarda iştirak edən hər kəsi tapacaq:
“Siyasi şıltaqlıqlara görə Serbiya dövlətini məhv edə bilməzsiniz. Necə ki, siz demokratiyanı və vətəndaşların seçki iradəsini məhv edə bilməzsiniz”.
Xatırladaq ki, Respublika Seçki Komissiyasının məlumatına görə, növbədənkənar parlament seçkilərində hakim “Serb Tərəqqi” Partiyası 46,72 faiz səs toplayıb. İkinci yeri 23,56 faiz səslə mərkəz-sol müxalifət alyansı “Serbiya Zorakılığa Qarşı”, üçüncü yeri Serbiya Sosialist Partiyası tutub. Beynəlxalq müşahidəçilər bildiriblər ki, hakim partiya medianın qərəzliliyi, Vuçiçin təsiri və səsvermədə pozuntular səbəbindən ədalətsiz üstünlük əldə edib. Vuçiç seçkilərin ədalətli keçdiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
290 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...