Toylarda yalnız prezidentin mahnıları səsləndiriləcək

Toylarda yalnız prezidentin mahnıları səsləndiriləcək
Türkmənistanın etnik müxtəlifliyi ilə seçilən Balkan vilayətinin hökuməti toylarda xarici mahnıların çalınmasını yasaqlayıb və məclislərdə türkmən musiqisinə üstün yer ayırmaq əmri verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azadlıq radiosu” məlumat yayıb.
Nəşr yazır ki, yerli sakinlərin və regional hökumətə yaxın qaynaqların söylədiyinə görə, toy sahiblərinə keçmiş prezident Qurbanqulu Berdiməhəmmədovun mahnılarını səsləndirmək əmr edilib.
Sakinlərin bildirdiyinə görə, yeni gəlin və bəylərə nikahlarını qeydiyyatdan keçirdikləri zaman şifahi təlimatlar verilir.
“Qeydiyyat idarəsinin əməkdaşları gələcək cütlükləri toy məclislərində yalnız türkmən musiqisinin çalınmalı və toyun türkmən tərzində keçirilməli olduğu barədə xəbərdarlıq edirlər”, - Balkan vilayətindəki mənbələrdən biri deyib.
Toy məkanları, restoran və banket zallarının sahib və işçiləri də son həftələrdə yeni qaydalar barədə məlumatlanıdılıb.
“Restoran sahibləri çalınan mahnıların, azı, 80 faizinin türkmən musiqisi olmasına göz qoyurlar”, - adının çəkilməsini istəməyən bir restoran işçisi belə deyib.
Bir restoran işçisi bu yaxınlarda keçirilən və əsasən, türkmən musiqisi ilə müşayiət olunan toyda Berdiməhəmmədovun iki mahnısının çalındığını bildirib: “Berdiməhəmmədovun mahnılarının hərəsi 7 dəqiqəlik idi, DJ də onları iki dəfə oxutdu”.
Qeyd edək ki, Türkmənistanı 15 il idarə etmiş Berdiməhəmmədov 2022-ci ilin martında sərt nəzarət altında keçən seçkilərdə hakimiyyəti oğlu Sərdara ötürüb. Hazırda o, Xalq Şurasının sədridir. O, daha öncə mahnıları və özünü musiqi alətlərində ifa edirmiş kimi göstərdiyi səhnələşdirilmiş konsert və qəribə videoları ilə gündəmə gəlmişdi.
“Toydan çox hökumət tədbirinə oxşayırdı”
Balkan vilayətinin çoxmillətli mərkəzi Balkanabatın və yaxınlıqdakı Türkmənbaşı şəhərinin sakinləri onların öz ana dillərində mahnı səsləndirməsinə imkan verməyən bu yenilikdən narazı və qəzəblidirlər. Bu iki şəhərdə çox sayda etnik azlıq nümayəndəsi, o cümlədən ruslar, azərbaycanlılar və ermənilər yaşayırlar.
“Toyda yalnız türkmən musiqisi və “kuşdepti” (türkmən milli rəqsi) çalındı və biz də o havalara oynamalı olduq”, - gəlin, bəy və qonaqların çoxunun etnik türkmən olmadığı toy haqda təəssüratını bölüşən bir Türkmənbaşı sakininin sözləridir.
“Toydakı nitqlər ölkə prezidentinin mədhi ilə dolu idi. Toy məkanının divarlarında isə Berdiməhəmmədovun üç portreti asılmışdı”, - toyun başqa bir qonağının söylədikləridir.
“Toydan çox hökumət tədbirinə oxşayırdı. Hər kəs hökumətin şəxsi həyatımıza bu dərəcədə çox müdaxiləsindən son dərəcə narazı idi”, - yenə həmin qonağın sözləridir.
Bölgə hökumətindən iddialarla bağlı cavab almaq mümkün olmayıb.
Qeyd edək ki, daha öncə Daşoğuz və Lebap vilayətlərində də etnik özbəklərə öz toy mərasimlərində türkmən mahnıları çalmaq və ənənəvi türkmən geyimləri geymək tapşırıldığına dair xəbər yayılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
351 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...